“Londondakı  diplomatlarımız təlimata uyğun olaraq çox təmkinli və düzgün hərəkət ediblər…”

“Mən öz təcrübəmdə, səfir kimi çalışarkən bənzər bir situasiyaya ilə qarşılaşmışam…”

 

“Belə nəticəyə gəlirəm ki, bəhs edilən radikal qrupun London səfirliyimizdə törətdiyi təxribatın birbaşa Azərbaycana aidiyyatı yoxdur…”

 

“Əvvəla, dünyada Londondakı aktı törətmiş qrupa bənzər qruplaşmalar onlarladır. Onlar müxtəlif təriqət və məzhəblərə xidmət edir, özlərinə uyğun müxtəlif hansısa dinə bənzər modellər yaradırlar… İkincisi də, əldə olan informasiyalar əsasında belə nəticəyə gəlirəm ki, bəhs edilən radikal qrupun London səfirliyimizdə törətdiyi təxribatın birbaşa Azərbaycana aidiyyatı yoxdur. Sadəcə, o qrupun məqsədi ondan ibarət olub ki, bu və ya digər üsulla özlərinə diqqət cəlb etsinlər və gündəmdə qalsınlar”.

 

Bu fikirləri  Moderator.az-a açıqlamasında Londondakı Azərbaycan səfirliyinə radikal dini qrupun hücumuna bildirən Latviya və Estoniyada Azərbaycan səfiri kimi çalışmış sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib. 

 

“Biz onu da başa düşməliyik ki, bu və ya digər diplomatik missiyanın təhlükəsizliyini ölkə təmin etməlidir. O da çox maraqlıdır ki, belə bir radikal qrup Britaniya təhlükəsizlik xidmətlərinin diqqətindən kənarda qalıb. Yaxud ona nəzarət lazımi səviyyədə olmayıb. Əgər normal nəzarət olsaydı, hadisə baş vermədən öncə hücumu hazırlayan şəxslər zərərsizləşdirilərdi. Üçüncü məsələ ondan ibarətdir ki, son dövrlər Britaniyada radikal qrupların iştirakıyla müxtəlif ölkələrə qarşı bənzər olaylar mütəmadi baş verir. Odur ki, Azərbaycan və digər ölkələr belə insidentlərlə bağlı iradlarını ilk növbədə Britaniyanın təhlükəsizlik sisteminə bildirməlidir. Xüsusi xidmət qurumları ölkədə bu cür təhlükəsizlik boşluqları yaratmamalıdırlar ki, radikal ünsürlər bundan istifadə etsin. Yəni Azərbaycan səfirliyinə qarşı bəhs edilən insident də məhz belə təhlükəsizlik boşluqlarının nəticəsi olub” -açıqlamasının davamında bunları söyləyən Tofiq Zülfüqarov Londonakı diplomatlarımızın konkret situasiyadakı davranışını da dəyərləndirib. 

 

“O ki qaldı konkret Azərbaycanın diplomatik missiyalarının təhlükəsizliyinin təmin olunmasına, bu, müxtəlif ölkələrdə müxtəlif cür təmin olunur. Və hesab edirəm ki, Azərbaycan diplomatları beynəlxalq təcrübəyə, Vena konvensiyasının uyğun olaraq ilk növbədə dərhal Britaniya polisinə xəbər veriblər və özləri də təlimata uyğun davranıblar. İnternet saytları və sosial şəbəkələrdə belə fikirlər də paylaşılır ki, diplomatlar gərək ərazini müdafiə edəydilər, silah tətbiq etməliydilər. Bu, bir az populist baxışlardır. Çünki bu cür hərəkətlərin diplomatiya, beynəlxalq reaksiya baxımından hansı fəsadlar verə biləcəyini hadisəni törədən radikal qruplaşma da nəzərə ala bilərdi. Odur ki, bir daha Londondakı diplomatlarımızın təlimata uyğun hərəkət etmələrini təqdirəlayiq hesab edirəm. Əminəm ki, zəruri xidməti araşdırma aparılacaq və lazımi qərarlar qəbul olunacaq”- deyən sabiq baş diplomat hadisəyə öz təcrübəsində rast gəldiyi olay prizmasından da münasibət bildirib. 

 

“Mən öz təcrübəmdə bənzər bir situasiyaya ilə qarşılaşmışam. Estoniyada səfir kimi çalışarkən Ramil Səfərovun Budapeştdə erməni hərbçisinə qarşı törətdiyi hadisə ilə bağlı erməni diasporası tərəfindən bütün dünyadakı Azərbaycan diplomatik nümayəndələrinə qarşı təhdidlər səsləndirilirdi. O günlər bizə gələn məlumata görə, ermənilər bizim səfirlik qarşısında da hansısa etiraz tədbirləri həyata keçirməyə hazırlaşırdı. Və çox yaxşı bir hal oldu ki, gözlənilmədən Azərbaycanın Estoniyadakı diasporası bu haqda xəbər alan kimi qısa müddətdə Tallində olan soydaşlarımıza məlumat verib. Nəticədə 100 nəfərdən çox azərbaycanlı səfirlik ətrafında toplaşaraq canlı sədd qurmuşdular və polislə birgə Azərbaycan səfirliyinə qarşı istənilən təxribatın qarşısını almaq əzmini nümayiş etdirmişdilər. Və bu, o zaman çox təsirli bir olay kimi qarşılandı. Bu haqda diplomatlarımız səviyyəsində uzun müddət təqdiredici söhbətlər getdi… Yəni müxtəlif hallarda müxtəlif üslublar tətbiq olunmalıdır. Konkret Londondakı olay terrorist olayına bənzəyir. Odur ki, hesab edirəm ki, diplomatlarımız çox təmkinli və düzgün hərəkət ediblər” -deyə keçmiş xarici işlər naziri vurğulayıb.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button