Ermənistan Brüsseldəki razılaşmadan imtina edir?

Hər Brüssel görüşündən sonra Ermənistan rəhbərliyinin Avropa İttifaqında razılaşdığı məsələləri geri dönəndən sonra başqa şəkildə, interpretasiya edərək çatdırması və ritorikalarında fərqli yanaşma nümayiş etdirməsi daha təəccüb yaratmır. Son Brüssel görüşünün asan keçmədiyi və erməni nümayəndə heyətinin Qarabağ mövzusunu müzakirə predmetinə çevirməyə dirəniş göstərməsi barədə ilk saatlardan məlumatlar mediada yer almışdı. İrəvanda müxalifətin etiraz mitinqindən sonra bu gün Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın sülh müqaviləsi haqqında açıqlamaları bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi ənənəsinə sadiqdir və Brüsseldə razılaşdırılmış müddəalara birmənalı  yanaşmır və narazıqlarını bildirirlər. Ermənistan XİN rəhbəri bildirir ki, “..Azərbaycanın 2022-ci il martın 10-da təqdim etdiyi təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Başqa bir məsələ odur ki, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərinə toxunmur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verilən cavabımızla biz gündəliyi tamamladıq və buna görə də, bu əsasda sülh danışıqlarını davam etdirməyə hazırıq”. Azərbaycanın hansı məsələlərə toxunmadığını bilirik. Bu, beş məlum prinsipə Ermənistan tərəfin Qarabağın statusu və Qarabağ ermənilərinin təhlükəsizliyini əlavə etməsidir. Azərbaycanın ilk gündən mövqeyi bəllidir-heç bir status olmayacaq və Azərbaycan vətəndaşlığını qəbul etmiş Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bütün vətəndaşlarınkı kimi qorunacaqdır. 

 

Görünür Azərbaycan dövlətinin başçısı İlham Əliyev ermənilərin müharibədən sonra daim sürüşkən mövqe nümayiş etdirdiklərini yaxşı bildiyi üçün,  İtaliya mətbuatına verdiyi müsahibədə ermənilərin tezliklə sülh müqaviləsi imzalamasına bir qədər şübhəli yanaşıb. ” Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır”. Azərbaycan prezidentinin Ermənistan tərəfinin belə bir iradə nümayiş etdirməsini şərt şəkilçisi ilə vurğulaması öz təsdiqini Ararat Mirzoyanın bu günkü açıqlamasında göstərdi. Müharibə bitəndən bəri Azərbaycanın iki ölkə arasında sülhün imzalanması mövqeyinə Ararat Mirzoyan şübhə ilə yanaşdığını vurğulayıb. Ararat Mirzoyan davam edir:”Bu prinsipə məhəl qoymamaq və ya ona qulaq asmamağa çalışmaq Ermənistan tərəfinə Azərbaycanın sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir. Üstəlik, danışıqların reallığa uyğun olmayan özbaşına təfsirlərinin davam etməsi və razılaşmaların icrasından yayınması Azərbaycanın sülh prosesini pozmaq və güc tətbiq etməklə etnik təmizləmə siyasətini davam etdirmək niyyətində olduğunu düşünməyə imkan verir”. Burda deyirlər ki, “adımı sənə qoyum, səni yana-yana qoyum”. Razılaşmaların icrasından indiyədək kim yayınıb? Elə Mirzoyanın son açıqlaması Brüssel görüşündəki razılaşmadan Ermənistanının qaçdığını nümayiş etdirmirmi?

 

  Yaxşı olardı ki, Mirzoyan dünən RF XİN başçısı Sergey Lavrovla telefon danışığından sonra bu cür “düşünmək imkanına” məcbur olduğunu, Brüssel görüşündəki razılaşmadan yayındıqlarını etiraf edəydi. Amma, o etiraf etməsə də, biz bunu bilirik.

 

 Azərbaycan Mirzoyanın bu açıqlamasının sülh müqaviləsini imzalamağa mane olmaq məqsədi daşıdığını rəsmən bəyan etməli, bir daha vurğulamalıdır ki, Qarabağ məsələsində son nöqtənin qoyulmasının iki ölkə arasında sülh sazişinin əldə edilməsinə heç bir aidiyyatı yoxdur. Qarabağ Azərbaycanın daxili işidir. 

 

 Ermənistanın daimi sürüşkən mövqeyi vaxtın süni çəkildə uzadılmasına xidmət edir. Azərbaycan RF qarşısında məsələ qaldırmalı, adından, strukturundan asılı olmayaraq bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən sentyabrın sonunadək çıxarılmasına nail olmalıdır. Qarabağ Azərbaycanın daxili işi olduğu üçün sülh müqaviləsinin imzalanmasını gözləmədən həm erməni silahlı qüvvələrinin çıxarılmasını, həm də azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisinə qaytarılması məsələsini RF sülhməramlı qüvvələri qarşısında qaldırmalıdır. Ümumiyyətlə, Ermənistanla və Qarabağla olan problemlərin ayrılıqda deyil, paralel şəkildə birlikdə həll edilməsi istiqamətində siyasət aparılmalıdır. 

 

 Rusiya Azərbaycana Qarabağda əlavə problemlər yaratmaqla diqqəti sülh prosesindən yayındırmağa çalışır. Ruben Vardanyanı əvvəlcə Xankəndi siyasi səhnəsinə, sonra da İrəvana yerləşdirməklə 10 noyabr 2020 razılaşmsının qalan müddəalarının reallaşmasına əngəl törətməyə çalışacaq. Biz Qarabağ və Ermənistanla sülh müqaviləsi imzalanması məsələsində diplomatik, yeri gələndə hərbi təzyiqimizi artırmalı, sərtləşdirməliyik. Avropa İttifaqı və Türkiyə ilə bu istiqamətdə əməkdaşlığı maksimum artırmalı, sürətləndirməliyik.

 

İlham İsmayıl

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button