Xankəndində diri-diri ürəyi çıxarılmış şəhidin Qırxqız yaxınlığında qisası necə alındı?..

Azərbaycan oğullarının Qırxqız oylaqlarında hayları lərzəyə salmış igidlikləri…

 

“Atam ermənilərlə qeyri-bərabər döyüşdə patronu qurtarmasına və ağır yaralı olmasına baxmayaraq, ayağa qalxıb qəddini əymədən ermənilərin üzərinə gedir…”

 

“Ermənilər Xankəndi xəstəxanasında Miryusif Orucovun ürəyini diri-diri sinəsindən çıxarıb xəstəxananın palatalarında və həyətində gəzdirib göstərərək “Türkün ürəyinin böyüklüyünə bir baxın – Qarabağın böyük ürəyi olan bir igidini öldürmüşük” deməklə qürrələnirlər…”

 

Azərbaycan ordusunun bu ilin avqustun əvvəlində keçirdiyi uğurlu “Qisas” antiterror əməliyyatı nəticəsində azad etmiş olduğu Qırxqız yüksəkliyi ətrafında, eləcə də Laçın və Xocalı rayonlarının  yaxınlıqdakı yaşayış məntəqələrində Birinci Qarabağ savaşında da işğalçı haylarla döyüşlər və qarşıdurmalar baş verib. Təpədən-dırnağa silahlı olan separatçı və işğalçılara qarşı uzaqbaşı, ov tüfəngləri ilə döyüşən soydaşlarımız vətənimizin bu dilbər guşələri uğrunda neçə-neçə şəhid verib. 23 dekabr 1991-ci  ildəki Meşəli qətliamınadək bu yurdlardakı Azərbaycan türklərinin yaddaşında daha çox qalan olaylardan biri də Meşəlinin sayılıb-seçilən oğullarından  Miryusif Kərim oğlu Orucovun 1989-cu ilin avqustunda kəndin müdafiəsi zamanı hay terrorçuları tərəfindən qətlə yetirilməsi və onun qisasının alınması olub. Bundan  bir il sonra – 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan və o vaxtkı məlumatlara görə içərisində 40-a yaxın erməni terrorçusu, silah-sursat və qanunsuz hərbi birləşmələr üçün pul vəsaiti olan “Yak-40” təyyarəsi qəzaya uğrayıb…

 

1988-cu ildən bəri keçmiş Əsgəran rayonunun erməni quldurları ilə dolu kəndlərinin əhatəsində qalan Meşəli kəndinin taleyi ilə maraqlanan, onların müdafiəsi və ərzaq təchizatı üçün əlindən gələni edən dövlət xadimi – Azərbaycan SSR-in sonuncu və müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri Əlisaab Orucov özünün “Mübarizəmiz Qarabağdadır”  kitabında Miryusif Orucovun şəhid edilməsi, 23 dekabr 1991-ci ildə hayların törətdiyi qətliam, əsir düşmüş Meşəli sakinlərinin başına gətirilənlər və s. haqqında bəhs edib.

 

Keçmiş Dağlıq Qarabağın digər məntəqələrinin, o cümlədən Xocalının, Meşəlinin, Şuşanın Malıbəyli, Quşçular kəndlərinin və s. Azərbaycan ordusunun gəlişini gözlədiyi bir vaxtda aktuallığını nəzərə alaraq bəhs edilən kitabdan bu mövzudakı ən əhəmiyyətli epizodları nəzərinizə çatdırırıq.

 

Meşəli kəndində o vaxtlar baş vermiş hadisələr, eləcə də sabiq ədliyyə naziri Əlisaab Orucovun Laçın rayonunun Fərraş kəndində şəhid Miryusif Orucovun yas mərasiminə gəlməsi haqda şəhidin oğlu Kərim Orucovun xatirəsi “Mübarizəmiz Qarabağdadır” kitabında  “Nahaq qan yerdə qalmaz” yarımbaşlığı altında belə qələmə alınıb:

