Laçında şəhid olmuş Asif Məmmədovun xatirəsi abadlaşdırılmış barelyefi önündə anıldı…-VİDEO

“Ən böyük arzularımdan biri də odur ki, inşallah,  Laçının Cağazur kəndində qardaşımın şəhid olduğu sərhəd postuna onun şərəfinə “Göyçə” adı verilsin…”

 

…1992-ci il mayın 14-dən 15-ə keçən gecə  Ermənistan ordusu Laçın alayının nəzarətində olan Laçın rayonununn Cağazur kəndinə gözlənilmədən hücum etdi. Hücum nəticəsində  5 döyüşçümüz şəhid oldu… Onlardan biri də bu günədək meyiti hələ də doğmalarına qaytarılmamış,  Qərbi Azərbaycanın Göyçə torpağının oğlu “Göyçə” ləqəbli Asif Məmmədov oldu…

12 avqust – rəsmən şəhid statusu verilmiş Asif Xasay oğlu Məmmədovun doğum günüdür, sağ olsaydı, 50 yaşı tamam olacaqdı…

 

Asif Xasay oğlu Məmmədov 1972-ci  il avqustun 12-də Göyçə mahalının Canəhməd kəndində doğulub.  Orta məktəbi əsasən doğma kəndində oxuyub. Yalnız 10-cu sinfin 2-ci yarımilini 1988-ci ildən Qərbi Azərbaycandan məcburən ata-anası ilə birgə köçüb gəldiyi Şamaxı rayonunun Meysəri kəndində bitirib…  

Şəhidimizin qardaşı Qalib Məmmədovun Moderator.az-a verdiyi məlumata görə, dünən -avqustun 21-də doğmaları, keçmiş komandirləri və döyüş yoldaşları, həmçinin Nərimanov rayon İcra Hakimiyyəti və Bələdiyyə sədri və s. şəhid Asif Məmmədovun, nəhayət ki, abadlaşdırılmış barelyefi önündə toplaşaraq qəhrəman Azərbaycan oğlunun 50 illik yubileyini qeyd ediblər.

 

Xatirə tədbirində  Nərimanov rayon İH başçısının mùavini Ìlqar Mirzəyev, rayon Bələdiyyəsinni sədri Təhmuraz Taģıyev çıxış ediblər.

Keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa, Asif Məmmədovun döyüşdüyü hərbi birləşmənin komandiri olmuş polkovnik-leytenant Ələsgər Vəliyèv,  polkovniklər Aydın Quliyev, Cingiz Ələkbərov, baş leytenant Nizami Rəcəbov, gizir Fazil Hùseynəliyev şəhidin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, onun haqqında xatirələrini bölüşüblər.

 

Şəhidimizin qardaşı Qalib Məmmədov öz çıxışında tədbirin təşkilatçıları və iştirakçılarına Asif Məmmədovun xatirəsini əziz tutaraq son 30 ildən çox müddətdə yaşatdıqları üçün dərin təşəkkürünü ifadə edib.

Qalib Məmmədov Moderator.az-a açıqlamasında şəhid qardaşı haqqında xatirələrindən də bəhs edib: 

 

“Məndən böyük qardaşım Asif uşaqlıqdan dəliqanlı xarakterə malik idi. Dağları, təbiət qoynunu çox  sevərdi. Kəndimizin yaxınlığında “Bala Göygöl” dediyimiz göl var idi. Tez-tez atamdan xəlvət onun yanındakı yaylağa – oraya mal-qara köçürən obalara gedər, at  minib çapar,  göldə balıq tutardı… 

 

1989-cu ildə Asif sovet ordusunda hərbi xidmətə yollandı. Xidmətini əsasən Almaniyada artilleriya qoşunlarında keçirdi. Elə əsgərlikdə ikən məktublarında yazırdı ki, Vətənə qayıdıb Qarabağa döyüşə yollanacam. 1991-ci ilin sonunda qardaşım hərbi xidmətini bitirib qayıtdı və az sonra Bakıya dayısının yanına yollandı və orada dərhal orduya yazıldı. Bir neçə gündən sonra isə gəlib bizimlə halallaşdı və könüllü olaraq Azərbaycanın ilk  zenit-raket artilleriya divizionunun tərkibinə qatılıb Qarabağa yollandı. Asif öncə Qubadlı və Zəngilan rayonlarının Ermənistanla sərhəd kəndlərindəki döyüşlərdə oldu. Sonradan isə 1992-ci ilin mayın əvvəllərində Laçına yollanıb. Düşmənin Ermənistanla sərhəddəki Cağazur kəndinə hücumu zamanı sonadək döyüşərək mövqeyindən geri çəkilməyib və qəhrəmancasına şəhid olub…

Bu günlər şəhid qardaşımın 50 illik yubileyini qeyd edirik. 1991-ci ildə Nərimanov rayonu ərazisində məskunlaşdığı evdən könüllü olaraq döyüşə yollanıb. 1992-ci ildə vaxtilə yaşadığı küçəyə Asifin adı verilmiş və binanın üzərinə barelyefi vurulmuşdur…  Mənim müraciətlərimdən sonra, nəhayət, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin göstərişi ilə şəhid qardaşımın barelyefinin özü və ətrafı abadlaşdırılıb. Bu işdə zəhməti və əziyyəti olan hər kəsə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, dövlətimiz, ordumuz, xalqımız, var olsun”.

 

Şəhid qardaşı dövlətimizin həyata keçirə biləcəyi bir arzusunu da dilə gətirib:

 

“Çox şükürlər olsun ki, 2020-ci ilin 44 günlük savaşı nəticəsində dövlətimizin siyasəti, ordumuzun şücaəti, şəhid və qazilərimizin canı-qanı bahasına qardaşım Asifin şəhid olduğu Laçın rayonunun Cağazur kəndi yaxınlığındakı sərhəd postu da düşməndən azad olunub. Ən böyük arzularımdan biri də odur ki, inşallah, sərhədlərimiz tam bərpa olunub ərazidə əmin-amanlıq yarandıqdan, soydaşlarımız o yurdlarına da dönüb daimi məskunlaşdıqdan sonra Ermənistanla həmin sərhəd postuna şəhid qardaşımın şərəfinə “Göyçə” adı verilsin və gənc əsgərlərimiz o müqəddəs məkanda qürurla Vətənimizin sərhədlərinə keşik çəksin… Oradan həm də 34 il öncə Ermənistanın neofaşist və işğalçı siyasəti nəticəsində didərgin salındığımız, amma bu gün gec-tez dönəcəyimizə ümidimiz yarandığı doğma Qərbi Azərbaycan, Göyçə torpağımızın da havasını duyarıq…

Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin!..”

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button