Bir ildə 346 gün ekspedisiya? – AMEA-da ilanı “Seyid Əhməd əli” ilə tutmağın sirləri…

AMEA-nın müxtəlif institutlarında baş verən qeyri-adi hadisələrin ictimailəşdirilməsi çoxlarını narahat etsə də, amma kimin ziyalı, kimin bu söz arxasında gizlənən intriqaçı olduğunu, hansı alimin elmimizə nə qədər fayda və ya zərər verdiyini aydınlaşdırmaq baxımından mətbuatın mövzunu vaxtaşırı gündəmə gətiməsi ümumi işin xeyrinədir.

 

Son vaxtlar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu barədə yazılanlar bu elmi institut haqqında mənfi ictimai rəy yaradıb. Etiraf edək ki, institutun şöbə müdiri Nəcəf Müseyibli haqqında bu məlumatları əldə edənə qədər biz də bu alimin haqlı olduğu qənaətindəydik. Hesab edirdik ki, alim uzun illərdir çalışdığı institutda baş verənlərdən narahatdır. Ona görə də belə ürək yanğısı ilə institutun fəaliyyətini tənqid edir. Amma redaksiyamızın əldə etdiyi faktlardan sonra aydın oldu ki, Nəcəf Müseyiblinin bu yazıları heç də elmimizin inkişafına xidmət etmirmiş. Sən demə, alimin bu yazıları yazmaqda məqsədi onun qanunsuz əməllərini ortaya çıxarmada maraqlı olanları susdurmaq, əvvəllər olduğu kimi elm pərdəsi altında dövlət büdcəsinə sığal çəkmək imiş…

Hörmətli oxucu düşünəcək ki, alim hara, dövlət büdcəsini talamaq hara. Əziz oxucular! Bu yazını səbrlə sona qədər oxuyun. Oxuyun ki, elm pərdəsi altında ilanın Seyid Əhməd əli ilə necə tutulduğundan xəbərdar olasınız…

 

Əvvəla onu qeyd edək ki, yazıda gedən bütün məlumatlara görə məsuliyyət daşıyırıq və onların hamısı faktlara əsaslanır.

 

Nəcəf Müseyiblinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, onun baş direktoru professor Abbas Seyidov haqqında yazdığı bir neçə yazını oxuduq. Az qala orada yazılanlara inanmşdıq da. Amma bütün bunları araşdırmaq qərarına gəldik. Çünki N.Müseyiblinin yazılarındakı bir sıra məqamlar bizə şəxsi qərəzin nümunəsi kimi gəlirdi.

 

Nəcəf Müseyibli AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev haqqında (R.Mehdiyevin hansı yol tutması bu gün hamıya məlumdur. Bu, başqa mövzudur) yazdıqlarının çoxunda əvvəl bir neçə xoşagəlməz ifadə işlədir və sonra keçid edir baş direktora. Sanki, oxucuya əvvəldən təlqin edir ki, Abbas Seyidov Ramiz Mehdiyevin “kadrıdır”. Abbas Seyidov Ramiz Mehdiyev akademiyanın prezidenti olduğu dövrdə Nəcəf Müseyiblinin yanlış olaraq yazdığı kimi, bu instituta təyin edilməyib, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin ümumi yığıncağının 02 noyabr 2021-ci il tarixli iclasında baş direktor vəzifəsinə seçilib, AMEA Rəyasət Heyətinin 03 noyabr 2022-ci il tarixli (№ 18/23) Qərarı ilə institutun baş direktoru vəzifəsinə təsdiq edilib və AMEA prezidentinin 11 noyabr tarixli sərəncamı ilə AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. Məlumdur ki, R.Mehdiyevin işlədiyi dövrdə çoxları müxtəlif vəzifələrə təyin olunub…

 

Yazı üzərində işlədiyimiz məqamda Nəcəf Müseyiblinin Ramiz Mehdiyevə tərif yağdırdığı bir neçə məqalə ilə tanış olduq. Məsələn, N.Müseyibli “Xalq qəzeti”nin 30 yanvar 2017-ci il tarixli sayında “Etnogenez tariximiz arxeoloji və paleoantropoloji tədqiqatlar kontekstində” adlı məqaləsində yazır: “…Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı proqram səciyyəli əsərində Azərbaycanın qədim dövr tarixinin bir sıra problem məsələləri ilə yanaşı azərbaycanlıların etnogenez tarixinin öyrənilməsinin zəruriliyini xüsusi vurğulamışdır…. Hörmətli akademik Ramiz Mehdiyev öz əsərlərində gətirdiyi sanballı faktlarla erməni ideoloqlarının bu saxta iddialarına tutarlı cavablar vermişdir…”.