“Mən o vaxtlar, ermənilərin gizli və yarıaşkar azərbaycanlıları doğma vətənləri olan Qarabağdan sıxışdırıb çıxarmaq istədikləri bir dövrdə, Rusiyanın Tümen şəhərindəki ali hərbi məktəbdə təhsil alırdım. İldə iki dəfə məzuniyyətə çıxıb vətənə gəlirdim. Məzuniyyətdə olduğum vaxtlar bu hadisələrin həm şahidi olurdum, həm də yaxınlarımdan, xüsusən də atamdan o haqda eşidirdim. Atam ermənilərin həmişə bizim çörəyimizi yeyib sonra bizə güllə atdıqlarını deyirdi. Hələ bu hadisələrdən xeyli əvvəl, 1985-1986-cı illərdən başlayaraq ermənilərin demokratiya pərdəsi altında gizli işlər görmələrini, pul yığdıqlarını deyir,  onların Qarabağda nəsə bir iş törədəcəklərini bildirirdi. Bunun səbəbini o, Qarabağ ermənilərinin son vaxtlar çox pullanmalarında və ölkə(SSRİ-də) rəhbərliyində yaranmış ermənipərəst mövqeyin güclənməsində görürdü…

 

Bizim aramızda Dağlıq Qarabağla bağlı söhbətlərimiz, müzakirələrimiz çox olurdu. Bu söhbətlər bir gənc – gələcəyin zabiti kimi mənim, eləcə də qardaşlarımın vətənpərvər ruhda böyüməyimizə çox kömək edirdi…

 

Atam dünyagörüşlü bir insan olmaqla yanaşı, az-çox siyasi gedişləri izlədiyindən vəziyyətin olduqca çətin olacağını qabaqcadan hiss edirdi. Lakin işin bu yerə gəlib çıxacağını heş ağlına belə, gətirməzdi. O deyirdi ki, erməniləri pul yoldan çıxarıb, ancaq son nəticədə onlar heç nə əldə edə bilməyəcəklər…

Mən ilk dəfə haqqında çox eşitdiyim, ancaq üzünü görmədiyim Əlisaab müəllimi 1989-cu ilin avqust ayında atam Miryusif  keçmiş Əsgəran rayonunun Meşəli kəndində(hazırda Xocalı rayonuna daxildir-S.L.) şəhid olduqdan sonra doğma kəndimiz – Laçın rayonunun Fərraş kəndində keçirilən yas mərasimində gördüm. O zaman da məzuniyyətə gəlmişdim…

 

Atam Meşəli kəndində ermənilərlə qeyri-bərabər döyüşdə, patronu qurtardıqdan sonra yaralı vəziyyətdə düşmənin əlinə keçib. Ermənilər onu işgəncə verməklə öldürmüşdülər…

 

Bu yerdə Kərim Orucovun Moderator.az-a açıqlamasında atasının şəhid olması haqda ətraflı söhbətini nəzərə çatdırmaqla da hay terrorçularının nə dərəcədə vəhşi və qaniçən olmasını vurğulamağı vacib bilirik:

 

“Atam ermənilərlə qeyri-bərabər döyüşdə patronu qurtarmasına və ağır yaralı olmasına baxmayaraq, ayağa qalxıb qəddini əymədən ermənilərin üzərinə gedir. Və bu zaman namərdlər onu yaxalaya bilirlər. Məlum olur ki, düşmən onun arxasınca gələrək döyüşə atılmış Meşəlidən olan Bəxşeyişi də əsir götürüblər. Ermənilər onları maşına oturdanda atam Bəxşeyişə “Qorxma, dözümlü ol” deyir, amma özünün yaralı olduğunu ona bildirmir. Yalnız xeyli getdikdən sonra qan pencəyindən bayıra sızır və Bəxşeyiş onun sinəsindən ağır yaralandığını anlayır… Onları əvvəlcə Əsgərana aparırlar. Xankəndindəki 10139 saylı sovet rabitə hərbi hissəsinin komandirinin arvadı, Əsgəran xəstəxanasının təcili yardım şöbəsində həkim işləyən Lena Mixayentina atamın yarasını sağaltmaq mümkün olmasında və onun Ağdama aparılmasının vacibliyində nə qədər təkid etsə də, onun sağ qalmasını istəməyən ermənilər atamı Xankəndinə aparırlar. Oradakı vilayət xəstəxanasında isə ona heç bir tibbi yardım göstərmir, əksinə, əzab və işgəncə verməyə başlayırlar. Atamın ürəyini diri-diri sinəsindən çıxarıb xəstəxananın palatalarında və həyətində gəzdirib göstərərək “Türkün ürəyinin böyüklüyünə bir baxın – Qarabağın böyük ürəyi olan bir igidini öldürmüşük” deməklə qürrələnirlər. Bu  qaniçənliyi, vəhşiliyi edən guya həkim andı içmiş, həkim adına şərəfsizlik gətirən erməni həkim xəstəxananaın cərrahiyyə şöbəsinin müdiri Valeri Ukasyan olub”.

