“Bu, Putin Rusiyasına  “Artıq biz gəlirik, sizin vaxtınız bitibdir!” mesajıdır…”

“Krımdan Rusiyanın “FSB” və digər xüsusi xidmət orqanlarının öz ailələrini çıxarmaları haqda məlumatlar da var…”

 

Krımda Rusiyanın hərbi ifrastrukturuna güclü zərbələr dəyməsi ilə nəticələnmiş son baş verənlərdən və  işğal altındakı yarımadanın o ölkənin oraya qanunsuz yerləşdirilmiş vətəndaşları üçün təhlükəsiz olmadığı üzə çıxandan sonra Putin Ukraynanın  Müstəqillik günündə hansı açıq və gizli planlara əl ata bilər? Bəs cavabında Ukraynanın hansı tədbirləri görmək imkanı var?..

Hazırda Kiyevdə olan Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları bildirib:

 

“Krımda baş verənlər, ümumiyyətlə, Putin Rusiyasına “Artıq biz gəlirik, sizin vaxtınız bitibdir!” mesajıdır. Bizdə olan məlumatlara görə, Putin rejiminin açıq və gizli planları bundan ibarətdir ki, Belarusun Ukrayna ilə sərhəddəki Zabrayevka məntəqəsində, Rusiya-Ukrayna sərhədində çoxlu raket kompleksləri toplanıb, Qara dəniz donanmasında iki “Kalibr” daşıyan gəmisi də hazır vəziyyətə gətirilib. 23 avqust – Ukraynanın Bayraq Günündə olduğu kimi, 24 avqust – Dövlət Müstəqilliyi Günündə  də iri şəhərlərə, xüsusən də paytaxt Kiyevə kütləvi raket və aviasiya hücumları gözlənilir. Odur ki, Ukrayna aviasiyası,  raket və hava hücumundan müdafiə qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Putinin gizli edə biləcəkləri isə həmişəki kimi özünü terror və diversiya aktları ilə büruzə verə bilər. Amma Ukrayna xüsusi xidmət orqanları bu günədək Rusiyanın bir çox terakt və təxribatlarının qarşısını alır və düşmənin bu sahədə son aylar elə bir xüsusi uğuru olmayıb…”

“Son günlər rusların Krımdan Sevastopoldan qaçması haqda xəbər və görüntülər gerçəkdirmi?” sualını isə azərbaycanlı hərbi ekspert belə cavablandırıb: 

 

“Bəli, bunlar tamamilə həqiqətdir. Rusiyadakı, Krımdakı dost-tanışlarımız da bunları təsdiqləyir. Həmçinin Krım-tatar məclisinin üzvləri arasındakı dostlarımız da… Bütün bunları peyk görüntüləri də sübut edir. Doğrudan da real vəziyyət belədir… Və yalnız Krımdan deyil, eyni zamanda son günlər xəbər verildiyi kimi, Xersondan Dnepro çayının sağ sahilində toplanmış və mühasirəyə düşmüş Rusiya ordu birləşmələrinin komandanlığının da qaçdığı təsdiqlənir. Bir qədər öncə Xerson Vilayət Hərbi Administrasiyası sədrinin müavini İqor Sobolevski bu haqda birbaşa efirdə məlumat verdi. Həmçinin Krımdan Rusiyanın “FSB” və digər xüsusi xidmət orqanlarının öz ailələrini çıxarmaları barədə də məlumatlar da var. Krım-tatar xalqının lideri Mustafa Cəmilovun sözlərinə görə, Rusiya Krıma qanunsuz olaraq 600 mindən 1 milyona qədər Rusiya vətəndaşı yerləşdirib. Bu sayda insanın yarımadanı tərk etməsi Rusiyaya böyük zərbə olar. Və hazırda Krımdan qaçaqaç olduğu tam dəqiqdir”.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button