Nazirimiz İrəvanın Teatr meydanındakı mitinqə qatıldı və Sarkisyana zəng etdi…

“Əslən Dağlıq Qarabağdan olan, Dadamyan soyadlı nazir məni görən kimi özünü itirib qışqırmağa başladı…”

 

“Mehmanxanada bizi Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladı və bildirdilər ki…”

 

34 il öncə bu günlərdə “Ermənistan” adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın tədricən sıxışdırılıb köçürülməsi prosesi artıq başlanmışdı. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən bu prosesin qarşısının alınması üçün müəyyən cəhdlər göstərilirdi. Ermənistan SSR rəhbərliyi də ilk baxışdan həmin istiqamətdə işlər görür, Azərbaycan rəhbərləri ilə əlaqə saxlayır, oraya ezam olunmuş azərbaycanlı məmurların əhali ilə görüşlərini təşkil etməyə çalışırdı.  Bəs  o dövrkü Ermənistan rəhbərləri doğrudanmı Azərbaycan türklərinin o torpaqları tərk etməsinin qarşısını almaq istəyirdi?..

O illərdə  Azərbaycan SSR-in ədliyyə naziri işləmiş Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabında  müəllifin özünün bəhs edilən  1988-ci ilin yay-payız aylarında Ermənistana heyət rəhbəri kimi ezam olunduğu günlərdə şahid olduğu faktlardan bəhs edilir. Həmin kitabdan Moderator.az oxucuları üçün təqdim edəcəyimiz bir neçə maraqlı epizodda təsvir edilmiş hadisələr və onlara müəllif tərəfindən bu gün verilən şərhlərdə Ermənistan və həmçinin Qarabağdakı ermənilərlə hazırkı münasibətlər üçün də aktual olan bir sıra suallara cavab tapmaq mümkündür.

 

 

“1988-ci il avqust ayının əvvəllərində Ermənistandan Azərbaycana gələn qaçqınların qarşısını almaq məqsədilə Azərbaycan SSR Rabitə nazirinin birinci müavini Ömər Hüseynov, Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin(KPMK) məsul işçisi Robert Vəlibəyov və mən Ermənistana ezam olunduq”.

 

Müəllif Moderator.az əməkdaşıyla  söhbətində əlavə olaraq qeyd edir ki, Azərbaycan KP MK-nın 1-ci katibi olan Əbdürrəhman Vəzirov göndərilmiş heyətin qarşısına azərbaycanlılarla görüşməklə yanaşı, Azərbaycana qarşı nələr danışıldığını öyrənmək üçün o günlər  İrəvanın Teatr meydanında gedən mitinqlərdə də gizli şəkildə iştirak etməyi tapşırıbmış…

 

Beləliklə, epizodun davamında Əlisaab Orucov yazır:

 

“…İrəvanın Teatr meydanında mitinqlər gedirdi. R.Vəlibəyova mitinqdə iştirak etməyimizi məsləhət gördüm. O, cavabında: “Mitinqə getməyimizin sənə ziyanı dəyə bilər”- dedi. Səbəbini də belə izah etdi ki, o, ermənicə sərbəst danışa bilir. Odur ki, ermənilər ondan bir söz soruşsalar, cavab verə biləcək. Mən isə erməni dilini bilmədiyimə görə cavab verə bilməyəcəyəm. Dedim ki, oldu, orada ehtiyatla davranarıq ki, heç kim bizdən şübhələnməsin…

 

Nəhayət, biz Teatr meydanına getdik və mitinqdəki çıxışları dinlədik.  Çıxışlar əsasən Dağlıq Qarabağın iqtisadi vəziyyəti ilə əlaqəli idi. Bir müddət sonra R.Vəlibəyov pıçıltı ilə: “Deyəsən, ermənilər kənar adam olmağımızı başa düşdülər”- dedi. Bundan sonra o, təxminən 5-6 metr aralıda dayanıb bizə baxa-baxa, öz aralarında söhbət edən iki nəfərə diqqətimi cəlb etdi. Onlar bir az sonra bizə tərəf gəlməyə başladılar… Təəccüb etdim ki, mitinqdə olan minlərlə insan arasında onlar bizim yad olduğumuzu necə bildilər.  Az sonra mitinqdə olan ermənilərin qalstuksuz olduğuna, yalnız bizim ikimizin qalstuk taxdığımıza diqqət etdim.  Üzərimizə gələn ermənilər bizə çatmamış mitinqi tərk edib birbaşa qaldığımız mehmanxanaya qayıtdıq…

 

