“Laçın şəhərində tarix boyu kilsə olmayıb…-“Ziyan vurduqları” işğal dövründə tikiləndir…”

“Öz dilimizlə öz mediamızda işğal dövründə qanunsuz olaraq tikilmiş qondarma hay abidələrini “tarixi abidə” adlandırmaqla gələcəkdə qarşı tərəfə bizə qarşı iddia qaldırmağa “əsas” vermiş oluruq…”

 

“Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur – VİDEO” başlıqlı xəbərlər yayan saytların və bunu eyni formada yaymış və ya yaymaq niyyətində olan telekanal, internet,“You Tube”-kanalları, qəzetlər və s. KİV-in nəzərinə Moderator.az vasitəsilə çatdırırıq ki, xəbəri verməmişdən öncə aşağıdakıları bilmək gərəkdir:

 

Laçın rayonunun bir neçə kəndində gerçəkdən tarixi abidə olan xristian dövründə yaşamış türk tayfalarımıza məxsus kilsələr, məbədlər olsa da,  istər Laçın şəhərində, istərsə də Zabux kəndində tarix boyu heç bir xristian, yaxud erməni kilsəsi olmayıb…  

 

Konkret olaraq Laçın rayonunun Kosalar kəndi yaxınlığındakı məşhur Ağoğlan məbədi, eləcə də Minkənd, Hoçaz, Mirik, Qarıqışlaq və s. kəndlərdə rəsmən “alban xristian” abidələri kimi qeydə alınmış məbədlər, digər bir neçə kənddə isə qeydə alınmamış qədim türk tayfalarına məxsus kilsə qalıqları vardır. Bax:(Laçın rayonunun vandalizmə məruz qalmış abidələri- //scwra.gov.az/az/view/objects/9)

 

Laçın şəhərində və Zabuxdakı erməni kilsələrini isə haylar 1992-ci ildən sonra, yəni işğal dövründə tikiblər. Laçın rayon mərkəzindəki kilsə 1998-ci ildə, Zabux kəndindəki isə 2002-ci ildə qanunsuz olaraq tikilib. Bunu özləri də etiraf edirlər:(bax: //wiki5.ru/wiki/Diocese_of_Artsakh#Churches((Qeyd edək ki, Laçın şəhərindəki erməni kilsəsi konkret olaraq Azərbaycan Respublikası vətəndaşı, Laçın rayon sakini Qubad İbrahimova məxsus evin yerində tikilib. Bu haqda sonrakı yazılarımızda ətraflı məlumat verəcəyik)…

 

Odur ki, işğalçı Ermənistan indi həmin kilsələrin nəinki ornamentlərini, hamısını bütövlükdə söküb aparmalıdır… Və Cəbrayıldakı, Zəngilandakı və s. kilsələr kimi həmin kilsələrin gələcəkdə sökülməsinə görə, Ermənistan, yaxud Qarabağdakı ermənilər Azərbaycana qarşı heç bir iddia qaldıra bilməz. Amma biz öz dilimizlə öz mediamızda işğal dövründə qanunsuz olaraq tikilmiş qondarma hay abidələrini “tarixi abidə” adlandırmaqla gələcəkdə qarşı tərəfin bizə qarşı iddia qaldırmasına və Laçını, Zabuxu “min illərdir məskunlaşdıqları qədim erməni torpağı” adlandırmasına  haqsız “əsas” vermiş oluruq. Bu cür xəbərlərdən belə nəticə hasil olur ki, guya ermənilər Laçındakı hansısa tarixi abidəyə qarşı vandallıq edirlər…  Odur ki, bütün həmkarlar və sosial şəbəkə istifadəçilərindən  xahiş edirik, belə məsələlərdə diqqətli olaq və ermənilərin əlinə yaxın gələcəkdə bizi onların “tarixi abidələri”ni sökməkdə “günahlandırması”na əsas verməyək…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button