“Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki…”

Məlum olduğu kimi,Azərbaycanın milli valyutası-manat 30 il bundan əvvəl- 1992-ci il avqustun 15 də AXC hakimiyyəti  zamanında dövriyyyə buraxılıb.

 

Bununla əlaqədar olaraq Moderator.az millət vəkili, AXC hakimiyyəti zamanı baş nazirin səlahiyyətlərini icra edən Əli Məsimliyə müraciət edərək milli valyutamız-manatın 30 il  ərzində keçdiyi yol, bu günü və sabahı barədə aşıqlama verməsini xahiş etdi: 

       

Əli Məsimli  bildirdi ki, “Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini elan etməsi, suveren dövlətin mühüm atributlarından biri olan müstəqil maliyyə-bakk sisteminin formalaşdırılmasını vı milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Çünki müstəqillik elan olunsa da, Azərbaycan rubl zonasının inteqral tərkib hissəsi kimi qalmaqda davam edirdi. Ona görə də “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” 15 iyul 1992-ci il tarixli xüsusi prezident fərmanı əsasında 1992-ci il avqustun 15-də milli valyuta-manat dövriyyəyə buraxdı. Müstəqil Azərbaycanın ilk pul əskinasları 1992-ci ildə Fransada çap edildi, sonra isə bu iş Almaniya və Böyük Britaniyada da davam etdirildi. 5, 10, 20 və 50 qəpiklik sikkələr isə Azərbaycanın özündə kəsilirdi. Azərbaycan manatı dövriyyəyə 1 manat=10 rubl nisbətində buraxıldı və 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat rus rublu ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Manat dövriyyəyə 1 manat=10 rubl nisbətində buraxılsa da, qısa müddət ərzində sərhədyanı ticarətdə geniş istifadə olunan populyar bir valyutaya çevrilmişdi və mübadilə zamanı 1 manat 16-17 rubla dəyişdirilirdi. Amma transformasiyanın o vaxtkı mürəkkəb və çətin  şəraitdə yeni müstəqil dövlətin  milli valyutasının məzənnəsini dönərli valyutalara nisbətdə davamlı olaraq sabit saxlamağın praktiki olaraq mümkün olmaması və həm də  manatın rublla paralel işləməsi bir müddətdən sonra onun məzənnəsinə mənfi təsir göstərməyə başladı. “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 11 dekabr 1993-cü il tarixli prezident fərmanı ilə Azərbaycan rubl zonasından çıxdı və 1994-cü ilin yanvarından manat dövriyyədə yeganə ödəniş vasitəsinə çevrildi. Manatın yeganə ödəniş vasitəsinə çevrilməsi, Azərbaycan iqtisadiyyatını rubl zonasının inhisarından çıxardı, ölkəmiz suveren dövlətə xas olan maliyyə-kredit-pul siyasəti həyata keçirməyə başladı. Sonrakı mərhələdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli prezident  fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirildi və tədavülə yeni nəsil pul nişanları (AZN) buraxıldı. Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.Yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanıb və  dizayn mövzusu  Azərbaycanın müstəqilliyini  və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

 

Əli Məsimli qeyd etdi ki, manatın məzənnəsi uzun müddət 1 dollar=0,78 manat nisbətində olub, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində manat əvvəlcə həmin ilin 21 fevralında  34 faizə yaxın ucuzlaşaraq dollara nisbətdə 0,78 manatdan 1,05 manata, 21 dekabrda isə 48 faizə yaxın ucuzlaşaraq 1,05 manatdan 1,55 manata enib:2016-cı ildə manatın məzənnəsi 1,49-1.77 manat intervalında, 2017-cı ildə 1,70-1,92 manat  intervalında dəyişib, 2018-ci ildə isə manat 2015-ci ilin 20 fevralına nisbətən 2 dəfə ucuzlaşaraq hazırkı 1,70 manat  göstəricisi ətrafında qərarlaşıb. 