 

“Əsl tarixi həqiqətlər məxəzlərdədir” adlı yazısında Nəcəf Müseyibli Ramiz Mehdiyevi göylərə qaldıraraq yazır: “…Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin bu yaxınlarda Moskvada nəşr olunmuş “Naqornıy Karabax: isteriya proçitannaya po istoçnikam” (Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix) adlı kitabı böyük əhəmiyyət kəsb edir… Lakin haqqında bəhs etdiyimiz kitabın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, onun müəllifi akademik Ramiz Mehdiyev həm konfliktin tarixi köklərini dərindən bilən görkəmli alim, həm də tanınmış dövlət xadimi, təcrübəli siyasətçidir….” (Azpress.az, 28.10.2014). 

 

Belə yazıların sayını artırmaq da olar. Fikrimizcə, kifayətdir. Görünür, Nəcəf Müseyibli gələcəkdə Ramiz Mehdiyevdən özü üçün daha böyük vəzifələr gözlədiyindən bu tərifləri yağdırmaqla məşğul olub. 

 

Bu tərifləri yağdıran Nəcəf Müseyibli sonradan Ramiz Mehdiyevi tənqid edənlərin cərgəsinə qoşulub. Maraqlıdır, görəsən Ramiz Mehdiyevi sərt tənqid edən Nəcəf Müseyibli Mehdiyev istefa verdikdən sonra onunla niyə görüşüb?  Yəqin ki, o, bu yazıdan sonra da Mehdiyevlə görüşünün səbəblərini açıqlamayacaq. Hətta belə bir görüşü inkar edəcək. 

 

Nəcəf Müseyibli  03.02.2022-ci il tarixdə aznews.az portalında dərc edilən “Ramiz Mehdiyevin saxtakar müdafıəçisinə!” adlı məqaləsində yazır: “…Mənim öz ərizəmlə direktor müavini vəzifəsini tərk edərək şöbə müdiri vəzifəsinə keçməyimin səbəbi odur ki, əvvəllər heç bir vaxt adi şöbə müdiri işləməyən, elmi-təşkilati idarəçilik təcrübəsi olmayan Abbas Seyidov baş direktor təyin edilmişdi və mən də elmdə və elmi-təşkilati işlərdə məndən qat-qat aşağı səviyyədə olan birisinin bilavasitə tabeçiliyində işləyə bilməzdim. Bu, mənim üçün təhqir olardı…”.

Araşdırmamızdan məlum oldu ki, N.Müseyibli hal-hazırda Abbas Seyidovun rəhbərlik etdiyi institutda işləyir və əvvəlki vəzifəsindən (elmi işlər üzrə direktor müavini) aşağı vəzifədə – şöbə müdiri. Əgər bu institutda işləmək təhqirdirsə, Nəcəf Müseyibli niyə orada daha aşağı vəzifədə işləməklə razılaşıb? Görünən odur ki, Müseyiblinin dərdi həmin instituta rəhbərlik etmək imiş. Burda məqsəd isə elmə fayda vermək deyil, daha çox qazanmaq idi. Elə bilərsiniz bəlkə elmi qazancdan bəhs edirik. Qətiyyən. Söhbət müxtəlif yollarla varlanmaqdan, yəni daha çox gəlir əldə etməkdən gedir. Bu barədə bir az sonra.

 

Elə həmin portalda N.Müseyibli yazır ki, “…direktor olduğu halda özünə əlavə olaraq şöbə də açmışdır. Eyni zamanda əvvəlki əsas iş yerində – İqtisad Universitetində yarım ştat işçi kimi qalmışdır. Deməli, Abbas Seyidov özü 3 iş yerində işlədiyi halda, digərlərini işdən çıxarır…”.

