Rusiyanın nəzarətində olan Ağanus kəndi ermənilərin yeni müzakirə obyektinə dönüb…

“10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Laçın rayonunun Ağanus kəndi Azərbaycan ordusunun nəzarətinə qaytarılmayıb və Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasına daxil edilb. Bu Rusiya MN-in xəritəsində də aydın görünür…”

 

“Azərbaycana verilmiş Ağanus kəndinin erməni tərəfinə qaytarılacağı təqdirdə onun sakinləri öz evlərinə qayıdacaqlarmı?”

Moderator.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış hayların həmin kənddən çıxarılacağı məsələsi qətiləşdikdən sonra eyni rayonun Mığıdərə, Unannovu, Ərəb, Malxələf, Dəyirmanyanı və s. kimi kəndlərinə də toxunan belə suallar erməni mediasında  müzakirə olunmaqda davam edir. Hətta bu kəndlərin ermənilər tərəfindən məskunlaşdırılacağından danışılır…

 

Bu dəfə belə başlıq altında Ermənistanın News.am saytında material dərc olunub və onu “ArmenianReport” kimi aparıcı erməni saytları ermənicə və rusca tirajlayıb.

 

 

“Ağanus kəndinin sakinləri 44 günlük müharibədən sonra Azərbaycana verilmiş kəndin Ermənistan tərəfinə qaytarıla biləcəyinə şübhə ilə yanaşır”.

Material bu cümlə ilə başlayır.

 

Azərbaycan saytlarının eyni material əsasında tərcümə edib hazırladığı yazıda isə belə deyilir:

 

“2020-ci ilin dekabrında Laçının Ağanus kəndini tərk etmiş ermənilər Qarabağa dönmək istəmirlər.

Xatırladaq ki, bir neçə gün öncə separatçıların “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan mətbuata açıqlamasında bildirib ki, yeni Laçın yolu işə düşəndən sonra Ağanus kəndi ermənilərin nəzarətinə qaytarılacaq: “Ağanus icmasının ərazisi dəhlizə qayıdır. Azərbaycanın nəzarətindən çıxacaq, amma 44 günlük müharibə zamanı orada yaşayan ermənilər kəndi yandırıb talan ediblər”.

 

Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərindəki evlərin yandırılmasının əleyhinə olduğunu bildirib.

 

Qeyd edək ki, Ağanus kəndi 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra, dekabrın 1-də Azərbaycanın nəzarətinə keçib. Müharibə zamanı təxliyə edilmiş kəndin 102 sakini var idi. Onların əksəriyyəti Ermənistanda məskunlaşıb.

 

Ağanus icmasının rəhbəri Artak Abrahamyan sakinlərin kəndə qayıtmaq istəmədiklərini bildirib: “Sakinlərin Ağanusa qayıtmasından danışmaq hələ tezdir. Sakinlər 1994-cü ildən 44 günlük müharibəyə qədər aldadılıb, hazırda heç kimin geri qayıtmaq fikri yoxdur. Bu gün Qarabağa köçürülmüş digər ermənilər oradan çıxarılır. Biz ora necə dönə bilərik?”

 

Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir…

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub”.

 

Əvvəla, artıq bir sıra Azərbaycan saytlarının da erməni nəşrlərindən kopiyalayıb tərcümə etdikləri yanlış bir məqam ondan ibarətdir ki,  44 günlük müharibədən, başqa sözlə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Laçın rayonunun Ağanus kəndi Azərbaycan ordusunun nəzarətinə qaytarılmayıb və həmin kənd ilk günlərdən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətinə verilməklə gündəlik olaraq həmin kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritəsində 27-ci nəzarət-müşahidə postunun yerləşdiyi məntəqə kimi göstərilir. Və Laçın “dəhlizi”nə Qubadlı rayonu istiqamətindən giriş Ağanus kəndindən bir neçə kilometr cənuba doğru yerləşən və Rusiya MN-in bəhs edilən xəritəsində “Şivid xarabalıqları” kimi qeyd olunan nəzarət-buraxılış postundan başlayır. Həmin postdan sonra Rusiya hərbçiləri Azərbaycanın nə hərbi, nə də mülki sakininə avtomobilləri saxlayıb düşərək su içməyə belə, rəsmən icazə vermir… Ona görə də Ağanus kəndinin Azərbaycan Respublikasının rəsmi nəzarətinə qaytarılmasını biz – Azərbaycan tərəfi, Azərbaycan dövləti, həmçinin Laçın rayonunun icra qurumları, o cümlədən həmin kəndin sakinləri tələb etməlidir, ermənilər yox…

 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button