“Laçının alternativ yol ətrafındakı heç bir kəndi erməni nəzarətinə verilməməlidir!..” 

“Qarabağdan Ermənistana getmək üçün də haylara artıq yeni “dəhliz” yox,  sadəcə, yeni alternativ yol verilməsindən söhbət getməlidir…”

 

“Digər kəndlər kimi, Ağanus kəndi də nəinki Rusiya-Ermənistan nəzarətinə verilməli, əksinə, mümkün qədər tez məskunlaşdırılmalıdır ki…”

 

-FİKİR SAVAŞI…-

 

Laçın şəhərindən keçən yola alternativ Xankəndi-Gorus yolunun istifadəyə verilməsi məsələsi gündəmə gəldikdən, Laçın və Zabuxda 30 ildən çoxdur qanunsuz sülənən hayların həmin yaşayış məntəqələrimizdən çıxarılması üçün vaxt verildikdən sonra bu dəfə alternativ yolun ətrafındakı digər kəndlərimiz üçün təhlükəli perspektiv vəd edən informasiya və şayiələr yayılmaqdadır…

 

Belə ki, dünən Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz “ərazi idarəetmə və infrastruktur” “naziri” adlanan Ayk Xanumyan soyadlı məxluq mediaya açıqlamasında artıq ikinci dəfə Laçın rayonunun Ağanus, Unannovu, Mığıdərə, Məlikpəyə və Malxələf kəndlərinin yeni “dəhliz” zonasına düşdüyünü və qondarma “Kaşataq” “rayonu”nun(işğal dövründə Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisində qondarılmış “rayon”-S.L.)bir parçasının yenə də ermənilərin nəzarəti altında qalacağını vurğulayıb.

 

Hay məmurunun son çıxışının əsas hissələrinin tərcüməsini nəzərinizə çatdırırıq:

 

“Yeni dəhlizin işə düşməsi ilə Aqanus icmasının ərazisi Azərbaycanın nəzarətindən çıxacaq…”-  separatçı “nazir” belə deyib və çıxarkən evlərin yandırılmasının əleyhinə olduğunu bildirib:

 

“Mən evlərin yandırılmasının əleyhinəyəm. Bir vaxtlar Çərəktar (Kəlbəcər rayonunun hazırda ermənilərin nəzarətindəki kəndi-S.L.) anlaşılmazlıqdan və ya qəsdən yandırıldı, bu gün isə həmin kəndi bərpa etmək üçün 100 milyon dram xərcləyirik. Ağanus icmasının ərazisinin təhvil verilməsindən cəmi bir il yarım keçib, lakin bu gün bu icmanın ərazisi Azərbaycanın nəzarətindən çıxaraq dəhlizə qayıdır, amma orada hər şey talan edilib, yandırılıb, birinci müharibə dövründən başlamış  2020-ci ilə qədər…

 

Söhbət Mexvadzor(Mığıdərə-S.L.), Unanavan(Unannovu-S.L.), Melikaşen(Məlikpəyə-S.L.), Maratuk(Malxələf-S.L.) yaşayış məntəqələrindən gedir. Həmin dəhlizdə mənzil fondunu salamat saxlasaydıq, indi ora asanlıqla köçə bilərdik, amma bu gün oralarda ancaq yanmış divarlar və xarabalıqlar var. Əgər mənzil fondu qorunsaydı, biz bu gün həmin dəhlizi təhlükəsiz şəkildə məskunlaşdıra bilərdik. ”, – deyən Xanumyan qeyd edib ki, Zabux kəndi Qarabağı Ermənistanla birləşdirəcək yeni magistralın nəzərdə tutulan dəhlizinə çox yaxındır və situasiyanın bir-iki ildən sonra necə dəyişəcəyi məlum deyil… 

 

“Mən istəməzdim ki, əgər hər şey bizim xeyrimizə getsə,  Zabuğa qayıdandan sonra eyni yanmış və qaralmış divarları görək. Ona görə də mən hər hansı bir şeyin yandırılmasının, talanmasının, məhv edilməsinin qəti əleyhinəyəm”, – deyə Xanumyan vurğulayıb.

