100 il öncə məhərrəm ayında Qubadlı və Cəbrayılda Rusiya işğalına qarşı üsyan qalxdı…

“Üsyançılar qəza mərkəzini ələ keçirib xainləri cəzalandırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Bolşeviklər özlərinin erməni dostlarını köməyə çağırdılar…”

 

Aktuallığını nəzərə alaraq Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Aşura mərasimini həmişə vəhdət şəklində qeyd edən Azərbaycan…”  başlıqlı  növbəti araşdırma yazısını Moderator.az oxucularının nəzərinə çatdırırıq:

 

Aşura mərasimini həmişə vəhdət şəklində qeyd edən Azərbaycan…

Hər il hüznlü məhərrəm ayı daxil olan kimi müəyyən şəxs və qruplar Azərbaycan xalqının ünvanına standart ittihamlar səsləndirməyə başlayırlar. O cümlədən belə bir iddia da irəli sürürlər ki, guya Aşura mərasimi yalnız konkret bir məzhəbə aiddir.

 

Bu fikrin kökündən yanlış olduğu hər bir bilikli və gözüaçıq azərbaycanlıya gün kimi aydındır. Bu gün də Azərbaycanda keçirilən Aşura ayinlərində, o cümlədən, qanvermə aksiyalarında hər iki məzhəbdən olan vətəndaşlar iştirak edirlər. Onu da vurğulamalıyıq ki, belə bir həmrəyliyin, fikir və əməl birliyinin kökü çox qədim zamanlara gedib çıxır.

 

Azərbaycan xalqının dini və milli dəyərlərə bağlılığını, tolerantlığını, böyük dövlətçilik tarixinə malik bir millət kimi cılız hisslərdən və davranış tərzindən uzaq olduğunu göstərən çoxlu misal çəkə bilərik. Bu gün onlardan biri üzərində dayanacağıq.

 

1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı yenidən işğal etdi. Amansız repressiya dalğaları, qırmızı terror, talanlar ölkəni bürüdü. On minlərlə ziyalı, din xadimi, hərbçi, sadə şəhərli və kəndli sorğu-sualsız güllələndi, qaranlıq və soyuq zindanlara atıldı.

 

Belə bir ağır və ümidsiz vəziyyətdə Azərbaycanın vətənpərvər və cəsur övladları yadellilərə qarşı silahlı mübarizəyə qalxdılar. Onlardan biri də 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev idi.

 

Bəhlul Behçət əfəndi nüfuzlu ruhani, gözəl folklorşünas, istedadlı tarixçi və yazıçı olmuşdur. Cümhuriyyət dövründə o, Zəngəzur qəzasının qazisi vəzifəsində çalışmışdı. Bəhlul əfəndi dini təhsilini Osmanlı imperiyasında almışdı. O, İslamın əhli-sünnə yoluna etiqad edirdi.

 

Bəhlul əfəndi haqqında ən maraqlı məlumatı onunla mübarizə aparmış bolşevik Nəzər Heydərov (1896–1968) özünün «В горах Зангезура» adlı əsərinin 165–188-ci səhifələrində vermişdir:

 

“1921-ci ilin sonlarından etibarən özü də sünni olan Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı. O, deyirdi: Kim məhərrəm ayında Kərbəla şəhidləri üçün göz yaşı axıdacaqsa, həmin şəxsin son məkanı yəqin ki, Cənnət olacaq. Çünki Məşhər günü onun üçün şəfaəti İmam özü istəyəcək. 

Qubadlı və Cəbrayılın sünni kəndləri Bəhlul əfəndinin dəvətini qəbul etdilər. 1922-ci ilin payızında bu kəndlərin hamısında hər gün əzadarlıq mərasimləri keçirilir, azərbaycanlılar sinə vurub mərsiyələr deyirdilər.

 

Aşura günü sünni azərbaycanlılar iki cərgədə düzülmüşdülər. Birinci cərgə addımlayaraq Şah Hüseyn, ikinci cərgə isə Vay Hüseyn deyirdi. Sonra birinci cərgə uca səslə Heydər, ikinci cərgə isə Səftər adlarını çəkdi… Sonra şəbih mərasimi başlandı”.