       

Əli Məsimli hazırkı məzənnə siyasətinin nə qədər davam edəcəyi barədə sualı cavablandırarkən bildirib ki,hazırkı məzənnə siyasəti ilə manatın bundan sonra da uzun illər 1 dollar=1,7 manat səviyyəsində saxlamaq mümkünsüzdür və gec-tez tam üzən məzənnə rejiminə keçiriləcək. Manat  sərbəst  üzən məzənnə rejiminə keçərkən məzənnənin dəyişməsi də labud haldır. Amma məsələ bundadır ki, hazırkı iqtisadi şəraitdə, eləcə də məzənnə siyasətinin davamı kimi manatın tam üzən məzənnəyə keçidinin ilkin şərtləri yoxdur. Manatın sərbəst  üzən məzənnə rejiminə keçirilməsi  barədə məsələ konkret vaxt( 2020-ci il) göstərilməklə Strateji Yol Xəritəsinə salınsa da,bir müddətdən sonra Mərkəzi Bankın 2020-ci ildə “tam üzən məzənnə rejiminə keçməyimiz real deyil” deməsi faktı göstərir ki, dediklərimiz əsaslıdır.  

       

Əli Məsimli 2022-ci ildə manatın durumu və devalvasiya ilə bağlı suala cavab olaraq bildirib ki, devalvasiya tədiyyə balansının vəziyyəti, valyuta ehtiyatları, kapital axını, ölkənin xarici ticarət siyasətinin yönümü, aktivlik dərəcəsi və eksport  imkanları, psixoloji xarakterli və sair bu kimi bir sıra amillərlə şərtlənir. Manatın məzənnəsi daha çox dünya bazarında neftin qiymətindən, bu əsasda  ölkəmizə daxil olan valyutanın həcmindən  və bunun da tədiyyə balansına təsir dərəcəsindən,eyni zamanda həm də faktiki olaraq Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğindən  asılıdır.Qlobal geosiyasi və iqtisadi proseslərin fonunda bu ilin birinci yarısanda dünya neft bazarında xam neftin bir barelinin qiyməti 110 dollar təşkil etmiş, hazırda isə 100 dolların altındadır. Bu da 2022-ci ilin dövlət büdcəsinin əsasına qoyulmuş proqnoz rəqəmindən 1,6 dəfə yüksəkdir. Tədiyyə balansı da da profisitlidir. Bu ilin birinci yarısında  xarici ticarət balansnda  isə 12 milyard dollarlıqdan artıq  müsbət saldo yaranıb. Yüksək neft qiymətlərinin uzunmüddətli olması ehtimalı az olsa da, beynəlxalq maliyyə təşkilatlarının və digər qurumların qənaətinə görə, qeyri-adi  heç nə baş varməsə, 2022-ci ildə dünya bazarında neftin ortalama qiyməti bütün variantlarda Azərbaycan büdcəsində nəzərdə tutulan səviyyədən yüksək olacaq. İlboyu 70 və 90 dollar arasında qiymət dəyişkənliyi  üçün imkanlar olacaq, lakin illik təxminən 85 dollarlıq orta qiymət proqnozlaşdırılır. Bu rəqəm neftin qiymətinin Azərbaycan üçün kritik həddin başlanğıcı hesab olunan 40 dollardan 2 dəfə yüksək olduğundan, devalvasiya ehtimalı yoxdur.

 

Bununla belə Əli Məsimli qeyd edib ki, hazırda devalvasiya üçün real iqtisadi əsaslar və sərbəst üzən məzənnəyə keçilməsi üçün lazımı şərtlər mövcud olmasa da, çox güman ki, növbəti illərdə istər-istəməz manatın sərbəst üzən məzənnəyə keçməsi ilə bağlı müəyyən qərarların verilməsi gündəmə gələcək.Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki, maliyyə sektoronda durum kritik həddə çatanda, devalvasiyaya gediləcək. Neftin qiyməti 40 dollar ətrafına düşüb, bundan da aşağıya doğru azalmağa meyl götürsə, belə bir aşağı qiymət xeyli müddət davam etsə, onda makroiqtisadi vəziyyət də, tədiyyə balansındakı durum da pisləşəcək və devalvasiya qaçılmaz olacaq. Azərbaycan sərbəst üzən məzənnə rejiminə keçmədiyindən, manatın  məzənnəsi  ilə bağlı rəsmi qərarı, manat üçün hansı risklərin  formalaşmasından və onun təzyiq dərəcəsindən asılı olaraq qəbul edilən siyasi qərar əsasında Mərkəzi Bank verir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button