“Dilənçi qadınlar məsciddə gəlib məni qucaqladılar, jurnalist xanım mənə dedi ki, onlardan iyrənmirsən?”

“Sənətkar olaraq doğulmaq lazımdır. Bu insanın təbiəti ilə əlaqədardır. Studiyalara girərək, kompyuterlə, texnika vasitəsilə 10 dəfə səslər oxumaqla dəbdə olmaq olar, yaxşı məbləğ xərcləyərək geyimdən danışmaq olar, amma sənətkar olmaq üçün fikirləşirəm ki, ancaq doğulmaq lazımdır” Bunu  Moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. O daha sonra illər öncə başına gələn əhvalatı da bizimlə bölüşüb.

 

“Yadımdadır, illər öncə Qurban bayramı idi, ailəmlə birlikdə məscidə getmişdim. Yanımda bir jurnalist xanım da mənimlə birlikdə idi. O zaman dilənçi xanımlar var idi, məni gəlib qucaqlayırdılar, təbii ki, mən də onları qucaqlayırdım. Gördüm ki, yanımdakı jurnalist “Oy, oy, siz iyrənmirsiniz bunları qucaqlamağa?” deyə mənə sual verdi. Birdən ağlıma gəldi ki, görəsən niyə indiyə qədər bu haqda düşünməmişəm?! Heç mənim ağlıma gəlməyib ki, sən demə onlardan iyrənmək olar! Mənim üstümə məhəbbətlə gələn insanları, onların gözündəki sevinci, mənə ötürdükləri auranı, pozitivi görəndə orada necə başqa şey fikirləşmək olar ki? Kiminsə əli, üst-başı çirkdir, kimsə çox pis şəraitdə yaşayır, imkanı yoxdur yuyunmağa! O zaman mən düşündüm ki, yəqin mən sənətkar doğulmuşam. Mən balaca qızım Arzuya baxıram, onda da istiqanlılıq var, onun da təbiətindədir bu. 1, 2 yaşından görürəm ki, o musiqini necə hiss edir. Bir də var ki, böyüyüb gəlirlər, televizorda baxırlar, kiməsə oxşamaq istəyirlər, insanlar tapırlar, pullar xərclədirlər, gəlib məşhur olurlar, amma sənətkar olmurlar! Sənətkar olmağı bir də belə yoxlamaq olur da. Mikrofonu verirsən ki, yarım saat canlı oxu! Necə ki, təmiz balın öz yoxlanma texnologiyası var, sənətkar məsələsinin də həmçinin. Bir də insanın öz təbiəti var! Siz Flora xanıma baxın, onun səsinə, yorumuna, oxumağına baxın! Onun milizlamalarının xırdalıqlarına və xasiyyətinə baxın. Görün o da necə insanlarla iç-içə olub! Siz təsəvvür edirsinizmi Flora xanım kiminləsə şəkil çəkdirməyəydi?! Və yaxud ona tərəf gələn birini qucaqlamazdı! Mən görməmişəm bunları. Ona görə də belə hesab edirəm ki, bu yəqin ki, mənim təbiətimlə əlaqədardır. Mən ümumiyyətlə insansevərəm. Həmişə deyirəm ki, mən kimisə özümdən uzaqlaşdırıramsa, görün indi o uzaqlaşdırdığım insanlar necə təhlükəlidirlər! Başqasına quyu qazan, pislik edən, şər, böhtan atan insanlar çox təhlükəlidirlər. Yeri gəlmişkən mənim bu Allah sevgimi özünüz də bilirsiniz ki, hansı yerə yönləndirdilər?! Düşmənlərim, məni gözləri götürməyənlər heç bir fürsəti əldən vermirlər. İnsanın vicdanı qəlbində olan Allah sevgisindən irəli gəlir. Mən tamaşaçılarıma ötürdüyüm sevgini də qarşılıq olaraq onlardan almışam” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button