 

Separatçı “nazir” iddia edib ki, alternativ yolun təhlükəsizliyi Laçın-Zabux dəhlizi prinsipi ilə həyata keçiriləcək və Rusiya “sülhməramlı” kontingenti yeni marşrutun 5 kilometrlik hissəsində yerləşdiriləcək…

 

Separatçı “nazir”in dediklərindən belə çıxır ki, bir növ Laçın şəhəri, Zabux, Sus və s. kəndlər yeni “dəhliz”də Laçın rayonunun digər kəndləri ilə əvəzlənəcək… 

 

Bir daha qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir. Yəni bəhs edilən yol Laçın rayonunun heç bir məntəqəsinin bilavasitə içərisindən keçmir. Digər tərəfdən, öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, adı çəkilən kəndlərin heç birində tarixən – istər Çar Rusiyası, istərsə də sovet dövründə ta ki, Laçın rayonu tam işğal olunan günədək heç bir hay, erməni yaşamayıb. Əksinə, həmin kəndlərdə min illərlə Azərbaycan türkləri yaşayıb və XX əsrin əvvəlində 1905-1906-cı və 1918-ci ildə və Laçın rayonunun 1992-ci ildəki işğalı zamanı ermənilər tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb. Odur ki, ən əsası bu səbəblərdən  sözügedən kəndlərdə ermənilər yerləşdirilə bilməz…  Alternativ yol boyu yalnız Şuşa rayonunun Tursşu qəsəbəsindən savayı öncə adını çəkdiyimiz kəndlərində – işğala qədər Azərbaycan vətəndaşı qismində ermənilərin yaşadığı məntəqələrdə yenidən vətəndaşlığımızı qəbul etmək şərti ilə ermənilər yaşaya bilər… İşğal dövründə Ağanus, Mığıdərə və Malxələf kəndlərində bir neçə hayın qanunsuz məskunlaşaraq yaşaması heç də həmin kəndlərin yenidən haylaşdırılmasına əsas vermir…

 

Xanumyanın guya adı çəkilən Laçın kəndlərinin birinci Qarabağ savaşı və 2020-ci ildəki döyüşlər zamanı talan edilib dağıdılması şərinə gəldikdə bunu Azərbaycan ordusu yox, hayların özü və orduları edib. Belə ki, konkret Ağanus kəndinin Kiçik Qaladərəsi kəndinə yaxın şimal hissəsindəki evlər elə 1992-ci ilin mayındakı ilk işğal günlərindən tamamilə yandırılıb və talanıb. Kəndin “Turşsu” adlanan cənub hissəsində isə uzağı, 4-5 ev salamat qalıb və sonradan həmin evlərdə ermənilər qanunsuz məskunlaşıb.  Azərbaycan ordusu 44 günlük savaş zamanı Ağanus kəndinə, demək olar ki, daxil olmayıb və Rusiyanın “sülhməramlı” sayılan hərbçiləri kəndi nəzarətə götürdükdən sonra Turşsudakı ermənilər özləri könüllü şəkildə məntəqəni tərk ediblər… Deyilən faktları  son onilliklərin video, foto və NASA-nın peyk görüntüləri də təsdiqləyə bilər…

 

Laçın rayonunun hayların yeni “dəhliz” daxilində Rusiya hərbçilərinin dəstəyi ilə nəzarətə götürüb məskunlaşdırmaq istədikləri kəndləri arasında ən strateji məkanda Ağanus kəndi yerləşir. Çünki kənd həm hazırda Rusiyanın nəzarətində olan Şuşa-Laçın yolu və Laçın şəhərinə, eləcə də Şuşa rayonunun ermənilərin sovet dövründən bəri yaşadığı Kiçik və Böyük Qaladərəsi kəndlərinə çox yaxın məsafədə yerləşir…

 

İkincisi, həmin kəndin ərazisində düz  Şuşa rayonu, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhəd üzərində strateji 1784 metrlik Ağdaş yüksəkliyi yerləşir ki, həmin yüksəklikdən həm Laçın şəhərini, hazırkı Şuşa-Laçın yolunu, həmin yol yanındakı ermənilər yaşayan Böyük Qaladərəsi, Onverst, Göytala və s. kəndlərini, həm Qubadlı-Laçın yolunu,  eyni zamanda Ermənistan ərazisindəki Dığ, Gorunzur kəndlərini, həmçinin yeni alternativ yolu nəzarətdə saxlamaq mümkündür… 

 

Üçüncüsü, 2020-ci ilin müzəffər 44 günlük savaşından sonra  Ağdaş yüksəkliyində “Azersel”in rabitə qulləsi qurulub və oraya Azərbaycan hərbi birləşməsi yerləşdirilib…

 

Dördüncüsü, Ağanus kəndinin “Turşsu” adlanan və Qubadlı-Laçın yolu üzərində yerləşən cənub hissəsində eyni adlı narzan tipli və müalicəvi əhəmiyyəti hələ öyrənilməmiş mineral bulaq yerləşir. İşğaldan öncəki illərdə Laçına səfər etmiş yüksək vəzifəli şəxslər, eləcə də tanınmış ziyalı, şair, artistlər, aktyorlar və s. həmin məkanı çox yaxşı xatırlayarlar…

 

Beşincisi isə, digər kəndlər kimi, Ağanus kəndi də nəinki Rusiya-Ermənistan nəzarətinə verilməli, əksinə, mümkün qədər tez məskunlaşdırılmalıdır ki, qonşuluqdakı ermənilər məskunlaşan Kiçik və Böyük Qaladərəsi kəndlərindən Laçın rayonu və şəhəri ərazisinə gələ biləcək mümkün təhlükələr öncədən neytrallaşdırılsın… 