 

Doğrusu, bu məsələ bizdə daha çox maraq doğurdu. Araşdırmamız oxucularımızı da təəccübləndirəcək. Bəli, A.Seyidov UNEC-də – yəni əvvəllər də uzun illər işlədiyi və kollektiv tərəfindən sevildiyi universitetdə 0,5 ştat əvəzçiliklə işləyir. Və həm də “Azərbaycanın son neolit və eneolit (xalkolit) dövrü şöbəsinə” rəhbərlik edib. Artıq üç aydır ki, şöbəyə dosent Xəqani Alməmmədov rəhbərlik edir. Amma A.Seyidov sonuncu vəzifəyə ictimai əsaslarla, təcrübəli alim kimi rəhbərlik edib, dövlət büdcəsindən bir qəpik belə almadan. O da məlum oldu ki, Nəcəf Müseyibli elmi işlər üzrə direktor müavini işlədiyi dövrdə, eyni zamanda şöbə müdiri olub və oradan əməkhaqqı alıb. Bunlar azmış kimi, 2009-2021-ci illərdə –  13 il ərzində 1656 gün (4.5 il) “ekspedisiya”larda olub. Onun rəhbəri olduğu ekspedisiyaya 588.120 manat vəsait ayrılıb ki, bu pullar N.Müseyiblinin əli ilə üzvlərə “paylanıb” (2021-ci ilin avqust ayından başlayaraq şəffaflığın təmin edilməsi üçün hər bir ekspedisiya üzvünün aylıq alacağı vəsait öz əməkhaqqı kartına keçirilir). Vəzifədə olduğu 16 ilin 4.5 ilini iş yerində olmadığı halda külli miqdarda vəsaitlə, aylıq əlavə əməkhaqqı, həmçinin şöbə müdirinin əməkhaqqısı ilə təmin olunub (Bu faktları təsdiq edən sənədləri əldə etmişik. Mübahisə yaranacağı təqdirdə aidiyyatı üzrə təqdim edə bilərik).

 

Elə illər olub ki, N.Müseyibli az qala bütün ili “ekspedisiyada” olub. Niyə institutda ondan başqa arxeoloq yox idi!? 

 

Nəcəf Müseyibli 2009-cu ildə 217 gün, 2010-cu ildə 209 gün, 2011-ci ildə 130 gün, 2012-ci ildə 123 gün, 2013-cü ildə 346 gün “ekspedisiyada” olub. Təsəvvürünüzə gətirin, bir ilimiz cəmi 365 gündür, Nəcəf Müseyibliyə isə 346 gün ekspedisiya yazılıb. Bu isə o deməkdir ki, Nəcəf Müsehyibli həmin ili Bakı şəhərində, AMEA-da demək olar ki, olmayıb. Amma institut əməkdaşları bunu təsdiqləmir. Adlarının açıqlanmasını istəməyən institut əməkdaşları bu illərdə onu əksər vaxtlarda institutda gördüklərini bildirirlər. Əgər alim institutda, öz iş otağında olubsa, bu 346 gün ekspedisiya nədir? Açığı alimin bir ildə 346 gün ekspedisiyada olması faktına inana bilməmişdik. Heç inanılası məsələ də deyil. Amma rəsmi sənədlərlə tanış olduqdan sonra Nəcəf Müseyiblinin doğrudan da  bir ildə 346 gün ekspedisiyada olduğunu dəqiqləşdirdik. Belə çıxır ki, Nəcəf Müseyibli bir il sərtamam Bakıdan kənarda, müxtəlif bölgələrdə evindən-eşiyindən uzaq araşdırmalarla məşğul olub. Nə “zəhmətkeş” alim imiş.  Tutaq ki, Müseyibli daha çox vəsait əldə etmək üçün bu qədər vaxtda ekspedisiyada olmaq istəyirdi. Bəs bu ekspedisiyalar üçün vəsaiti buraxan rəsmi şəxslər hara baxırdı? Belə çıxır ki, alim bir il ərzində istirahət günləri olmadan çalışıb? Hətta bayram günlərində də arxeoloji qazıntı aparıb? Bu fakt həm də əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Bu fakt həm də onu sübut edir ki, elm adı ilə dövlət büdcəsinin milyonlarla manat vəsaiti talan edilib. Bunun müabilində isə heç bir ciddi elmi nəticə əldə edilməyib. 

