“Beyin köçünü, beyin gücünə çevirməliyik”

 “Ölkədə elmin inkişafı və  elmi nailiyyətlərin yüksəldilməsi üçün cəmiyyətdə elm mədəniyyəti mühitinin yaradılmasına nail olmalıyıq”

 

Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılmasından sonra cəmiyyətin müxtəlif sahələrində çalışan insanlar arasında elm sahəsində yeniliklərlə bağlı müxtəlif fikirlər və təkliflər səsləndirilir.  Bu proseslə bağlı xaricdə elmi karyreasını davam etdirən həmvətənlərimizin də fikirləri əhəmiyyətlidir. Bu mənada elm mühitinin formalaşması ilə bağlı İstanbulda yerləşən Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı öz fikirlərini Moderator.az-la bölüşüb:

 

“Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, ölkədə elmin inkişafı və nailiyyətlərin yüksəldiləməsi üçün cəmiyyətdə elm mədəniyyəti mühitinin yaradılmasına nail olmalıyıq. Elm mədəniyyəti; insanların elmin vacibliyinə inanması, elmə maraq göstərməsi, elmə dəstək verməsi, elmdən kənarda hidayət axtarmaması mənalarını ehtiva edir. Yəni cəmiyyət olaraq elmin ölkənin sosial-iqtisadi inkişafında  əhəmiyyətinin fərqinə varmalıyıq. Bu mənada həm dövlət qurumları, həm özəl sektör innovativ layihələr əsasında hazırlanmış elmi bilgiyə ehtiyac duymalı, intellektual sərməyənin formalaşdırılmasına öz töhfəsini verməlidir. 

 

Bu mühitin yaranması isə kompleks bir prosesdir. Bu prosesdə elm sahəsində fəaliyyət göstərən insanların maddi təminatının yaxşılaşdırılması, tədqiqat layihələrinin dəstəklənməsi və yaxud universitet-sənaye əməkdaşlığının qurulması kimi tədbirlər çox vacib və zəruri olsa da, tək başına kifayət deyil. Bunun üçün daha kompleks tədbirlərə və islahatlara ehtiyac var. Bu prosesdə təhsil birinci yerdə dayanır. Ölkənin təhsil sistemi yaradacı təxəyyülə və təfəkkürə sahib, sərbəst mühakimə və tədqiqatçılıq qabiliyyəti inkişaf etmiş şəxsiyyətlər yetişdirlməlidir. Bugün həm təhsil sistemimiz, həm cəmiyyətdə hakim olan orta məktəblər ali məktəbə keçid mərhələsidir fikirindən azad olmalıdır.  Təbiidir ki,  bunun üçün bu şagirdləri yetişdirən müəllimlərin özlərinin bu keyfiyyətlərə sahib olması vacib şərtdir.

 

Məktəblərin tədris prosesinə elmi tədqiqat elementlərini daxil etməsi zəruridir. Şagirdlər üçün keçdikləri fənnlərdə nəzəri təhlilin aparılması metodundan istifadə edərək, fərziyyələr irəli sürməsi  və onu yoxlamaları üçün eksprementdən istifadə etməyə imkan yaradılmalıdır. Bu mənada məktəblərdə regional və ümümrespublika səviyyəsində fənn olimpiadaları ilə birgə fikir, innovasiya və ixtira müsabiqələrinin  təşkil olunması əhəmiyyətlidir.

 

Türkiyədə son illər bununla bağlı çox yaxşı bir ənənə formalaşıb. Bu mənada qısa  adı TUBİTAK olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası , həm də özəl və dövlət universitetlər hər il orta məktəb şagirdləri arasında həm fundamental, həm humanitar elm sahələri üzrə yüksək maddi həvəsləndirmə mükafatı olan  fikir və innovasiya müsabiqələri təşkil olunur. Mən özüm həm TUBİTAK-ın fikir və layihə  festivalında,  həm də çalışdığım Üsküdar Universitetinin”İçat Çıxarma Vaxtı” adı altında keçirdiyi fikir festivalının münsiflər heyətinin üzvüyəm. Bir neçə mərhələdən keçərək final müsabiqəsinə vəsiqə qazanan şagirdlərin motivasiyası, gözlərindəki işıltı  onların gələcəkdə elm sahəsində öz töhfələrini verəcəyinin xəbərçisidir. Xatırlatmaq istəyirəm ki, bu müsabiqələrdə şagirlərlə birlikdə onları bu müsabiqəyə hazırlayan müəllimlər də mükafatlandığı üçün onlar da bu tədbirlərdəki motivasiyası yüksəkdir. 

 

Bu ilin may ayında Türkiyənin məşhur “Teknofest” müsabiqəsinin ölkəmizdə  keçirilməsi Azərbaycan gəncliyi üçün texnologiyanı öyrənməsi, inkişaf etdirilməsi üçün çox böyük bir addımdı. Azərbaycanlı gənclərin bu müsabiqədə necə həvəslə iştirak etdiklərini, həmçinin yükskək texnologiyalar əsaslanan layihələr təqdim etdiklərini əyani şəkildə  müşahidə etdik və gəmclərimizin uğurları qürur duyduq. 

 

İkinci olaraq xüsusi qeyd etmək istədiyim vacib məqam bu prosesə xaricdə yaşayan və uğurlu elmi karyera qazanmış elm insanlarımızın qarşılıqlı fayda əsnasında cəlb olunmasıdır. Son vaxtlar xaricdə yaşayan elmi diasporamızla müxtəlif sahələrdə əlaqələrin genişləndiyini müşahidə edirik. Lakin bu onların imkanlarından, ələlxüsusus elmi potensialından tam istifadə etməyimiz mənasına gəlmir. Bunun üçün xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün onların potensialından istifadə ediləcək daha professioanl idarəetmə mexanizminə sahib olan  geniş platformalar təsis olunmalıdır. Beləliklə də  ölkəmizdə elmin yenidən qurulması prosesinə onları daha çox cəlb etmək və onların təcrübəsindən istifadə etmək vacibdir. Bu cür platformalar, bu elm insanlarının ölkəmizin elm və texnologiya potensialına töhfələrinin daha da artırılmasına geniş şərait yaradacaq. Bu yolla bir növ beyin köçünü, beyin gücünə çeviməliyik”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button