İrəvanda olduğumuz günlərdə Ermənistan Nazirlər Soveti sədrinin müavini, əslən Dağlıq Qarabağdan olan Movsesyanla(sonradan o, Ermənistan KP MK-nın 1-ci katibi oldu) azərbaycanlılar yaşayan rayon və kəndlərə gedib onların vəziyyəti ilə tanış olmağı davam etdirməli idik. Səhər saat 9 radələrində Movsesyanın mehmanxanaya göndərdiyi sürücüsü şəhərdə mitinqlər keçirildiyinə görə kəndlərə gedə bilməyəcəyimizi bildirdi. Düzü, sürücünün sözünə inanmadım… Amma mehmanxanadan bir xeyli uzaqlaşandan sonra İrəvanın mərkəzi küçələrində mitinqlərin keçirilməsinin şahidi olduq. Yolun piyadalar hərəkət edən hissəsi ilə xeyli gedib mitinqçiləri müşayiət etdik. Onu da deyim ki, bu dəfə heç birimiz qalstuk taxmamışdıq və hətta seçilməmək üçün əynimizə ağ köynək geyinmişdik… 

 

Axşamtərəfi mehmanxanaya döndük. Orada bizi Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladı. Onlardan biri xahiş etdi ki, mehmanxananın qarşısında olan maşına əyləşək. Nə baş verdiyini soruşdum. Cavab verdi ki, bir dəstə silahlı adam həyatınıza sui-qəsd etmək istəyir. Odur ki, Ermənistan rəhbərliyinin tapşırığı ilə İrəvanı təcili tərk etməlisiniz… İrəvan aeroportunda bizi Bakıya aparmaq üçün ayrılmış təyyarənin gözlədiyini dedilər… Mehmanxananı tərk edib avtomaşına oturduq, hara getdiyimizi soruşanda birbaşa aeroporta gedəcəyimizi bildirdilər. Onlara izah etdim ki, İrəvanı tərk etməzdən əvvəl həm Ermənistan hökumətinin, həm də Azərbaycanın rəhbəri ilə danışmalıyam. Respublika rəhbərlərinin razılığı  və icazəsi olmadan Ermənistanı tərk edə bilmərik. Rəhbərlərlə əlaqə saxlamaqdan ötrü Ernənistanın Ədliyyə Nazirliyinə getməyi təklif etdim. Gördüm ki, onlar etiraz edib maşınları aeroporta sürmək fikrindən daşınmırlar. Xeyli söhbətdən sonra mənimlə razılaşdılar… 

 

Nazirlik İrəvanın mərkəzində yerləşirdi. Havanın qaralmasına baxmayaraq nazirliyin qarşısında çox sayda insanın toplaşdığını görüb maşınları birbaşa nazirliyin həyətinə sürdülər. Hər üçümüz arxa  qapıdan qalxıb nazirin otağına daxil olduq. Əslən Dağlıq Qarabağdan olan, Dadamyan soyadlı nazir məni görən kimi özünü itirib qışqırmağa başladı: “Xahiş edirəm kabineti tərk edin. Sizin burada olduğunuzu bilib binanı yandıra bilərlər”… Mən ondan “VÇ” adlanan hökumət telefonunun kitabçasını istədim. O, əlinə bir neçə telefon kitabçası götürüb çaşqın halda mənə baxdı. Əlindən kitabçaları alıb lazım olan nömrəni tapdım və zəng edib Ermənistan Nazirlər Sovetinin sədri F.Sarkisyanla danışdım.  O dedi ki, bağışlayın, vəziyyət belə alındı – təcili olaraq İrəvanı tərk etməlisiniz. Bu haqda Ə. Vəzirovla danışıb razılaşmışıq. Odur ki, təcili aeroporta getməyimizi və oradan da Bakıya uçmağımızı xahiş etdi. Orada bizə ayrılan təyyarənin olduğunu bildirdi. Bakıya, Vəzirova zəng edib onunla danışdım. O, bizim hələ də İrəvanda olduğumuzu biləndə bərk əsəbiləşdi. Narahat olduğunu deyib təcili İrəvanı tərk etməyimizi tapşırdı… 

 

Bu danışıqlardan sonra bizi müşayiət edən əməkdaşlarla hava limanına gəldik. Bizi tez təyyarəyə apardılar. Təxminən 10 dəqiqə sonra məlum oldu ki, uçacağımız təyyarə nasazdır. Bizi yenidən aeroportun gözləmə otağına qaytardılar.  Aeroportun rəhbərliyi bizə gecəni aeroportda keçirib səhərə olan birinci reyslə məni, sonrakı Bakı reysi ilə isə qalan iki nəfəri də yola salacağını dedi. Bu təklifə etirazımı bildirib üçümüzün də eyni reyslə uçacağımızı söylədim…

Bu dəfə Nazirlər Sovetinin sədri F.Sarkisyanın evinə zəng edib vəziyyəti ona danışdım və bildirdim ki, hər üçümüz gecələmək üçün qaldığımız mehmanxanaya qayıdırıq, təyyarə olana qədər orada gözləyərik. F.Sarkisyana  mehmanxanaya qayıtmaq istədiyimizi deyən kimi buna etiraz edərək Bakıya uçuşumuzu başqa təyyarə ilə iki saat ərzində təşkil edəcəyini bildirdi. O, aeroportdan mehmanxanaya qayıtmamağımızı xahiş etdi. Sarkisyan aeroportun rəisi ilə telefonla danışıb göstəriş verdi ki, təcili olaraq Leninakandan(hazırda Gümrü-S.L.) İrəvana təyyarə gətizdirib bizi Bakıya yola salsın.