 

Hesablama Palatasının AMEA-da apardığı yoxlamalardan sonra Nəcəf Müseyibli 2014-cü ildə 143 gün, 2015-ci ildə isə 130 gün ekspedisiyada olub. Hesablama Palatasının yoxlamasından sonra ekspedisiyalara N.Müseyibli yox, onun yaxın adamlarından 3 nəfər rəhbərlik edib. N.Müseyibli isə qalan illərdə 60 günlük ekspedisiyalarla kifayətlənib. Həmin üçlükdən biri 9 ildə 1167 gün (3,2 il, ekspedisiyaya ayrılan 327.096 AZN-lə), digəri 5 ildə 584 gün (1,6 il, ekspedisiyaya ayrılan 181.750 AZN-lə), digəri son 7 ildə 755 gün (2 ildən artıq, ekspedisiyaya ayrılan 237.381 AZN-lə) ekspedisiyalarda olublar. 

 

Digər bir 2019-cu ilə aid sənədlə tanış olanda gördük ki, həmin ildə büdcədənkənar institututa daxil olan 120.000 AZN-dən artıq vəsaitin 86.400 AZN-i tələm-tələsik həmin üç nəfərin adına rəsmiləşdirilib və onların biri qayıtmamış ikincisi, üçüncüsü Gəncə-Qazax bölgəsində “ekspedisiyada” olub. Sual olunur: institutda həqiqətənmi bunlardan başqa arxeoloq olmayıb? Əlbəttə olub. Burada baş rolu N.Müseyibli təmsil edib. 

 

Bunlar azmış kimi, ayrı-ayrı illərdə Nəcəf Müseyibliyə yanvar ayından dekabrın 31-dək – “qısa bir zaman üçün” (nədir ki, 3 il 12 ay, iki il isə 5 və 10 ay) – 2016, 2017, 2018, 2019, 2020-ci illərdə əmək haqqının 50 faizi qədərində əlavə əməkhaqqı yazılıb. Araşdırmalar göstərir ki, bu adam iş yerində olub-olmamasından asılı olmayaraq, 5 il ardıcıl əlavə vəsait də alıb.

 

Maraqlısı odur ki, Nəcəf Müseyiblinin apardığı “arxeoloji tədqiqatların” əksəriyyətinin ünvanı dəqiq göstərilməyib. Məsələn, əmrlərdə göstərilir ki, Bərdə rayonu, Ağstafa rayonu, Gəncə rayonu ərazilərində və s. Konkret ünvanın olmaması cinayətdir. Bəs bu alim harda tədqiqat aparıb? Hansı abidədə arxeoloji qazıntı işləri həyata keçirilib? Tədqiqatlar nəticəsində hansı elm yeniliklər əldə edilib? Tədqiqat yerinin ünvanı necə göstərilməyə bilər?

 

Hələ bu, harasıdır. 2012-ci ildə N.Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonları ərazilərində yerləşən qədim qəbr abidələrindən (abidənin yeri haqqında məlumat vermir) e.ə. I minilliyin birinci yarısına aid qızıldan və tuncdan hazırlanan bir cüt sırğa, üzük, armudvari və boruşəkilli muncuqlar və asma bəzək əşyaları aşkar edilib. Müseyibli bu qızıl əşyalar haqqında 2018-ci ildə məlumat verib. Hər yerdə bu haqda danışıqlar getdikdən sonra. 6 il bu qızıl əşyalar harada saxlanılıb? Bunlar niyə gizlədilib? Bunlar tapılanların hamısıdırmı? Suallar çoxdur. 

Bütün bu faktlardan sonra aydın olur ki, Nəcəf Müseyibli gerçək elm yolunu deyil, müxtəlif vasitələrlə pul qazanmaq, bu alınmayanda isə böhtan atmaq, şantaj etmək yolunu tutub. Təəssüf ki, o, yalanlarla dolu yazıları ilə ictimaiyyəti çaşdırmağa cəhd edib, onun kimi dövlət büdcəsini havaya sovurmaq istəməyən adamlara qarşı hücuma keçib. Bir elm adamına yaraşmayan hərəkətdir. Nəcəf Müseyiblinin bu hərəkərlərini daha sərt sözlərlə qınamaq da olardı. Amma bir elm adamına bunu rəva görmədik. Sadəcə təəssüf etməklə kifayətlənirik…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button