“Ömür boyu taleyimdən şikayətlənmişəm, o mahnıya qulaq asanda hönkür-hönkür ağladım”

“Müğənni, şair, bəstəkar vəhdətindən ortaya çox gözəl əsərlər çıxır. Şair və bəstəkar mahnını yaradır, ona müğənni həyat verir. Musiqidə, mahnıda bir həyat canlanır. Vəhdət olmayanda alınmır. Bəzi mahnılar var ki, mənim ifam üçün deyildi, amma deyirlər ki, onlar da mənim ifamda sevildi. Halbuki mən o mahnılarda özümü görmürdüm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib. O, daha sonra əlavə edib.

“Mən hər zaman iç dünyam üçün bir mahnı istəyirdim. Bilmirəm onu kim yazacaqdı, onu harda tapacaqdım. Təbii ki, mən bəzi şairlərə müraciət edirdim, amma o deyildi. “Yalan dünya” yaranandan sonra hamı dedi ki, bu mənim üçün yazılıb. Mən də ömür boyu taleyimdən şikayətlənmişəm. O mahnıya qulaq asanda hönkür-hönkür ağladım. Halbuki oxuyanda xoşuma gəlmirdi, deyirdim ki, yenidən oxuyacam. “Yalan dünya” mahnısını oxuyandan sonra fikirləşdim ki, şəxsimə aid mahnılar oxusam o daha maraqlı olar” deyə sənətkar bildirib.

 

Nisə Qasımova bu sənətdə çəkdiyi əziyyətlərdən, çətinliklərdən də danışıb.

“Köhnə kadrlara baxıram, bütün o illər yada düşür. Hərəsinin bir tarixi var. Mən o konsertlərə necə gəlmişəm, o konsertdən öncə tele komitənin sədrinə necə zənglər olurdu, necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm. Çox şeylər yaşandı. Olanlarla mətinləşdim, dəmir kimi oldum. Mən əvvəlki Nisə olmadım. Düşündüm ki, əvvəlki Nisə olmaq olmaz. O vaxtlar çəkdiyim əziyyətlərin içərisində nə əməkdar artist, nə xalq artisti iddiasında olmamışam. Allahım buna şahiddir ki, aldığım bu fəxri adlardan xəbərim də yox idi” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button