“Atam məni, bacımı və qardaşımı filmə çəkdi ki, bu günlərə yadigar qalsın…”

“Bu gün bir çox insanlar, ələxsus da jurnalistlər mənə sual verirlər ki, “niyə aktyor olmadınız?”. Mənim aktyor olmağa fikrim yox idi. Məktəbdə oxuyurdum, sakit təbiətli bir insan idim. O vaxt foto və video kameralar yayılmamışdı, çox nadir hallarda olurdu. Atam Həsən Seyidbəyli də çox tanınmış bir rejissor idi. Atam məni, bacı və qardaşımı filmə çəkdi ki, yadigar qalsın. Bizim heç nazımızla oynamadı çəkilişlərdə, hamı ilə necə, bizimlə də elə. Başa salırdı ki, filan şeyi belə etmək lazımdır, çəkiliş olanda biz də onun dediyini edirdik. Namiq gözəl obrazdır, saf insan idi. Bu gün baxanda da o saflığı, sakitliyi Namiqdə görürəm”.

 

Bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Həsən Seyidbəylinin oğlu, “Bizim Cəbiş müəllim” filminin Namiqi-Ziya Seyidbəyli deyib. O daha sonra atası ilə bağlı xatirələrini bölüşüb.

“Atam gözəl ovçu idi, onunla birlikdə uşaqlıqdan ova gedirdik. Boş vaxtlarında tez-tez bağa gedirdik, bağımız Pirşağıda idi. Atam gözəl üzürdü, hətta o vaxt iki qız uşağı batarkən onları xilas etmişdi. Çox qonaqpərvər, zarafatcıl insan idi. Evimizdə çox tanınmış şəxsiyyətləri görmüşük” deyə o bildirib.

 

“Atanızın ən çox sevdiyiniz filmi hansıdır?” sualına isə müsahibimiz belə cavab verib.

“Mən atamın “Sən niyə susursan?”, “Telefonçu qız”, “Nəsimi” filmlərini sevirəm. O ssenariləri də özü yazırdı. Onun axırıncı əsəri “Xəzər” kitabının davamı idi. Ölümündən öncə o kitabı qurtarmışdı, amma davam etdirməmişdi. Atamın 90 illiyində Mədəniyyət nazirliyi həmin kitabı çap etdirdi” deyə o bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button