“Yeltsin də Heydər Əliyevə zəng etmişdi ki, Azərbaycan ordusu Buzdux dağından geri çəkilsin…”

“1994-cü il yanvarın 28-dən başlayaraq ermənilər Buzdux dağı ətrafına 4 min nəfərə yaxın canlı qüvvə toplamışdı…”

 

“Milli Ordumuzun bu günlərdə keçirdiyi uğurlu əməliyyatlar sayəsində qanunsuz erməni birləşmələrindən azad etdiyi 2374 metrlik Buzdux yüksəkliyi Birinci Qarabağ savaşında hərbi əməliyyatların ən qızğın nöqtələrindən biri olmuşdu. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın da yazı və müsahibələrində həmin yüksəkliyin adı çəkilir”.  

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Ordumuzun Qarabağ və Şərqi Zəngəzurda keçirdiyi son uğurlu antiterror əməliyyatından danışan 1993-1994-cü illərdəki  Murovdağ əməliyyatının iştirakçısı, istefada olan mayor Gəray Əsədov söyləyib.

 

“Bildiyimə görə, o vaxtkı döyüşlərin qızğın çağında hətta Rusiya prezidenti Boris Yeltsin də Azərbaycan Prezidenti Heydər Əliyevə zəng edib ki, Azərbaycan ordusu Buzdux yüksəkliyindən geri çəkilsin… 

 

Yadımdadır ki, Murovdağ əməliyyatı ilə bağlı istintaq materiallarında da Buzdux istiqamətinə aid ciddi faktlar var idi. Erməni komandirlərin bizim kəşfiyyat tərəfindən tutulmuş radio-danışıqlarında qeyd olunurdu ki, Beyləqan istiqamətindəki bir moto-atıcı alay və üstəgəl 300 nəfərlik Dizak dustaqlardan ibarət qrup Kəlbəcər rayonunun Ağdaban-Çayqovuşan kəndləri ərazisinə göndərilsin. Ağdaban, Çayqovuşan kəndləri isə Buzduğ dağının dibindədir. Ümumiyyətlə, o vaxtkı əməliyyat məlumatlarımıza görə, 1994-cü il yanvarın 28-dən başlayaraq ermənilər Buzdux dağı ətrafına 4 min nəfərə yaxın canlı qüvvə toplamışdı.  Yəni demək istəyirəm ki, 1994-cü ilin yanvarındakı gərgin əməliyyatlar zamanı nə Ermənistan, nə də Rusiya Buzdux dağının Azərbaycanın nəzarətinə keçməsini istəmir və maksimum çalışırdılar ki, həmin yüksəklik erməni qüvvələrinn nəzarətində qalsın. Bu baxımdan həmin istiqamətdə döyüşlərdə olmuş bir keçmiş hərbçi komandir olaraq mənim üçün də maraqlıdır ki, Rusiya tərəfi Azərbaycan tərəfinin hərbi təzyiqi ilə yanaşı,  hansı siyasi-diplomatik təzyiqi ilə də üzləşib ki, Buzdux kimi yüksəkliyin faktiki olaraq öz  məsulliyyət zonasından çıxarılmasına razılıq verib”- deyə keçmiş tabor komandiri vurğulayıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button