“Gəlmələrin fitvasına uyan erməni silahlıları ən qısa zamanda Azərbaycan ərazilərini tərk etməlidirlər”

Erməni silahlarının Qarabağdakı təxribat xarakterli fəaliyyətlərinə göz yuman rus sülhməramlıları “Qisas” əməliyyatından özləri üçün nəticə çıxarmalıdır

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, tez ya gec döyüş əməliyyatlarının bərpasını ehtimal etməyə əsas verirdi.

 

Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və erməni silahlılarının Qarabağda atəşkəsi intensiv şəkildə pozması, bölgədə yaşanan gərginliyi hər gün daha da artırırdı. 3 avqust 2022-ci il tarixində isə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi və bu təxribat nəticəsində Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun şəhid olması, erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsi Azərbaycan tərəfinin azğın düşməni cəzlalandırmaq üçün “Qisas” əməliyyatına başlaması ilə nəticələndi.  

 

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı bölmələrinin bir neçə döyüş mövqeyi tam dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə qanunsuz erməni silahlılarının onlarla canlı qüvvəsi məhv edildi və yaralandı. Həmçinin düşmənə aid bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları da məhv edildi.

Erməni silahlılarından 4 nəfəri ölü, 19 nəfəri isə yaralı olaraq zərərsizləşdirildiyi artıq təsdiqlənib. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

 

!Qisas” əməliyyatının keçirilməsində bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası rəsmi səviyyədə həm Ermənistan, həm də Rusiya sülhməramlı kontingentin rəhbərliyinə dəfələrlə bildirmişdi ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüd idi. Lakin edilən xəbərdarlıqlara məhəl qoymayan erməni silahlıları sonunda qəhrəman Ordumuz tərəfindən uzun illər boyunca unuda bilməyəcəkləri bir şəkildə cəzalandırıldı. Bu əməliyyatdan erməni silahlarının təxribat xarakterli fəaliyyətlərinə göz yuman rus sülhməramlıları da özləri üçün nəticə çıxarmalıdır. 

 

Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın‭ ‬işğaldan‭ ‬azad‭ ‬olunmuş‭ ərazilərində‭ bərpa-quruculuq‭ işlərinin‭ ‬davam etdirildiyi‭ bir‭ zamanda‭ Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri layiq olduğu cəzaya çatdırıldı. Ümid edirik ki, bundan sonra digər dəvətli qonaqlara arxayın olub Azərbaycan Əsgərinə atəş açan erməni silahlıları daha ehtiyatlı və ağıllı davranacaqlar. Gah rus generalının, gah da fars mollasının fitvasına uyan erməni silahlıları ən qısa zamanda Azərbaycan ərazilərini tərk etməlidirlər, əks halda Əsgərimiz silahlıları üfiqi vəziyyətdə gəldikləri əraziyə yola salmaq üçün təkrar aktiv fəaliyyətə keçəcək. ‬‬‬‬‬‬‬‬‬‬

 

İnanırıq ki, Ordumuz həmişə olduğu kimi, bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alacaq və düşmənə əks cavab tədbirləri çərçivəsində daha sarsıdıcı zərbələr endirəcək.

 

Allah Ali Baş Komandanımızı və qəhrəman Ordumuzu qorusun!

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button