Qarabağda “dövlət naziri”, sonra Ermənistanda baş nazir?..

“Hesab edirik ki, Azərbaycan dövləti Ruben Vardanyanın ən azı Qarabağdakı təxribatçı fəaliyyətini durdurmaq üçün yetərli rıçaqlara malikdir…”

 

“Guya  Putinin “çirkli” pullarının bir hissəsi məhz R.Vardanyanın “Troyka Dialoq” şirkətinin vasitəsi ilə yuyulur…”

 

Xəbər verdiyimiz kimi, erməni əsilli Rusiya milyarderi Ruben Vardanyan sentyabrən 1-də öz telegram-kanalında yayımladığı video-müraciətdə Rusiya vətəndaşlığından imtina edərək Qarabağdakı haylara köməyə gəldiyini bildirib. O,  Qarabağda, yəni Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində “Artsax təhlükəsizlik və inkişaf fondu”nu yaratdığını əlavə edərək bütün dünya haylarını “Artsax xalqı”na köməyə çağırıb.

Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Rusiya milyarderinin Qarabağda gözlənilən fəaliyyəti ilə bağlı yeni məlumat yayıb.

 

“Qarabağdakı mənbələrimiz xəbər verir ki, Vardanyan Artsaxın adi vətəndaşı statusuna malik olmayacaq, onun potensialından idarəetmə sistemində istifadə etməyə çalışacaqlar. Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda o, Artsaxın dövlət naziri təyin olunacaq. Bu, hazırda Artak Beqlaryanın əlində olan Artsaxın baş naziri postudur. Bundan əvvəl Ruben Vardanyan Artsaxın təhlükəsizliyini və inkişafını dəstəkləmək üçün ümumerməni cəbhəsi yaratmaq təklifi ilə çıxış edib. O, Artsaxa sərmayə qoyur və prezident Arayik Arutyunyanla yaxın münasibətdədir”- məlumatda belə deyilir.

 

Xatırladaq ki, hələ 2021-ci ildə Ermənistanda siyasi fəaliyyətlə məşğul olacağını bəyan etmiş  R.Vardanyan dünən – sentyabrın 2-də Xankəndində keçirdiyi mətibuat konfransında R.Vardanyan Ermənistanın baş nazirliyinə namizədliyini verə biləcəyindən də danışıb.

Öncə bu mövzudakı yazımızda da qeyd etdiyimiz kimi, erməni milyarderin Putin rejiminin xeyir-duası olmadan Rusiya vətəndaşlığından imtina edərək Qarabağda, yaxud Ermənistanda siyasi fəaliyyətə başlaması mümkün deyil. Bu, Kremlin layihəsidir…

 

Hələ 2020-ci ilin oktyabrında –  Azərbaycan ordusunun Qarabağda qalib azadlıq savaşını apardığı bir vaxtda Ruben Vardanyan Rusiya prezidenti V.Putinə ermənilərə dəstək verməsi üçün müraciət ünvanlamışdı…

Araşdırmamızdan o da bəlli olub ki, 2021-ci ilin payızında erməni milyarder Ruben Vardanyanın  siyasətə qoşulmaq qərarı ilə bağlı açıqlaması Gürcüstanda Rusiya prezidentinin bu dəfə Ermənistana desant atmaq cəhdi kimi qəbul edilib. İndiki hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili isə Cənubi Qafqazda “Vardanyanın sələfi” sayılıb.

 

O zaman Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, eks-prezident Mixail Saakaşvilinin silahdaşı Roman Qotsiridze öz “Facebook” səhifəsində bu hadisəyə xüsusi yazı həsr etməklə Vardanyanın siyasətə qayıtmasına cavab verib.

 

“Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan Ermənistana köçüb siyasi partiya yaradacağını bildirib. Onun fəaliyyət planı və ritorikası bir əkizlər kimi İvanişvilinin erkən fəaliyyətinə bənzəyir. “2030” kimi layihələrlə (bu, ölkəyə firavanlıq erası vəd etmiş Bidzina İvanişvilinin layihəsidir) erməniləri çaşdırır. Vardanyan nahaq günahlarla suçlandığını, hətta onun “erməni İvanişvili” adlandırılmasından şikayətlənir və deyir ki, mən “İvanişvili-2” deyiləm”- deyə Saakaşvilinin silahdaşı bildirir.

 

Qeyd edək ki, 53 yaşlı milyarder oliqarx Ruben Vardanyan Rusiya və erməni ictimai dairələrində müəyyən ictimai nüfuza malikdir. O, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi olub. Moskvada yerləşən Skolkovo İdarəetmə Məktəbinin təsisçilərindən biridir.  Yeri gəlmişkən, 2006-cı ildə bu qurumun açılış mərasimində V.Putin də iştirak edib. Qərbyönümlü Rusiya saytlarının yaydığı məlumatlara görə, guya Putinin “çirkli” pullarının bir hissəsi məhz R.Vardanyanın “Troyka Dialoq” şirkətinin vasitəsi ilə yuyulur.  2019-cu ildə Avropa Parlamenti Avopa Komissiyasına “çirkli” paraların yuyulmasında iştirak edən bir sıra Rusiya iş adamlarıyla yanaşı, R.Vardanyana qarşı da sanksiya tətbiq edilməsi üçün müraciət ünvanlayıb… 

R.Vardanyanın “çirkli” vəsaitlərin yuylması sahəsində Uels şahzadəsi Çarlzın xeyriyyə fondu ilə də əlaqələri üzə çıxıb…

Eyni zamanda Ruben Vardanyan 2015-ci ildə Nyu-Yorkda qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı erməni milyarderləri Vartan Qriqoryan, Nubar Afeyanla birgə mütəmadi olaraq Ermənistana və Qarabağdakı haylara yardım göstərən “Avrora”  mükafatı  “xeyriyyə” təşəbbüsünü təsis edib.

 

2022-ci ilin yanvarında “Avrora” Qarabağdakı separatçı rejimə yarım milyon dollar ayırıb.

Hesab edirik ki, Rusiyada yetişmiş erməni milyerder böyük ehtimalla bölgədəki gerçək hərbi-siyasi durumda ciddi bir nəticə əldə edə bilməyəcək. Bununla  belə, Azərbaycan dövləti Ruben Vardanyanın ən azı Qarabağdakı təxribatçı fəaliyyətini durdurmaq üçün yetərli rıçaqlara malikdir. Belə ki, R.Vardanyan Azərbaycan ərazisinə icazəsiz daxil olmuş və orada qanunsuz məskunlaşmaq iddiasında olan azuolunmaz şəxs elan edilə bilər. Eyni zamanda erməni iş adamı hələ Rusiya vətəndaşlığından imtina etməmiş rəsmi Moskvaya  öz vətəndaşını Azərbaycana qarşı destruktiv fəaliyyətdən çəkindirməyə borclu olması haqda xəbərdarlıq edilməsi də mümkündür…

 

Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button