“Kəfən də hər adama qismət olmur, bir gör kəfənlə gedəcəksən bu dünyadan, ya yox?”

“Biri-birinə söz atırlar, arxasıyca danışırlar. İnsanlarda insanlıq da qalmayıb. Yaxşılarından uzaq olsun. Birinci özündə qüsur axtar, sonra gəl kiməsə söz de. Dostluq edirlər, düşmən olan kimi bir-birinin paxırını açıb deyirlər. Demək ki, hər şey əvvəlindən səhv gedib, bu dostluq yox, elə düşmənçilik olub. Həyat bir təcrübədir, insanı özü yönləndirir, danışdırır, yontalayır”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

“Anam əlimdən tutub televiziya studiyalarını gəzdirirdi, atam da nəzarət edirdi, gözündən qoymazdı. Ağır məhəllədə idik, Sovetskidə qalırdıq. Geyimimizə, duruşumuza diqqət edirdik ki, dillərə düşməyək. Əvvəl bir başqa cür idi, indi isə başqadır. Zəmanə dəyişməyib, insanlar dəyişib. Həmin sudur, həmin yeməkdir, insanın sadəcə gözünü dünya malı tutub. Özünüzlə təkbətək qalanda bir düşünün. Özünüzə hesabat verin, mən harada səhv etdim ki, bu hadisə başıma gəldi?! Bir ürəyi sağalda bilmirsənsə, niyə sındırırsan?! Hər adama kəfən qismət olmur, heç bilmirsən kəfənlə gedəcəksən dünyadan yoxsa yox?! Bacı-bacı ilə düşmən olur, bala atanı, ananı çölə atır” deyə sənətkar bildirib.

 

Gövhər Rzayeva şəxsi həyatı ilə bağlı suala belə cavab verib.

 

“İnsanın həyatı əvvəlindən gətirməlidir. Hər zaman Allahdan can sağlığı istəmişəm ki, özüm özümü idarə edim, ruzimi, pulumu qazanım. Heç kimə məni möhtac etməsin. Bəziləri deyirdi ki, ikinci dəfə ailə həyatı niyə qurmadın?! Mənə yaraşmazdı, övladlarım, nəvələrim var idi. Allah məni ailəmlə, əzizlərimlə sınağa çəkməsin. Gecə-gündüz Allahdan bunu istəyirəm” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button