“Gördüm yazıb ki, Firəngiz Mütəllimova bacısını müğənni etdi, bu, kiminsə əli ilə olmuşdu…”

“İlk dəfə bacım Firəngizlə bəstəkar, əzizimiz Xanım İsmayılqızıgilə getdik, onun “Son nəfəs” mahnısını bəyəndim. Hətta o mahnını mən bəstəkardan alanda deyirdilər ki, “sən niyə elə mahnı götürmüsən, gərək oynaq mahnı götürərdin ki, camaat da rəqs edərdi”. Dedim ki, yox, mən istəyirəm ki, mahnım səviyyəli olsun. Həmişə sırf sənəti fikirləşmişəm. İnanmırdım ki, bu mahnı seviləcək. Mahnıya klip də çəkdirdik, hamı da çox bəyəndi. Klipə, təzə-təzə mahnı alanda mahnıya pul xərcləyirdim. Sonradan Xanım İsmayılqızı mahnıları hədiyyə edirdi, başqa bəstəkarlar da yalnız aranjmanın pulunu alırdı. Bir də geyimlərimə xərcim çıxırdı”

 

Bunu Moderator.az-a açıqlamasında aktrisa Nərgiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

“Efirlərə heç vaxt pul verməmişəm, xərcim çıxmayıb. Firəngizə görə məni bütün kanallar tam təmənnasız çağırırdı. Tanınmağım da elə daha çox Firəngiz Mütəllimovanın bacısı olduğuma görə olub. Bilirsiniz ki, bizim soyadımız artıq uzun illərdir bacımın sayəsində məşhurdur (gülür). Həm də o vaxt televiziyalarda klip saatları var idi. Hamı oturub gözləyirdi ki, görəsən kimin klipini göstərəcəklər? O vaxtı da çox səviyyəli kliplər çəkdirirdilər. İndi hərə əlinə telefon alıb, klip çəkir. O vaxt günlərlə klip çəkilişlərində olurduq. Professional rejissorlarla çalışırdıq, ilk klipimi də Ülviyyə Könül çəkmişdi. Hər insanın da klipini efirdə göstərmirdilər. Təsəvvür edirsiniz, klipim Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Ağadadaş Ağayevin klipi ilə eyni vaxtda efirdə gedirdi. Ona görə tanınmağım elə də çətin olmadı. Maqazin proqramları da gündəmdə idi, hər kəs məşhurların hara getdiyini, nə etdiyini, nə işlə məşğul olduğunu televiziya vasitəsilə izləyirdi. İndi artıq hər kəs sosial şəbəkələrdə paylaşımlar edir” deyə sənətçi bildirib.

 

Nərgiz Mütəllimova o illərdə ona qara yaxan insanlardan da danışıb.

“Tanıdığım bir jurnalist var idi, qəfildən gördüm yazı yazıb ki, “Firəngiz Mütəllimova bacısını müğənni etdi”. Ən yaxşı jurnalistlər də həmin vaxt mənə dəstək çıxdılar. Mən sonradan bildim ki, həmin jurnalist onu öz ağlı ilə etməyib. Kiminsə əli ilə olmuşdu bu məsələ. O illərdə “Popstar” yarışmasının iştirakçısı Bayhan da çox məşhur idi. O Azərbaycana gələndə həm aparıcı, həm də müğənni qismində onunla bir səhnəni bölüşmüşdüm. Bütün bu uğurlarımı da həzm edə bilmirdilər” deyə sənətçi bildirib.

 

Müğənni bu günki fəaliyyətindən də danışıb.

 

“Neçə ildir efirdə yoxam, mahnı oxumuram, heç bir verilişlərə çıxmıram, ağzımda maska olanda belə danışıramsa məni səsimdən tanıyırlar. Soruşurlar ki, “Nərgiz xanım, niyə oxumursunuz, niyə efirə çıxmırsınız?”. Sağ olsunlar ki, efirlərə çıxmasam da məni unutmayıblar. Yaxınlaşıb şəkillər çəkdirib, ünvanıma xoş sözlər söyləyirlər. Bu gün qəfildən elə mahnılar qarşıma çıxır ki, bilmirsən cigildəyirlər, mızıldanırlar. O mahnı da trendə çevrilir. Bilmirəm ki, həmin mahnıya kimlər qulaq asır?! Bu gün gündə efirdə olan müğənnilərin bir çoxu tanınmır. Halbuki o özünü tanınmış hesab edir, amma onu tanımırlar. Mən sənət fəaliyyətim dövründə hər zaman gündəmdə qalmışam. İndi sevinirəm ki, yaxşı ki, müvəqqəti də olsa müğənnilik fəaliyyətimə ara vermişəm. İnşallah hər şey yaxşı olsun, yenidən qayıdacağam. Qayıdışım da hər zamankı kimi möhtəşəm olacaq” deyə Nərgiz Mütəllimova deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button