“Mənim üçün Rusiya kimdirsə, ABŞ, Fransa da elə həmin mahiyyətdədir…” 

“Düşmən üzərimə məni öldürməyə gəlir. Mən isə onu tuturam və geri qaytarıram. Və təbii ki, ona yenidən üzərimə gəlmək üçün stimul verirəm…”

 

“Bu günədək dünya ictimaiyyəti bizim atdığımız humanist addımları dəyərləndirib ki, bundan sonra da dəyərləndirsin?.. Hələ bir xeyli əvvəl Azərbaycanın ərazi bütövlüyü məsələsi səsə qoyulanda  ATƏT-in o bədnam Minsk qrupunun hər 3 həmsədri: həm Rusiya, həm ABŞ, həm də Fransa nümayəndələri bizim ərazi bütövlüyümüz əleyhinə səs vermişdilər. Baxmayaraq ki, ATƏT-in təməl prinsiplərindən biri ölkələrin ərazi bütövlüyünün tanınmasıdır. Və təsəvvür edin ki, neytral arbitr rolunda çıxış etməli olan hər 3 ölkə ermənipərəst mövqe tutur və işğalçı Ermənistanın mənafeyini müdafiə edir”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib.

 

“Son dəfə isə Şuşaya beynəlxalq konfransa dəvət olunmalarına rəğmən ABŞ və Fransa səfirləri yenə də getmədilər. Maraqlısı odur ki, mənim ölkəmin ərazi bütövlüyünü təmin etməsi məsələsi dünyada demokratiyadan danışan dövlətlərin xoşuna gəlmir… Ona görə də həmişə demişəm ki, mənim üçün Rusiya kimdirsə, ABŞ, Fransa da elə həmin mahiyyətdədir, həmin motivdədir” -açıqlamasının ardında bunları söyləyən polkovnik Azərbaycan tərəfinin işğalçı, terrorçu xislətli düşmənlə həddindən artıq insanpərvər davrandığını da dilə gətirib.

 

“Bizim Qərb, beynəlxalq ictimaiyyət qarşısında istənilən reveransımız, ən humanist addımlarımız belə, onlarda bizə qarşı müsbət və rəğbətli hisslər yaratmır, müsbət münasibət formalaşdırmır. Dəfələrlə təkrar etmişik: üzərimizə gələn terrorçuları tuturuq, sonra qaytarırıq geriyə, onlar da gedib yenidən silahlanıb üstümüzə gəlirlər. Halbuki, sənin üzərinə elə birinci dəfə silahla gələn düşmən məhv edilməlidir.  Bu halda artıq hansısa humanist prinsliplər işləmir. Çünki həmin düşmən mənim üzərimə eyni prinsiplərlə gəlmir, o, məni öldürməyə gəlir. Mən isə onu tuturam və geri qaytarıram. Və təbii ki, ona yenidən üzərimə gəlmək üçün stimul verirəm. Amma özümüzü bir anlıq qoyaq ermənilərin yerinə, bizim yerimizə onlar olsaydı, belə davranardılarmı? Mənim  dinc əhalimi amansızlıqla qıran erməni silahlı əsgərimi tutub sağ-salamat mənə qaytarardımı? Bizim 1990-cı illərdə Xocalıdan, Kəlbəcərdən, Laçından və s. didərgin kimi bir dəqiqə belə vaxt verilmədən soyqırımla, artilleriya, raket atəşləri ilə müşayiət olunan çıxma nümunəmiz var, hayların da 2020-ci ildəki qələbəmizdən sonra on günlərlə vaxt verilərək Kəlbəcərdən, Laçından arxayınca çıxma nümunəsi ortalıqdadır. Qərb, ABŞ, Avropa bütün bunları ədalətlə dəyərləndirirmi? Biz Hadrutda həbs etdiyimiz terrorçuları, Şuşada ələ keçirdiyimiz terrorçu snayper qadını geri qaytardıq – bunları dəyərləndirdilərmi?.. 

 

Məhz bu baxımlardan xarici faktorlara qarşı sərtlik və prinsipiallıq, daxili faktorlara qarşı yumşaqlıq, sülhpərvərlik, barış və anlaşma prinsiplərini əsas götürməliyik” -deyə Arif Paşa vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button