“Nazpəri bacım məndən kiçik də olsa onu səbrinə, uzaqgörənliyinə görə böyük seçmişik”

“Hər zaman bacımın yanında oluram. Baxmayaraq ki, Nazpəri bacım məndən kiçikdir, biz onu səbrinə, ağlına, uzaqgörənliyinə görə böyük seçmişik. Mən özüm bütün məsləhətlərimi onunla edirəm. Bizim toyumuz da, yasımız da, xoş günlərimiz də, kədərli günlərimiz də bir olub. Ət dırnaqdan ayrıla bilməz. Canım da ona qurbandır”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Zeynəb Dostəliyeva deyib. O daha sonra əlavə edib.

“Allah böyük şairimiz Bəxtiyar Vahabzadəyə qəni-qəni rəhmət etsin. Mənim mahnılarımın çoxunun sözləri onun şeirləridir. Onun “Dünya” mahnısı məni çox məşhurlaşdırdı. Dünya” mahnısını eşidib o vaxt məni evinə dəvət etmişdi. Dedi ki, “mənim balam, bizə gəl, eşitmişəm ki, sən mənim şeirimi kiçik bir mahnıda yerləşdirmisən” (gülür). Hara gedirəmsə bu mahnını məndən istəyirlər. Bəxtiyar Vahabzadə o qədər gözəl şeirlər yazıb ki, ola bilməz ki, onun əsərləri uğursuz mahnıya çevrilsin. İndiki mahnıların, şeirlərin sözləri yadda qalmır, amma oynaq olur. “Dünya” mahnısında əslində böyük anlam var. İnsan var ki, dünyasını, həyatını səmərəli istifadə edir, mənalı yaşayır. İnsan da var ki, gərəksiz yaşayır, həyatından tez bezir. Həyatda acı günlər də, şirin günlər də olur. Həyatın bir üzü ağ, bir üzü qaradır” deyə sənətkar bildirib.

 

Zeynəb Dostəliyeva atalı günlərini də xatırlayıb.

“Atam elə bir gözəl insan idi ki, yeriyəndə də ayağının altına baxırdı ki, birdən qarışqa yuvasını tapdalayar. Hər zaman mənə deyirdi ki, “birdən sənə pislik edərlər, sən etmə”. Deyirdim ki, “ata, niyə mənə pislik edənə qarşı pislik etməyim?”. Deyirdi ki, “qızım pislik edənin cavabını Allah özü verəcək, sən onun cavabını versən ona etdiyin sənin boynuna yazılacaq. Elə et ki, sənin tərəzində yaxşı əməllərin olsun”. Vaxtilə mənə sənətdə mane olanlar da olub. Amma heç birinə pis gün arzulamamışam. Allah özü cavablarını verib. Sənət yoldaşlarımın hər birindən çox razıyam. Onların hansını danışdırsanız mənim haqqımda ancaq yaxşı sözlər deyəcəklər” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button