“Həsən Həsənovla birgə Ermənistandan gələnlərə Qarabağda qalmağı tövsiyə edirdik…”

34 il öncə soydaşlarımıza Ermənistandan köçməyi təlqin edən vəzifəli azərbaycanlı kim olub?..

 

1988-ci ilin bu günlərində “Ermənistan” adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın tədricən sıxışdırılıb köçürülməsi prosesi artıq başlanmışdı. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən bu prosesin qarşısının alınması üçün müəyyən cəhdlər göstərilirdi. Ermənistan SSR rəhbərliyi də ilk baxışdan həmin istiqamətdə işlər görür, Azərbaycan rəhbərləri ilə əlaqə saxlayır, oraya ezam olunmuş azərbaycanlı məmurların əhali ilə görüşlərini təşkil etməyə çalışırdı.  Bəs  o dövrkü Ermənistan rəhbərləri doğrudanmı Azərbaycan türklərinin o torpaqları tərk etməsinin qarşısını almaq istəyirdi?.. Onlar Bakıdan gedən, çoxlarını öncədən tanıdıqları yüksək vəzifəli məmurlarla münasibətlərində səmimi idilərmi?.. 

 

O illərdə  Azərbaycan SSR-in ədliyyə naziri işləmiş Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabında  müəllifin özünün bəhs edilən  1988-ci ilin may-sentyabr aylarında Ermənistana heyət rəhbəri kimi ezam olunduğu günlərdə şahidi olduğu faktlardan bəhs edilir. Həmin kitabdan Moderator.az oxucuları üçün təqdim edəcəyimiz bir neçə maraqlı epizodda təsvir edilmiş hadisələr və onlara müəllif tərəfindən bu gün verilən şərhlərdə Ermənistan və həmçinin Qarabağdakı ermənilərlə hazırkı münasibətlər üçün də aktual olan bir sıra suallara cavab tapmaq mümkündür.

 

Vəziyyət elə gətirir ki, İrəvandakı mitinqlərə də qatılıb ermənilərin Azərbaycana qarşı gerçək münasibəti öyrəndikdən sonra guya onlara terror ediləcəyindən qayğılanan Ermənistan rəhbərliyinin təkidi ilə digər nümayəndələrimizlə birgə Bakıya dönən sabiq Ədliyyə naziri Əlisaab Orucov bir neçə gündən sonra yenidən Cəlilabad rayon partiya komitəsinin keçmiş I katibi İbrahim Qurbanov və Respublika Quşçuluq Birliyinin sabiq rəisi Mehdi Məmmədovla İrəvana gedəsi olur…

 

Bu haqda sabiq nazir öz kitabında belə yazır:

 

“Son günlər Ermənistandan Azərbaycana pənah gətirən qaçqınların sayı getdikcə artırdı. Bunun səbəbini öyrənmək üçün Azərbaycan KPMK-nın 1-ci katibi Ə. Vəzirovun tapşırığı ilə azərbaycanlıların yaşadıqları Gorus, Əzizbəyov, Vardenis, Masis və s. rayon və kəndlərə yollandıq. Oradakı camaatımızla söhbət etdik. İş yerlərində, yeni məktəblərdə, xəstəxanalarda və s. müəssisələrdə olduq. Ermənilərə müraciət edib, onlarla təmas qurmağa cəhd etdik. Lakin onlar azərbaycanlı olmağımızı bildikdən sonra bizimlə danışmaqdan imtina etdi və müraciətimizi cavabsız qoydular. 

 

Məlum oldu ki, orada azərbaycanlılara qarşı Dağlıq Qarabağ Muxtar Vilayətində olduğu kimi, Ermənistanda da kütləvi şəkildə mənəvi terror həyata keçirilir. Azərbaycanlıların Qərbi Azərbaycandakı vəziyyəti dözülməz hal almışdı. Artıq onlar iş yerlərinə buraxılmır və bütün sahələrdə onların işini ermənilər özləri əvəz edirdilər. Tamamilə başqa ixtisas və sənət sahibləri olan erməni ziyalıları kənd təsəürrüfatının bütün sahələrində çalışmaqla təsərrüfatın məhv olmasına və işin dayandırılmasına imkan vermirdilər. Bizim camaata hədə-qorxu gəlir, onlardan evlərini, mülkünü, əmlakını satmağa və yaxud Azərbaycanda yaşayan ermənilərlə dəyişməyə məcbur edirdilər. Mənəvi terror bütün sahələri əhatə etmişdi… 

 