 

Bundan sonra o, telefonda mənə aeroporta gəlib, bizi özü Bakıya yola salacağını bildirdi. Yarım saatdan sonra o, aeroporta gəldi. Aeroportun rəisi ilə xeyli söhbət etdi. Sonra mənə bizi Bakıya aparmağa gələn təyyarənin Leninakandan havaya qalxdığını söylədi və həmin təyyarənin  bir neçə dəqiqə sonra İrəvan aeroportuna enəcəyini dedi. Həqiqətən bir neçə dəqiqədən sonra Leninakandan uçan təyyarə İrəvan aeroportuna endi. Biz həmin təyyarə ilə uçub, səhər saat 6 radələrində Bakı aeroportunda olduq…

 

Vəziyyət elə gətirdi ki, bir neçə gündən sonra Cəlilabad rayon partiya komitəsinin keçmiş I katibi İbrahim Qurbanov və Respublika Quşçuluq Birliyinin keçmiş rəisi Mehdi Məmmədovla yenidən İrəvana gedəsi olduq”.

 

Sabiq ədliyyə naziri Əlisaab Orucovun digər Ermənistan səfəri haqqında növbəti yazılarımızda bəhs edəcəyik.

 

Hələlik isə ondan müəllifi olduğu kitabdan təqdim etdiyimiz sözügedən epizodla bağlı bir neçə suala cavabını da oxuculara tədqim edirik:

 

-Əlisaab müəllim, sizcə,  Ermənistanın o vaxtkı rəhbərləri sizlərlə görüşlərdə, fikir mübadiləsində nə qədər səmimi idilər. Onlar  doğrudanmı Azərbaycan türklərinin o torpaqları tərk etməsinin qarşısını almaq istəyirdi? 

 

-Xeyr. İnanmıram ki, Ermənistan rəhbərləri bizimlə davranış söhbətlərində səmimi idilər… Onlar, sadəcə, süni qonaqpərvərlik və nəzakət jestləri ilə öz əsl niyyətlərini pərdələməyə çalışırdılar. Kitabda da göstərdiyim faktlardan görünür ki, erməni məmurlar Azərbaycandan gəlmiş nümayəndə heyətinin Ermənistandakı soydaşlarımızla görüşlərinin qarşısını müxtəlif bəhanələrlə almağa cəhd göstərirdilər…

 

-Sizləri İrəvandan təcili yola salmaqla erməni rəhbərlər yalnız sizin təhlükəsizliyinizi düşünürdülər. Yoxsa onlar əslində Azərbaycana qarşı mübarizə aparan, Qarabağda ərazi bütövlüyümüzə qəsd etməyə hazırlaşan qüvvələrlə əlbir idilər? 

 

-Zənnimcə, onlar bu məsələdə də səmimi deyildilər. Sadəcə, öncə dediyim kimi, Ermənistan rəhbərləri də bizim azərbaycanlı əhali ilə görüşərək onların Azərbaycana köçünün qarşısını almağa cəhd göstərməyimizdə maraqlı deyildi. Buna görə də onlar mümkün qədər tez şəkildə bizim İrəvandan çıxıb getməyimizə çalışırdılar. “Sizə qarşı sui-qəsd hazırlanıb” variantı da buradan qaynaqlanırdı…  Ermənistanın o vaxtkı baş naziri F.Sarkisyanın da bizim guya bizə qəsd olunacağı ilə bağlı təhlükəsizliyimiz baxımından Bakıya mümkün qədər tez yola salınmağımızı təşkil etməsi, özünün şəxsən aeroporta gəlməsi də onun barəmizdə qayğılanması, yaxud məmur kimi vəzifəsinin icrası məsuliyyəti ilə bağlı deyildi. Əslində bu, Ermənistan rəhbərliyinin də Azərbaycana qarşı etiraz mitinqlərini təşkil edən separatçı, işğalçı niyyətli ünsürlərlə eyni mövqedən çıxış edərək orada yaşayan soydaşlarımız kimi, bizlərin də bir azərbaycanlı məmur olaraq ölkədən çıxarılması məqsədindən, əslində həmin çirkin niyyətli ünsürlərin və onları Moskvadan, Parisdən və s. dəstəkləyənlərin qarşısındakı məsuliyyətlərindən irəli gəlirdi. Sanki bununla demək istəyirdilər ki, gedin və bir daha Ermənistana qayıtmayın… Lakin bütün bu təhlükə və hədələrə rəğmən biz son imkanadək üzərimizə düşən vəzifələri icra etməyə soydaşlarımızın Qərbi Azərbaycandan qovulmasının qarşısını almağa çalışırdıq…

 

(Davamı var)

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button