“Laçının 6 kəndinin sakinləri niyə dövlətimizi tanımayan haylara görə zülm çəkməlidir?..”

“Azərbaycan ermənilərə yalnız ölkəmizin ərazi bütövlüyü və  suverenliyini, vətəndaşlığını qəbul edəcəyi və artıq vətəndaşımız olacaqları halda Ermənistana gedib-gəlmək üçün yol verməliydi…”

 

“Azərbaycan ərazisində yaşayan və ərazi bütövlüyümüzü, vətəndaşlığımızı qəbul etmiş erməninin şəxsiyyət vəsiqəsi onun üçün ən yaxşı yoldur, koridordur da, dəhlizdir də…”

 

 

“Azərbaycan ərazisindən ermənilərə hər hansı yol,  dəhliz verilməsindən danışarkən öncə həmin məsələnin fəlsəfəsini, mahiyyətini anlamaq lazımdır. Hesab edirəm ki, hərbi qələbə çaldığımız 44 günlük müharibə dayandıqdan dərhal sonra  birinci Azərbaycan tərəfi sual qoymalıydı ki, Qarabağda məskunlaşmış ermənilər Azərbaycanın ərazi bütövlüyü və  suverenliyini, vətəndaşlığını qəbul edirlərmi? Yalnız onların ölkəmizin ərazi bütövlüyü və  suverenliyini, vətəndaşlığını qəbul edəcəyi və artıq vətəndaşımız olacaqları halda Azərbaycan haylara Ermənistana gedib-gəlmək üçün yol verməliydi. Əks halda, yəni ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, vətəndaşlığını qəbul etməyib özlərini Xankəndindəki separatçı-terrorçu qurumun qondarma vətəndaşı hesab edəcəklərsə, biz nəyə görə onlara nəinki yol, üstəlik, dəhliz də verməliyik? Bu, hansı məntiqə, hansı qanuna sığır?” 

 

Bu fikirləri Moderator.az-a açıqlamasında  keçmiş Laçın alayaının komandiri, polkovnik Arif Paşa ifadə edib.

 

“Biz  nə üçün Rusiya və Ermənistan tərəfindən dəstəklənib idarə olunan qondarma separatçı qurum mənsublarının torpaqlarımızda yaşamasına və harasa gedib-gəlməsinə rahat şərait yaratmalıyıq? Yox əgər Qarabağdakı ermənilər Azərbaycanın vətəndaşı kimi bizim qanunlarla yaşayacaqlarsa, nə üçün orada “sülhməramlı”lar-filanlar olmalıdır? Bilirsiz, Qarabağda yaşayan erməni yalnız Ermənistana gedib-gəlir. Deməli, o, yalnız Ermənistanı tanıyır, Azərbaycanı tanımır. Azərbaycan dövləti və xalqı ilə hər hansı bir əlaqə, münasibət qurmaq istəmir. Deməli, o, bizim respublikanın, dövlətimizin varlığını qəbul etmir.  Və bu baxımdan Azərbaycan ərazisində yaşayan və ərazi bütövlüyümüzü, vətəndaşlığımızı qəbul etmiş erməninin şəxsiyyət vəsiqəsi onun üçün ən yaxşı yoldur, koridordur da, dəhlizdir də… Yəni həmin sənədlə o, nəinki Ermənistana, digər vətəndaşlarımız kimi Bakıya da, Gəncəyə də, Şəkiyə də və s. sərbəst gedib-gələ bilər. Bir sözlə, Qarabağdakı ermənilər üçün birinci şərt belə olmalıdır: dövlətimizin vətəndaşlığını, ərazi bütövlüyünü qəbul edəcəksənsə, burada yaşaya bilərsən. Yox deyilən şərtləri qəbul etmirsənsə, sənə bircə dəfə yol verilə bilər: ölkəni tərk elə…” -açıqlamasının davamında bunları söyləyən polkovnik Xankəndindəki separatçıların təkidi ilə Rusiya “sülhməramlı” kontingentinin Laçın rayonunun alternativ yol ətrafında yerləşən 6 kəndinin növbəti 5 kilometrlik dəhlizə salınması cəhdlərinə də mənfi münasibət bildirib. 

 

“İkincisi, 30 ildən çoxdur ki, Qarabağdan, Zəngəzurdan didərgin düşmüş soydaşlarımız, o cümlədən laçınlılar həsrətlə öz yurdlarına dönəcəkləri günü gözləyir.  Laçın şəhəri, Zabux və Sus kəndləri rəsmən yurisdiksiyamıza keçdi. Çox yaxşı… İndi isə ermənilər tələb edir, Rusiya da onlara dəstək verir ki, yeni yol ətrafında 6 kənd də köhnə yoldakı kimi 5 km-lik dəhlizə salınsın. Belə çıxır ki, 30 ildən çoxdur, bizlərə zülm edən, bizləri öldürən, əsir götürən, didərgin salan və demək olar ki, əksəriyyəti terrorçu və işğalçı xislətli olan və üstəlik, dövlətimizi, vətəndaşlığımızı qəbul etmək istəməyən ermənilərin Ermənistana rahat gediş-gəlişi üçün şərait yaratmalıyıq, amma 6 kəndimizin minlərlə sakini hələ bundan sonra naməlum müddətdə yenə də öz yurdlarının, dədə-baba məzarlıqlarının həsrəti ilə yaşamalıdırlar… Niyə belə olmalıdır? Qalib tərəf kimi hər bir şərti Azərbaycan dövləti qoymalıd, diqtə etməli deyilmi… Nəyə görə biz Gəncəni, Bərdəni, Tərtəri və s. raket atəşinə tutan separatçı və terrorçuların nazı ilə oynamalıyıq?.. Nəyə görə Laçının  6 kəndinin sakinləri  dövlətimizi tanımayan separatçı və terrorçulara görə əziyyət çəkməlidir? Hesab edirəm ki, biz həddindən artıq humanist davranırıq. Məgər bu günədək dünya ictimaiyyəti bizim atdığımız humanist addımları dəyərləndirib ki, bundan sonra da dəyərləndirsin?..” -deyə keçmiş alay komandiri sual edib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button