“Şimallılara “rus” və “Rusiya” adlarını da biz- azərtürklər vermişik…”-ARAŞDIRMA

“XVI əsrin birinci yarısına kimi tarixdə mövcud olmuş “Kiyev Slav dövləti” vardı, heç də Kiyev Rus dövləti anlayışı yox idi…”

 

1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olmuş Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə “Borcumu ver, Rusiya” adlı kitabında dərc edilmiş eyni adlı 4-cü məqaləsində müasir rus dilində, məişətindən işlənən bir sıra sözlərin Azərbaycan türk dilindəki sözlərdən törəməsi, “Kiyev rus dövləti” anlayışının sonradan qondarılması, “slavyan” və “rus” məfhumlarının belə, türk, Azərbaycan mənşəli olması haqda maraqlı və ibrətamiz fikirlər səsləndirir.
 
Aktuallığını nəzərə alıb həmin məqaləni bütövlükdə dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
Borcumu ver, Rusiya!..

 

 

IX yüzillikdən üzü bu yana indi Rusiya adlanan, XVI əsrin ilk yarısınacan Slav diyarı deyilən ərazilərin əksər bazarları və ticarət nöqtələri Güney və Quzey Azərbaycandan gəlmiş tacirlərin əlində idi… Burda ərzaq, ipək, mahud, məxmər və xəz malları bütün böyük şəhərlərin, iri yaşayış məntəqələrinin yarmarkalarında(gurluq olduğundan yarmaq felimiz və qədim azərtürkcə “mərkə”, yəni alış-veriş anlamlı ismimizdən törənib) müştərilərin əyləncəsi üçün ortada böyük bərli-bəzəkli çadırlar yapılardı.  Çadırın mərkəzindəki dirəyə azərtürkcə “tir” deyilirdi. Tirin arxasındakı divara üzərində 1-10 rəqəmləri yazılmış dairəvi qalın kağız lövhələr qoyulurdu.  İçəri gələnlərə ox və kaman paylanır, uğurlu atıb çox qazananlar ordaca mükafatlarını alaraq çıxırdılar. İşbilənlərimiz slav cavanlarına kaman tutmağın qaydalarını təmkinlə öyrədirdirlər. Belə əyləncə guşələri o vaxtdan “tir” adalnmağa başlandı.  Sonradan kağızdan düzəldilmiş tir  hədəfləri insan  və heyvan fiqurlarıyla əvəzləndisə, oxu tüfəng sıxışdırdısa da, azərtürk tiri dünyanı gəzdi və bizim ilkinliyimizi qoruyub saxladı. İpək və mahud parçalar udmuş oxatan yerlilərə və qonaqlara mükafatın üstündə möhürlü-imzalı arayış şəkilli  rəsmi kağızlar da verilirdi ki, bunlara “mərkə”(azərtürkcə alış-veriş) adını qoymuşdular. Yeri gəlmişkən, rusların və cahan xalqlarının işlətdikləri “marka” sözü alqı-satqı dəyəri olan anlayış deməkdir. Poçt markaları, pul marka vahidləri, görün, öz doğuşunu hansı əzəmətli millətdən əxz eləmişdir…

…Dil vadisinə səyahətimizi başa çatdırarkən, şübhəli ağızbüzənlərin yadına salırıq ki,  sözügedən XVI əsrin birinci yarısına kimi tarixdə mövcud olmuş “Kiyev Slav dövləti” vardı, heç də Kiyev Rus dövləti anlayışı yox idi. Sadəcə, ona görə ki, onlara “uruz”(azərtürkcə kürən, ağ bənizli) sözünə uyğun olaraq  “rus” və “Rusiya” adlarını da şimallılara biz vermişik.  Rus salnamələri  və adalma dövründən sonra monastır kitabları hökmümüzü əsaslandırır. Bunu da bilmək artıq düşməz ki, fars rəqiblərimizin öz adlarına çıxdıqları  “an” və “yan” cəm şəkilçiləri azərtürkcədən həyasızcasına oğurlanmış dil vahidlərimizdir. Buradan təbii sonuc alınır ki, Rusların “slavyane” sözündəki “yan” artımı “slavlar-slavyanlar” deyimində bizdən törəmədir… İndi özün fikirləş, gənc dost, xalqımızın başını uca tutması üçün haqqı var, ya yox? Sən də de, Rusiya, borcumu ver!..

 

Oqtay Eldəgəz, “Borcumu ver, Rusiya!”, Bakı, “Elm və təhsil”, səh 47-49.

 

Təqdim etdi: Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button