Ermənilərin Şirazlı(Vedibasar mahalının Vedi rayonunda kənd. Hazırda haylar tərəfindən “Vosgetar” adlandırılır) kəndində yaşayan azərbaycanlıların evlərinə hücum etmələrini eşitdik və oraya yollandıq. Camaatın əmlakı məhv edilmişdi. Orada yaşayan ağır bir seyid hadisələr zamanı dünyasını dəyişmişdi. Seyidin evində olub, ailə üzvləri ilə söhbət aparıb, onun ölümünün səbəbini araşdırdıq. Məlum oldu ki, seyid ürək xəstəliyindən vəfat edib… Ermənistanın hüquq-mühafizə orqanlarında da olduq. Orada əsassız yerə cinayət məsuliyyətinə cəlb edilmiş bir neçə azərbaycanlının işi ilə maraqlandım. Onların həbsdən azad olunması və barələrində olan cinayət icraatına xitam verilməsinə nail olduq…” 

 

Sabiq nazir Moderator.az əməkdaşıyla söhbətində Qərbi Azərbaycanda, konkret keçmiş Vedibasar mahalının hazırda “Ararat” adlanan Vedi rayonu ərazisində olarkən  diqqətçəkən bir məqamla qarşılasması haqda da əlavə məlumat verdi. Ə.Orucovun sözlərinə görə, soydaşlarımızla söhbət edərək onlara bütün çətinliklərə rəğmən bu tarixi torpaqlarımızda qalıb yaşamağın zəruriliyi barədə danışarkən sakinlər müxtəlif vəzifələr daşıyan bəzi azərbaycanlıların onlara laqeyd münasibətindən şikayətlənib. Belə ki, qəsəbə icra nümayəndəsi kimi çalışan bir azərbaycanlının soydaşlarımız arasında mütəmadi təbliğat apararaq artıq Ermənistanda yaşamağın mümkünsüz olduğunu və buradan köçmək lazım gəldiyini bildirdiyi bilindi. Bu da insanlarda köç əhval-ruhiyyəsini artıırırdı. Həmin vəzifəli soydaşımızın axtarışıyla məşğul  olmağı qərarı aldım. Hətta bu məqsədlə Naxçıvan ərazisinə də keçdim. Lakin təəssüf ki, o şəxsi tapıb nədən Ermənistandakı azərbaycanlılar arasında köç əhval-ruhiyyəsini artırmaq məqsədli təbliğat apardığını, bunu kimlərin tapşırığıyla etdiyini öyrənə bilmədik… Məsələ onda idi ki, bu cür təbliğat aparanlar, eləcə də özləri hamıdan öncə dədə-baba torpaqlarını tərk edib birbaşa Bakıya köçən bəzi imkanlı və ziyalı hesab olunan şəxslər bununla düşmənlərimizin dəyirmanına su tökürdülər…

 

Azərbaycandan Ermənistana bir çox komissiyalar gedib-gəldi. Ermənilərin yaratdıqları dözülməz vəziyyətdə olan azərbaycanlıların köçürülməsinin qarşısını almaq mümkün olmadı. Ermənilər oradan imkansızlıqdan köçə bilməyən azərbaycanlıları qırdılar, sağ qalanları isə böyük çətinliklə qaçıb birtəhər canlarını xilas edə bildilər. Ermənilərin azərbaycanlılara qarşı törətmiş olduqları soyqırıma, haqsızlıqlara və cinayətlərə SSRİ rəhbərliyinin göz yumması daha acınacaqlı idi. Azərbaycan rəhbərliyinin də hadisələr qarşısında aciz qalması xalqı hövsələdən çıxarmışdı. Səbri tükənmiş Azərbaycan xalqı respublikanın ərazi bütövlüyünün bərpası tələbi ilə Azadlıq meydanında və respublikanın ayrı-ayrı bölgələrində mitinqlər keçirirdi…”

 

Həmsöhbətimiz əlavə olaraq bunları da qeyd etdi:

 

“Hadisələr başlayandan  keçmiş Dağlıq Qarabağda, eləcə də Ermənistanda olmuşam.

1988-ci ilin fevralından 1992-ci ilin iyul ayına qədər Qarabağda fəaliyyət göstərmişəm. Arada, yəni 1988-ci ilin may-sentyabr aylarında isə Ermənistanda və Qazax rayonunda olub Qərbi Azərbaycandan respublikamıza pənah gətirən qaçqın soydaşlarımızın yerləşdirilməsi ilə  də məşğul olmuşam. O dövrdə Azərbaycan KP MK-nın katibi kimi çalışan sabiq xarici işlər naziri  Həsən Həsənovla Qazax və Ağstafada xeyli iş gördük…

Ermənistandan Azərbaycana gələn soydaşlarımıza, keçmiş Dağlıq Qarabağ ərazisində, əsasən də Şuşa, Malıbəyli və Xocalıda məskunlaşmalarını məsləhət görürdük. Bizi eşidib həmin ərazilərimizə gedənlər çox olurdu. Təəssüf ki, sonradan Moskvanın təzyiqi ilə Şuşaya yerləşdirilmiş soydaşlarımız oradan çıxarıldı…

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button