 

 

Separatçı “nazir”in müsahibəsindəki bir yanlış məqama da aydınlıq gətirmək lazımdır.  Belə ki, Ağanus kəndi 10 noyabr 2020-ci il bəyanat-razılaşmasından dərhal sonra əraziyə yeridilmiş Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilib və Xanumyanın dediyi kimi, Azərbaycanın nəzarətində qalmayıb. Ağanus kəndinin adı Rusiya MN-in rəsmi saytında gündəlik dərc olunan “sülhməramlı”ların dislokasiya xəritəsində 27-ci nəzarət-müşahidə məntəqəsinin daxil olduğu ərazi kimi qeyd edilir. Qubadlı-Laçın yolunun kəndin ərazisindən keçən hissəsində nəzarət postu quraşdırılıb. Və həmin yolla Laçın şəhərinə istiqamət alan hərbi və mülki Azərbaycan karvanlarına Rusiya hərbçiləri tərəfindən avtomobilləri saxlamaq və üzərlərində Azərbaycan bayrağı qaldırmaq qadağan edilib…

 

Ağanus kəndinin yenidən alternativ yolda yaradılacaq dəhlizə daxil edilməsinə gəldikdə, doğrudur, əgər hazırkı Laçın dəhlizindəki kimi 5 km-lik zolaq prinsipi ilə götürsək, Ağanus kəndinin ən azı şimal hissəsi və təbii ki, Ağdaş yüksəkliyi də yeni “dəhlizi”in də ərazisinə düşür. Lakin əvvəla, mövcud vəziyyətdə ədalət prinsipi ilə baxılsa, Azərbaycan dövlət başçısının da bu yaxınlarda çıxışlarından birində dediyi kimi, Laçın yolu artıq “dəhliz” çərçivəsindən çıxarılmalıdır. Çünki 10 noyabr razılaşmasına rəğmən və artıq 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan bizə Naxçıvana getmək üçün Zəngəzur ərazisindən nəinki dəhliz, heç yol da verməyib. Odur ki, Qarabağdan Ermənistana getmək üçün də artıq yeni “dəhliz” yox,  

sadəcə, yeni alternativ yol verilməsindən söhbət getməlidir. Və bu halda Ağanus kəndi ilə yanaşı, Laçının digər 6 məntəqəsi də Azərbaycan dövlətinin öz nəzarətində qalmalıdır. Axı həmin kəndlərin sakinləri iki ilə yaxındır öz doğma yurd-yuvalarına dönmək, öz dağıdılmış dədə-baba məzarlarının yerlərini bəlkə tapıb ziyarət etmək ümidi ilə yaşayırlar…. Digər tərəfdən hətta, alternativ yol da dəhlizə çevriləcəyi halda Ağanus kəndi ərazisi əvəzində 5 km-lik zolağı Kiçik və Böyük Qaladərəsi kəndləri yaxınlığındakı boş ərazilər hesabına da ödəmək mümkündür. Axı hazırkı vəziyyətdə olduğu kimi, Ağdaş yüksəkliyində Azərbaycan hərbçiləri, Kiçik və Böyük  Qaladərəsində Rusiya hərbçiləri olacağı halda həmin kəndlərə hansı təhlükədən danışmaq olar?  Və 5 km-lik zolağa qalsa, onda gərək Ağanus kəndi ilə Laçın şəhəri və Şuşa-Laçın yolu arasındakı təxminən 1600-1700 metrlik Cırlanın yalı yüksəkliyi də indiki kimi Rusiya hərbçilərinin nəzarətində qalsın.  Bu isə yolverilməzdir…

 

Bir sözlə, sadaladığımız və unuda biləcəyimiz digər obyektiv və subyektiv səbəblərdən Laçın rayonunun heç bir kəndi, heç bir yaşayış məntəqəsi Rusiya hərbçilərinin, yəni dolayısıyla ermənilərin nəzarətinə verilə bilməz…

 

Müvafiq hökumət qurumları, o cümlədən Laçın Rayon İcra Hakimiyyəti və rayonun hörmətli deputatı, həmçinin Laçın rayonunun və xüsusən bəhs edilən kəndlərin sakinləri başda olmaqla bütün Azərbaycan ictimaiyyəti bu məsələdə xaricdən gələ biləcək təzyiqlərə sinə gərmək üçün dövlətimizə dəstək olmalıdır…

 

Bu gün həmin kəndlərin yadellilərin nəzarətinə verilməsinə razılaşsaq, sabah separatçı Xanumyanın arzuladığı kimi, hayların yenidən Zabuğa, Laçına qayıtmasına da şərait yaranacaq…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button