“İllər sonra bu obrazın yenə taleyimə yazılması məni çox sevindirdi, bu film ilə sevildim…”

“Hal-hazırda teatrda daha aktiv fəaliyyət göstərirəm. Mövsümün əvvəlində Mədəniyyət Nazirliyinin və Teatro.az portalının  təşkil etdiyi “4.4 qısa tamaşalar festivalı”-nda teatrımızın gənc rejissoru Zaur Əliyevin quruluş verdiyi “44” tamaşasında iştirak etdim. Tamaşanın ideyası Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevə, plastik həlli (xoreoqrqfiyası) Əməkdar artistlər Leyla və Zakir Ağayevlərə məxsus idi. Tərəf müqabilim Məhəmməd Abdullayevdir və iştirakçılar Zaur Əliyev və Kamran Həsənovdur. Qeyd edim ki, həmin tamaşa komissiya üzvləri tərəfindən 2-ci yerə layiq görülüb. Bundan əlavə gələn sezon tamaşaçılarımızın qarşısına ingilis dilində hazırladığımız bir tamaşa ilə çıxacağıq. Məşqlərimiz artıq başlayıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanan tamaşada bir neçə teatrdan dəvət olunmuş istedadlı aktyorlar var. Bu layihədə var olduğum üçün özümü çox şanslı hesab edirəm. Həm bir aktrisa kimi təkminləşməyimdə, həm də ingilis dilini öyrənib mənimsəməkdə bu tamaşanın çox böyük rol oynayacağını düşünürəm”

 

Bunu Moderator.az-a açıqlamasında aktrisa-xoreoqraf İranə Kərimova deyib. O, daha sonra əlavə edib.

 

“Gələn mövsümdə premyeralarımız çox olacaq. Bunlardan biri də “Leyli və Məcnun” muğam-tamaşası olacaq. Tamaşanın ideya müəllifi əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu baletmeysteri isə Emin Əliyevdir. Həmin tamaşada Leyli obrazının balet prototipi mənə həvalə olunub. Buna görə də ayrıca çox xoşbəxtəm, çünki Leylinin mənim qəlbimdə ayrıca doğma bir yeri var. 2016-cı ildə Xəzər universitenin səhnəsində Səbinə İsmayılovanın quruluşunda “Leyli Məcnun və Məhəbbət” tamaşasında Leyli obrazını oynadım. Bu mənim oynadığım ilk baş rolum idi və çox həyacanlı idim. Mənə çox uğur gətirmişdi. İllər sonra bu obrazın yenə taleyimə yazılması məni çox sevindirdi. Və bu obrazı çalışdığım öz doğma teatrımın səhnəsində oynamağın verdiyi məsuliyyət və həyacan hissi bambaşqadır” deyə İranə Kərimova bildirib.

İranə Kərimova daha sonra onu tamaşaçılara tanıdan “Soyuq Günəş” filmindən, oynadığı Yarqunat obrazından danışıb.

“Soyuq Günəş filmi yaradıcılıq həyatımda çox vacib rol oynadı. Ssenarini ilk oxuduğum andan etibarən bu hekayəyə aşiq oldum. Filmin yaradıcı heyyətinə, peşəkarlığına, ssenarinin gücünə çox inanırdım. Ama tam səmimi etiraf edim ki, bu qədər böyük reytinq toplayacağını təsəvvür etmirdim. Mənim üçün sözün yaxşı mənasında sürpriz oldu. Bunun ən böyük səbəbi, zənnimcə, komandamızın olduqca peşəkar insanlardan ibarət olması idi. Ən əsası isə, hamımız bu işə böyük sevgi ilə yanaşırdıq. Özümə gözəl bir ailə qazandım, deyə bilərəm. İnsanlar tərəfindən sevilmək, tanınmaq və xoş sözlərlə qarşılanmaq əvəzi olmayan bir duyğudur. Ümumiyyətlə, düşünürəm ki, sevgi və zəhmət ilə görülən hər işin nəticəsi gözəl olur. Bu mənim baş rolda çəkildiyim ilk bədii film idi. Filmdən sonra seriallara və başqa bədii və sənədli filmlərə dəvət almışam. Aralarında dəyərləndirdiyim və çəkildiyim proyektlər də oldu. Bundan sonrakı yaradıcılıq yolumda, tam fərqli obrazları canlandırmaq istəyərəm. Tarixi bədii filmlərdə rol almaq, tarixi obrazları canlamdırmaq böyük arzumdur. Azərbaycan film sektorunda belə filmlərə ehtiyac duyulduğunu və tamaşaçılar tərəfindən də böyük həvəs ilə qarşılanacağını düşünürəm. Bu film ilə çox tanındım, sevildim. Amma bununla kifayətlənmək olmaz təbii ki. Bu mənim ilk böyük uğurum idi. Bu uğuru əldə etdim və daha da yaxşı olmaq üçün var gücümlə çalışıram. Ümüd edirəm ki, yaxın gələcəkdə başqa layihələrlə də insanları sevindirə biləcəm” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button