“Şəhid ailələrini ziyarətdən gəlirəm, ürəyimdən keçmir ki, ad günü edim, amma yubileyimdir…”

“Hazırda Ağstafadan şəhid ailəsini ziyarətdən gəlirəm. Bir neçə gün öncə isə Ramana, Şəmkirdə və digər ərazilərdə olan şəhid ailələrini ziyarət etmişdim. Mənim üçün ad günü bir o qədər də önəm daşımır. Sağ olsun, Xəzər tv-nin direktoru, hörmətli Murad Dadaşov mənim üçün gözəl bir tort və təbrik məktubu göndərib. Mən ad günü etmirəm, axşam yəqin ki, o tortdan kəsib dadacağıq. Ürəyimdən gəlmir ki, özümə ad günü edim. Mənim yubileyimdir, amma sağ olsun dostlarımın, xalqımın mənə dəyər verməsi mənim üçün elə ad günüdür”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. O daha sonra əlavə edib.

“Mənim ən böyük arzum dünyamızda, Azərbaycanımızda sülhün bərqərar olması, müharibənin olmamasıdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Əsas sağlam candır. Sağlam can varsa, Allah o ruzini yetirəcək. Əgər sağlamamsa həyatda sevənlərim də olacaq, seviləcəm. Mən xoşbəxt sənətkaram ki, Allah mənə xalqın bu qədər sevgisini verib. Allah o sevgini mənim əlimdən almasın. Mən insanları sevirəm, onlara etibar edirəm. Mən obrazı yalnız səhnədə oynayıram, səmimiyyət mənim üçün çox önəmlidir. Nə qədər nəfəsim varsa səhnədə olmaq, filmlərdə, seriallarda çəkilmək istəyirəm. Obrazları rəngarəng oynamaq, yaratmaq da hər bir sənətkara nəsib olmur” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button