Rusiya Azərbaycan ərazisindəki postların sayını azaltmaq əvəzinə, artırdı…-XƏRİTƏ

Xəritədə yeni “Laçın dəhlizi”nin köhnə “Laçın dəhliz”inin Laçın, Zabux, Sus və Qarıkahası məntəqələri istisna olmaqla, qalan hissəsi ilə birləşdirilərək daha böyük ərazini əhatə etmiş olduğu meydana çıxır…

 

2020-ci ilin 44 günlük müzəffər savaşından sonra 10 noyabr üçtərəfli bəyanat-razılaşmasına əsasən Azərbaycan Respublikasının ermənilərin məskunlaşmaqda davam etdiyi beynəlxalq hüquqla tanınmış ərazilərində “sülhməramlı” adı altında müvəqqəti(!) yerləşdirilmiş Rusiya hərbi kontingenti avqustun 31-dən etibarən nəzarət-müşahidə postlarının sayını 25-dən 30-a qaldırıb.

Moderator.az xəbər verir ki, bu fakt Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsindəki xəbər bülleteni və hərbi kontingentin dislokasiyasına aid infoqrafik xəritələrdən bəlli olur.

 

Belə ki,  “sülhməramlı” kontingentin 31 avqust 2022-ci il tarixli xəbər bülletenində deyilir:

“9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası çərçivəsində və Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə əlaqədar müşahidə məntəqələrinin yerləşdiyi yerlər dəqiqləşdirilib.

 

30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər”.

 

Halbuki, 27 avqust 2022-ci il tarixli bülletendə müşahidə məntəqələrinin sayının 27-dən 25-ə endirildiyi göstərilib:

“2022-ci il avqustun 26-dan üçtərəfli Bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlı kontingentinin iki müşahidə məntəqəsi azaldılıb”.

 

Bəs Rusiya hərbi kontingentinin komandanlığı necə və hansı əsasla Azərbaycan ərazisindəki postların sayını son nəticədə azaltmaq əvəzinə, əksinə artırır?

 

Avqustun 26-da “sülhməramlı”ların postlarının sayının azaldılaraq 27-dən 25-ə endirilməsinə səbəb  məlum razılaşmaya əsasən  Laçın şəhəri və Zabux kəndindəki postlarının sökülməsi olub…

 

Bəs cəmi 4 gün sonra Rusiya kontingentinin birdən-birə əlavə 5 post qurmasına səbəb nə olub?..

 

Dislokasiya xəritələrini izlədikdə bəlli olur ki, avqustun 26-dan öncə Laçın “dəhlizi” ərazisində cəmi 6 post olub.  Ayın 26-dan sonra isə bu ərazidə 4 post qalıb. Zabux kəndindəki 1-ci post, yəqin ki, Ermənistanın Gorunzur(Kornidzor) kəndinin yaxınlığında Həkəri çayının üzərindəki körpüyə yerləşdirilib. Ancaq avqustun 31-dəki xəritədə Laçın və Zabux “ehtiyat”la Rusiya MN-in xəritəsindən çıxarılsa da,  yeni yola dəxli olmayan Fətəlipəyə kəndinin yaxınlığındakı Qubadlı-Laçın yolunun üzərində yerləşən “Şivid xarabalıqları” adı ilə qeyd olunan məntəqədə də 2-ci post saxlanılıb. Beləliklə, ümumilikdə köhnə və yeni Laçın “dəhliz”i ərazisində cəmi 2 post qalıb. Ancaq Laçın rayonunun Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərinin adları qeyd olunmasa da, xəritənin keçmiş Laçın “dəhlizi” hissəsindəki xüsusi ştrixlərdən Rusiya hərbi kontingentinin 10 noyabr bəyanatına zidd olaraq nəinki həmin kəndləri, Laçın şəhəri, Şuşa-Laçın və Qubadlı-Laçın yollarını da hava xətti ilə 500-1500 metr məsafələrdən nəzarətdə saxladığı bəlli olur… Bununla həm də yeni “Laçın dəhlizi” ilə köhnə “Laçın dəhliz”inin Laçın, Zabux, Sus və Qarıkahası məntəqələri istisna olmaqla qalan hissəsi ilə birləşdirilərək daha böyük ərazini əhatə etmiş olduğu meydana çıxır…

Rusiya kontingentinin  “yeni” 3-cü postu isə Şuşa rayonunun “Kirov” adıyla qeyd olunmuş Kiçik Qaladərəsi kəndində göstərilib. Halbuki, əvvəlki xəritə və video-görüntülərdən də bəlli olduğu kimi, ermənilərin məskunlaşdığı bu kənddə 2020-ci ilin 10 noyabrından dərhal sonra Rusiya hərbçilərinin postu  qurulub… 

 

31 avqusta aid xəritədən bəlli olur ki, Laçın ərazisi yaxınlığında əlavə iki post da qurulub. Xəritəyə nəzərən 10-cu post, yəqin ki, Şuşa-Laçın-Gorus yolu ilə alternativ yolun kəsişməsindəki Onverst kəndi ərazisində yerləşdirilib. Digər müşahidə postu isə Qarabağ silsiləsinin Laçın və Şuşa rayonlarının sərhədlərində yerləşən və hündürlüyü 1633 m olan strateji Bəzirgan aşırımındadır. Həkəri çayına tökülən Bəzirgansu çayının mənbə hissəsindəki bu aşırım xəritədə “Bazirgyay” kimi qeyd olunub. 1

 

1-ci post  Şuşa rayonunun “Lisaqor” kimi qeyd edilmiş Turşsu qəsəbəsi yaxınlığına yerləşdirilib… 

 

Digər əlavə postlar isə Laçın “dəhlizi”ndən tamamilə uzaqda: Xocalı rayonunun Fərrux kəndində, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi yaxınlığında və Tərtər rayonunun Suqovuşan  və Talış kəndlərinə və Ağdərə şəhərinə yaxın strateji ərazilərdə yerləşdirilib…

 

 

Ümid edirik ki, Azərbaycan Müdafiə Nazirliyi, eləcə də hərbi ekspertlər materialda bəhs etdiyimiz məsələlərə aydınlıq gətirəcək…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button