 

Qayıdırıq “Mübarizəmiz Qarabağdadır” kitabına:

 

“Atam Miryusifin meyitinin ermənilərdən alınmasında qohumlarımızla yanaşı, çox vətənpərvər bir insan kimi Əlisaab müəllimin də böyük rolu olmuşdu. 1989-cu il avqustun 6-da şəhid edilmiş atamın nəşini iki gündən sonra, yəni avqustun 8-də kəndimizə – Fərraşa gətirdilər və orada dəfn etdik… Dəfn zamanı Əlisaab müəllim çox ürək yanğısıyla çıxış etdi və üzünü Məlik babama tutub: “Miryusifin qanı yerdə qalmamalıdır, onun qisası qısa bir müddətdə alınmalıdır. Qoy, düşmənlərimiz bilsinlər ki, nahaq qan yerdə qalmır”- dedi. Məlik babam da öz növbəsində Əlisaab müəllimə söz verdi ki, Miryusifin qisası onun “40” mərasiminədək alınacaqdır. Əlisaab müəllim kənd camaatına və yasda iştirak edən Laçın, Şuşa, Xocalı, Ağdam və digər bölgələrin əhalisinə müraciət edərək ölkə(SSRİ) rəhbərliyinə arxayın olmamağı, torpaqların müdafiəsi ilə özlərinin məşğul olmalarını tövsiyə etdi. O, “ölkə rəhbərliyinə arxayın olmayın” dedikdə camaatı göydə Allaha, yerdə isə öz vətənpərvər oğullarına arxalanmağa çağırırdı. Onun əsas ideyası yerlərdə camaatdan kiçik partizan dəstələri təşkil etməklə düşməndə qorxu və vahimə yaradıb onları torpaqlarımızdan uzaqlaşdırmaq məqsədinə xidmət edirdi. Çünki o dövrdə açıq hücuma keçmək mümkün deyildi. Ona görə ki, Qarabağda yerləşdirilmiş sovet qoşunları və ölkə rəhbərləri buna imkan vermirdi… 

 

Məlik babam Əlisaab müəllimə atamın qisasını alacağına söz verdiyinə görə bu işə hazırlaşmağa başladı. Qohumların çoxu və eləcə də biz bu işdə iştirak etmək istəyimizi bildirsək də, babam buna razılıq vermədi… 

 

Nəhayət, babamla bərabər bu tədbiri həyata keçirmək üçün babamın əmisi oğlu Səfəralı Sevdimalı oğlu Novruzov(Ağdam rayonunda yaşayırdı), atamın dostu – əslən laçınlı olan və o vaxt Ağdamın Əhmədavar kəndində yaşayan Tapdıq əmi(el arasında ona Uzun Tapdıq deyirdilər), atamım əmisi nəvəsi – Meşəli kəndində yaşayan Əli Mürsəl oğlu Mehrəliyevin iştirak etmələri qərara alındı. Əməliyyat Əlisaab müəllimin dediyi kimi, olduqca gizli saxlanılmalı idi. Çünki bu məsələdə heç kimə etibar etmək olmazdı…

 

Məlik babam danışırdı: 

“Bu qisasi həyata keçirmək üçün Meşəli kəndinin qonşuluğunda ermənilərin sıx yaşadıqları ən böyük  kənd olan Badara kəndinə getməyi planlaşdırdıq. Əli Meşəlidən olduğundan həmin ərazini və həmçinin o kənddəki erməniləri yaxşı tanıyırdı… Bizim hansısa yoldan keçən ermənini öldürmək fikrimiz yox idi. Biz, ermənilərin torpaqlarımızı işğal etməkdə onlara yol göstərən və rəhbərlik edənlərdən biri Badarada yaşayan ermənilərin xüsusi hörmət bəslədiyi və Miryusifin ölümündə bilavasitə əli olan badaralı Rubeni axtarırdıq ki, alınan qisas Miryusifin  adına və ruhuna layiq olsun. Ona görə də Badara kəndi ətrafında bir neçə gün pusquda duraraq onun yoldan keçməsini gözlədik. Gözlədiyimiz məqam gəlib yetişdi və gördük, o tərəfdən iki atlı gəlir…

 

(Davamı var)

 

Qələmə aldı: Sultan  Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button