Putin Ukrayna savaşıyla həm də müsəlman və türk xalqlarının soyqırımını aparır…-ARAŞDIRMA

Onun məqsədi eyni zamanda  Ukrayna xalqı ilə Rusiyadakı türksoylu və müsəlman xalqları arasına nifaq, düşmənçilik toxumu səpməkdir…

 

Rusiyanın Ukraynaya genişmiqyaslı və məkrli təcavüzü başlayandan bəri müxtəlif mənbələrin təqdim etdiyi statistik rəqəmlər bu savaşda bilavasitə ön cəbhədə döyüşən və həlak olanlar arasında etnik rusların azlıq təşkil etdiyini göstərir. Ruslar əsasən yüksək və orta səviyyəli komandanlıqda iştirak edən general və zabitlər arasında çoxluq təşkil edir. Bu fakt heç də Rusiyanın imperialist, işğalçı və şovinist xislətli lideri Vladimir Putinin rus xalqına canı yanmasından, onun genefondu, gələcəyi barədə qayğılanmasından irəli gəlmir. Kremldəki avantürist rejimin və rejim başçısının bu məsələdə gerçək məqsədi birincisi, ölkə daxilində müharibə əleyhinə etirazlardan maksimum sığortalanmaq(bunu daha çox etnik rus əhali tərəfindən gözləyirlər), ikincisi, Rusiyadakı türksoylu və müsəlman xalqların “təbii” soyqırımını təşkil etməklə onların sayını azaltmaq, üçüncüsü isə Ukrayna xalqı ilə Rusiyadakı türksoylu və müsəlman xalqları arasına nifaq, düşmənçilik toxumu səpməkdir…

 

Eyni zamanda Putin rejimi birbaşa kütləvi səfərbərlik elan etməkdən də ehtiyatlandığından siyasi cəhətdən zəif şüura malik olan etniklərin yaşadığı bölgələrdə “könüllü” birləşmələr yaradılmasına üstünlük verir. 

 

“Rusiya Federasiyası ordusunun əhəmiyyətli itkilərini kompensasiya etmək üçün gizli səfərbərlikdən istifadə edir”. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.  Avqustun 5-də o, bu barədə “Tvitter”də yazıb.

 

“Rusiya ordusunun ağır itkiləri qarşısında Kreml gizli səfərbərliyin iki formasına əl atır: “Vaqner” qrupu vasitəsilə ağır cinayətlərə görə məhbusların cəlb edilməsi və imperiyanın müstəmləkələrində (Mariy El, Tatarıstan respublikaları və s.) milli batalyonların yaradılması. Moskva etnik rusların geniş şəkildə hərbi xidmətə çağırılmasının qarşısını almaq üçün hər şeyi etməyə davam edir”, – deyə Podolyak vurğulayıb.

 

Ukrayna Gələcək İnstitutu (UGI) Ukraynanın işğalı zamanı həlak olan Rusiya vətəndaşlarının sayını bölgələr üzrə müqayisə edib.

 

Hər 100 min nəfərə düşən həlak olmuş Rusiya vətəndaşlarının sayı nisbətini götürəndə  Ukraynadakı müharibə zamanı ən çox ölənlər Buryatiyadandır. Rusiya Federasiyasının statistik məlumatlarına əsaslanan bu nəticə UGI tərəfindən dərc olunmuş analitik materialda verilib.

 

“Rusiya Federal Dövlət Statistika Xidmətinin Ukraynadakı müharibədə Rusiya Federasiyasının itkiləri ilə bağlı məlumatları göstərir ki, Buryatiya sakinləri Ukraynada Moskva sakinlərinə nisbətən 420 dəfə çox öldürülür”, – məlumatda belə deyilir.

 

Buryatiyada əhalinin 100 min nəfərinə Ukraynada hərbçi kimi həlak olmuş 99, Moskvada isə 100 min nəfərə 0,23  nəfər düşür.

 

UGI-nin məlumatına görə, döyüş əməliyyatları zamanı ölənlərin sayına görə Rusiyanın ilk 5 bölgəsi belə görünür:

 

Buryatiya – 100 min nəfərə 99 nəfər;

Tuva – 100 min nəfərə 87 nəfər;

Şimali Osetiya – 100 min nəfərə 84 nəfər;

Kostroma vilayəti – 100 min nəfərə 58 nəfər;

 

Rusiya tərəfindən işğal edilmiş Ukraynanın Sevastopolu – hər 100 min nəfərə 47 nəfər;

 

Yəhudi Muxtar Vilayətində, Pskov vilayətində, Altayda və Trans-Baykal diyarında – əhalinin hər 100 min nəfərinə 45 ölüm; 

 

Dağıstan, Mari El respublikaları – 100 min nəfərə 43 ölüm.

 

 

Rusiya mətbuatının məlumatına görə, “Vaqner” özəl hərbi kampaniyası Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya müstəmləkələrindən ən azı 1800 məhbusu cəlb edib.

 

Maraqlıdır ki, Ukraynada dinc əhaliyə qarşı vəhşiliklər törədənlər arasında türksoylu buryatlar, tuvinlər və müsəlman çeçenlər üstünlük təşkil edir. Onu da qeyd edək ki, əks tərəfdə, yəni Ukrayna ordusunda Rusiyaya qarşı döyüşənlər arasında da xeyli çeçen var. Bu da sübut edir ki, Ukraynada dinc əhaliyə qarşı vəhşilik törədən müsəlman və türksoylu Rusiya döyüşüçləri Kreml ideoloqları tərəfindən beyni yuyulmuş, zombiləşdirilmiş, eyni zamanda yoxsulluq səbəbindən könüllü olaraq muzdla döyüşən şəxslərdir… 

 

Beləliklə, faktlar təsdiqləyir ki, Putin rejimi Ukrayna savaşıyla ukrayın xalqı ilə yanaşı,  həm də Rusiyada yaşayan müsəlman, türksoylu xalqların soyqırımını təşkil edir və eyni zamanda Ukrayna xalqında ruslarla yanaşı, həmin xalqlara qarşı da nifrət yaradılmasına nail olur… 

 

Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button