“Bu onu göstərir ki, rusların Qarabağda bulunma müddəti daha üç il davam edə bilməz…”

Tanınmış ermənişünas alim, siyasi analitik Qafar Çaxmaqlı son günlər Qarabağ ətrafında yaranan durumu Moderator.az-a şərh edib:

 

“Çox qəribədir ki, Rusiya sülhməramlı adı ilə hərbi qüvvələrinin Azərbaycan torpaqlarında yerləşməsindən ermənilər də narazıdır. Son günlər Xankəndi şəhərində Rusiyanın hərbi kontingentinə qarşı aksiya keçirilməsi bunun bir örnəyidir. Yeni yolun çəkilməsi ilə Laçın şəhəri və Zabux da daxil olmaqla kəndlərimizin ermənilərdən təmizlənməsini ermənilər həzm edə bilmirlər. Həmin aksiyada səsələndirilən fikirlərdən biri o idi ki, Arayik Harutyunyan bir çıxışında deyibmiş ki, rus sülhməramlılarının rəhbəri ilə danışıb, Ağavno (yəni Zabux) ermənilərin nəzarətində qalacaq. İndi bura boşaldılarkən arada yaşayan və bir zamanlar Suriya, Livan və Ermənistanın bəzi bölgələrindən buraya köçürülən əhalinin gedəcək yeri yoxdur. Ermənilər bu fikirdədirlər ki, Rusiya bu adamlara sahib çıxmalıdır. Ermənistanın isə bu məsələyə müdaxilə etməyə  gücü yoxdur. Rusiya sülhməramlıları Ermənilərin ümid yeridir, amma nə qədər naşükürdürlər ki, hətta öz xilaskarlarına belə təpik atırlar…

 

Tatul Hakopyan Ermənistanda tanınan birisidir. Onun Erməni-Türk, Ermənistan Azərbaycan münasibətlərininin tarixinə dair kitabları, çoxsaylı çalışmaları var. “Azadlıq” (ermənicə “Azatutyun”) radiosunun rəhbəri Hrayr Tamrazyana verdiyi müsahibədə bir çox məsələlərlə yanaşı 10 noyabr 2020-ci il bəyanatından sonra Rusiya sülhməramlılarının  bölgəyə yerləşməsi və onların fəaliyyəti ilə bağlı fikirləri diqqətimi çəkdi. Onun fikrincə, 44 günlük savaşda Azərbaycan birmənalı şəkildə Ermənistana nəinki qalib gəldi, eyni zamanda Ermənistanın dişlərini  bir-bir çəkib bir tərəfə atdı, indi Ermənistan dişsiz vəziyyətdədir deyə münaqişə bölgəsində yoxdur, Qalib ölkələrdən biri Türkiyə oldu və onun bölgəyə girməsi elə qələbəsi deməkdir. Hakopyana görə üçüncü qalib ölkə Rusiyadır. Rusiya 1994-cü ildən bəri bölgəyə girmək üçün fürsət axtarırdı. ATƏT-in Budapeşt sammitində məsələ belə qoyulmuşdu ki, vasitəçi ölkələrin sülhməramlı qüvvə kimi bölgəyə hərbi kontingent yeridə bilməzlər. Digər ölkə sülhməramlıları içərisində onların da təmsilçiləri ola bilərdi. 44 günlük savaş bu qaydanı Rusiyanın xeyrinə dəyişdi və Rusiya artıq bölgədədir. Rusiya bu mənada qalib ölkə hesab oluna bilər. Amma burada bir məqam var. Rusiyanın bölgəyə sülhməramlı qüvvə yerləşdirməsi qanunidirmi? Rusiyanın sülhməramlı kontingentinin beynəlxalq mandatı yoxdur, bu işi həyata keçirmək üçün ona BMT-nin mandat verməsi lazımdır. Azərbaycan özü də bu kontingentin torpaqlarımızda bulunması üçün ona belə bir mandat verməyib və bu məsələ nə Azərbaycan parlamentində müzakirə olunub, nə də ona onay verilib. Demək Rusiya sülhməramlılarının buradan tələb oluna bilər, bunu isə Ermənistan yox, Azərbaycan edə bilər, çünki bu qüvvələr Azərbaycan ərazilərindədir.  Rusiyanın özünün razılığı ilə buradan getməsi, hərbi birləşməsini çıxarması söyləntiləri erməniləri təşvişə salır və Rusiya – Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətini və ya zəifləməsini istəməyən dövlətlərin başında Ermənistan gəlir. Ermənilərin başbilənlərinin fikrincə Rusiyanın burada bulunması faktiki olaraq erməni əhalinin “xilası” üçündür və onlar Rusiyanın ətəyindən beşəlli yapışmalıdırlar. “Dişsiz Ermənistan” bütün məsələləri  hələ ki, Rusiyanın əli ilə etməlidir. Edir də. Rusiya kontingentinin bölgədən çıxarılması Ermənistanın maraqlarına uyğun deyil. Azərbaycanla hər hansı problemi də həll etmək üçün Rusiyaya müraciət edilməli və onun aracılığı ilə Azərbaycandan nəyisə qoparmaq olar- deyirlər.

 

İndi ermənilərin bir çoxları  o fikirdədirlər ki, Rusiya sülhməaramlıları öz dövlətinin maraqlarını təmin etməklə yanaşı Ermənistanın maraqlarını qoruyan yeganə gücdür. Ruslar burada olmasalar erməni əhali qalmaz, tərk edər Qarabağı, daha ağır nəticələrə yol açılar. Lakin Rusların bölgəni tərk etməsi durumunda onları kim əvəz edə bilər? Bu sual bu gün çox da  aktual olmasa da sabah ortaya çıxacaq suallardan biridir. Ermənistan işğaldan azad olunmamış ərazilərimizdə ermənilərin qalıb yaşaması üçün məsələni beynəlmiləlləşdirmək yolu tutub və buraya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinni istəyirlər ki, onların deyimi ilə “erməni əhalinin təhlükəsizliyi təmin olunsun“ və buradakı əhaliyə hansısa beynəlxalq status almağın yolu açılsın.

 

Hakopyan da digərləri kimi bu fikirdədir ki, Rusiya sülhməramlılarını əvəz edəcək  ikinci belə hərbi kontingent olmayacaq, ya da onlar Ruslar qədər “ermənilərin dərdini anlamayacaqlar”. Ən təhlükəli proseslərdən biri ondan ibarətdir, məhz Ruslar belə bir alqı yaradırlar ki, “Qarabağ nə Azərbaycanındır, nə də Ermənistanın. O Rusiyanındır” və faktiki olaraq da Rusiyanın nəzarət zonası sayılır və bu, erməni əhalidə Rusiyaya birləşmək arzusu oyadır və bir zamanlar burada Rusiya pasportlarının paylanması kimi xəbərlər də dolaşmaqdaydı. 

 

Rusiya sülhməramlılarının öz missiyalarından kənarda bir çox məsələrə müdaxiləsi də göstərir ki, onların burada bulunma müddəti daha üç il davam edə bilməz. öz torpaqlarının sahibi kimi nə vaxsa Azərbaycanın qərar verəcək anı yetişəcək”.  

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button