“Daha sonra peşman olub deyirdi ki, “heyf ki, səni filmdə oxumağa qoymadım”

Bu gün ölkəmizdə 2 avqust Milli Kino Günü qeyd olunur. Təbii ki, kinosevərlər, kino işçiləri bu günü səbirsizliklə gözləyirlər. Xalq artisti Flora Kərimovanın da Azərbaycan Kinosunda əvəzsiz xidmətləri var. O filmlərə çəkilməklə yanaşı həm bir çox ekran işində mahnı oxuyaraq, film səsləndirib, cizgi filmləri dublyaj edib.

 

Moderator.az-a açıqlama verən sənətkar heç vaxt çəkildiyi ekran işlərindən razı qalmadığını bildirib.

“İndi o çəkildiyim filmləri izləyəndə hər şeyə çox normal baxıram. Çünki heç vaxt özümü bəyənmək baxımından filmə baxmıram. Hər zaman çatışmayan cəhətlərimi insanlarla bölüşmüşəm, danışıb gülmüşəm. Hər zaman düşünmüşəm ki, daha da yaxşı alınar. Heç vaxt adımla, səsimlə öyünməmişəm. Öyünmək, özünü reklam etmək mənlik deyil” deyə sənətkar bildirib.

 

Çəkildiyi “Qanun naminə” filmindən danışan Flora Kərimova o illəri belə xatırlayır.

““Qanun naminə” filmi 1968-ci ildə Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında lentə alınıb. Ekran əsərindəki hadisələr 1930-cu ildə Azərbaycandakı bir kənddə cərəyan edir. Mehman vəzifəsinin qanuniliyi naminə öz həyatını qurban verir. O vaxt rejissor Sultan Dadaşov məni “Leyli və Məcnun” operasında Leyli roluna dəvət etmişdi. Həm xarici görünüşüm, həm də yaşım Leyli obrazına uyğun idi. Amma mən muğamı yaxşı bilmirdim, təzə öyrənirdim. Arif Babayev oxuyanda, mən şam səhnəsində şeir dedim. Elə Sultan müəllimi də mənim şeir deməyim təəccübləndirmişdi, ona görə də məni “Qanun naminə” filminə Balış obrazına dəvət etdi. Həyat yoldaşım o vaxt Yaponiyada idi, onlara bildirdim ki, yoldaşıma deyəndən sonra yalnız bu rolu qəbul edə bilərəm. O da etiraz etmədi. Balış kiçik rol olduğu üçün mənə Züleyxa obrazının sözlərini verdilər, mən də Mehman obrazının ifaçısı Bimbolat Vatayevlə artıq sınaq çəkilişlərində oldum. Həsən Seyidbəyli ilə kinostudiyanın həyətində qarşılaşanda mənə dedi ki, “Qızım, səni Züleyxa obrazına təsdiq olunmağın münasibəti ilə ürəkdən təbrik edirəm”. O məni çox yaxşı tanıyırdı, çünki uşağlıq illərindən gözünün qarşısında böyümüşdüm” deyə sənətkar bildirib.

 

Flora Kərimova bildirib ki, həyat yoldaşı xaricdə olduğu üçün çəkiliş heyətinə şərt qoyub.

 

“Onlara dedim ki, mənimlə bağlı bütün səhnələr Bakıda çəkiləcək, rayonlara getməyəcəm. Beləcə razılığa gəldik. Mənim iştirak ediyim səhnələr Xırdalanda və kinostudiyanın povilyonunda çəkilib. Mehmangilin evi də Xırdalanda çəkildi. Mən o vaxt kimlərlə çəkildiyimin fərqində deyildim. Açıq etiraf edim ki, Qaloş obrazının ifaçısı Rza Təhmasib o qədər zəhmli, ciddi oynayırdı ki, baxışları məni qorxudurdu. Muxtar Dadaşov sonradan çox peşman olmuşdu ki, mənə filmdə oxumaq üçün mahnı verməyib. Elə hey deyirdi ki, “heyf ki, səni filmdə oxumağa qoymadım”. Mən o vaxt filmə çəkilən birinci müğənni idim. Məndən sonra Ruhəngiz Musəvi də uğurla çəkilmişdi” deyə sənətkar bildirib.

 

Flora Kərimova dublyaj etdiyi cizgi filmlərindən də danışıb.

 

“99 faiz cizgi filmlərini dublyaj etmişəm. Həm də bir çox filmlərdə səsimdən istifadə olunub, mahnı oxumuşam. Ən çox səsləndirdiyim “Tıq-tıq xanım” cizgi filmini bəyənirdim” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button