 

Haşiyə: 

 

1922-ci ilin payızında Qubadlı və Cəbrayılın sünni kəndləri təkcə İmam Hüseynə və Kərbəla şəhidlərinə deyil, həm də süquta uğramış Cümhuriyyətə, bütöv bir xalqın məhv edilmiş arzu və ümidlərinə, günahsız yerə qətlə yetirilmiş həmvətənlərinə matəm saxlamışdılar…

 

Belə bir haşiyədən sonra yazımızı Nəzər Heydərovun qeydləri ilə davam etdirək:

 

“Zəngəzur qəzasının Dağ-Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay-Tumas, Əfəndilər kəndlərinin əhalisi Bəhlul əfəndinin ətrafında birləşmişdi. 1922-ci il oktyabrın 18-də Bəhlul əfəndi bu kəndlərdən olan mücahidlərin qarşısında çıxış etdi. 

 

O, müraciətini kəlmeyi-şəhadət formulunu ifadə etməklə bitirdi: Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən Rəsulullah, əşhədu ənna Əliyyən vəliyullah. Döyüşçülər bu sözləri Bəhlul Əfəndinin ardınca təkrar etdilər”.

Zəhgəzurun sünni kəndlərinin sovet hökumətinə qarşı silahlı üsyanı belə başlandı. Üsyançılar qəza mərkəzini ələ keçirib xainləri cəzalandırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Bolşeviklər özlərinin erməni dostlarını köməyə çağırdılar. Bir neçə gün sonra üsyançıların üstünə rus ordusunun hissələri də göndərildi.

 

Rusların, ermənilərin və yerli manqurtların silah-sursat və canlı qüvvə baxımından böyük üstünlüyə malik birləşmələrinə inadlı müqavimət göstərən üsyançılar Xanlıq ətrafındakı mövqelərini tərk etməyə məcbur oldular. Döyüşlərdən birində mücahidlərin hərbi komandiri ağ atın belində düşmən üzərinə şığıyan igid Təhməz ağır yaralandı.

 

Satqınlardan biri Təhməzin artıq şəhid olduğunu güman edərək ona yaxınlaşıb qəhrəman döyüşçünü təpikləyib təhqir etmək istədi. Təhməz son nəfəsində özünü toparlayıb bu yaramazı Cəhənnəmə vasil etdi. Şəhid Təhməz indiki Qubadlı rayonunun Gödəklər kəndindən idi.

 

Bolşeviklərlə mücahidlər arasında son şiddətli döyüş Cəbrayılın Maşanlı və Qazanzəmi kəndləri ətrafında oldu və bir neçə saat davam etdi. Yüksəkliklər düşmənin əlinə keçdikdən sonra üsyançılar İran sərhədinə doğru geri çəkilməyə başladılar.

Qırmızıların mühasirəsini yaran azərbaycanlılar başda Bəhlul əfəndi olmaqla İran ərazisinə daxil oldular. Lakin vətən həsrəti çəkən Bəhlul əfəndi 1923-cü ilin payızında Qubadlıya qayıtdı. Bolşeviklər bundan xəbər tutan kimi onu həbs etdilər.

 

10 il dustaq həyatı yaşadıqdan sonra azadlığa çıxan Bəhlul əfəndi 3 il “Azərnəşr”də, ardınca isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda çalışdı. O, ərəb folklorunun qəhrəmanı Bəhlul Danəndənin IX əsrdə yaşamış tarixi şəxsiyyət, təbrizli və azərbaycanlı olduğunu sübut etdi. Bəhlul əfəndi XVI–XVII əsrlərdə indiki Laçın rayonunda yaşamış məşhur Sarı Aşıqın irsini öyrəndi. “Sarı Aşıq”, “Aşıq təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı”, “El şairi və el şairləri” adlı məqalələri qələmə aldı. 

 

Bəhlul əfəndi həmçinin bir neçə gözəl və qiymətli əsərin müəllifidir:

– “Məhəmmədoğulları tarixində təşrih və mühakimə” (Muhəmməd Peyğəmbərin və ailəsinin tarixi);

– “Qaçaq Nəbinin tarixi” (Qaçaq Nəbi və onun hərəkatı haqqında yeganə ciddi araşdırmadır);

– “Nizami və Qafqaz folkloru”;

– “Qarabağ tarixi”.  

1937-ci ilin avqustunda Bəhlul əfəndi saxta ittihamlar əsasında yenidən həbs olundu. 1938-ci il martın 15-də isə güllələndi. 20 il sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə ona bəraət verildi. 

 

Allah Bəhlul əfəndiyə və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir insana rəhmət eləsin…

 

Müəllif:

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button