“Bizdə tamaşaçıların tamaşadan sonra getmək problemi var, getmirlər…”

“Filmlər mənim aləmimdə bir nərdivana bənzəyir. Əgər onun pilləsi olmasa insan yıxıla bilər. Amma təəssüflər olsun ki, bu gün o qədər də yaxşı filmlər çəkilmir. Səbəbi nədir? Çünki o seriallarda teatr aktyorları yox, teatrdan kənar aktyorlar çəkilir. Onlar hansı məktəb keçiblər?”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Hacı İsmayılov deyib. O daha sonra əlavə edib.

 

“O olmasın, bu olsun” filmi mənim ən çox sevdiyim filmdir. Çünki bu filmdə Azərbaycanın ən məşhur teatr aktyorları çəkilib. Film xalqın xarakterini nümayiş etdirir. Azərbaycan xalqı istedadlıdır, ümid edirəm ki, hər şey yaxşı olacaq. İnanıram ki, Azərbaycan kinosu hələ öz sözünü deyəcək. Zaman dəyişdikcə nəsillər də dəyişir. Biz o vaxt teatra gələndə o vaxtın görkəmli aktyorları bizləri bəyənmirdi, daha sonra onların bəyənmədikləri aktyorlar xalqın ən sevimli sənətkarları oldu. Bu həyatın qanunudur. Teatr mənim həyatım, kino isə sevgimdir. Mən özümü teatrda da, kinoda da yaxşı hiss edirəm. Bəzən deyirlər ki, teatra tamaşaçı gəlmir. Teatrdan teatra fərq var. Akademik Milli Dram Teatrı teatrların avanqardıdır, qabaqcılıdır. Bizim teatrda tamaşaçı sayı az deyil, tam əksinə. Bizdə axı tamaşaçı problemi yoxdur. Ciddi mövzulu əsərlərə baxmaq üçün sırf bizim teatra gəlirlər, digər teatrlara getmirlər. Bizdə tamaşaçıların tamaşadan sonra getmək problemi var, getmirlər, ayaq üstə alqışlayırlar (gülür). Bu da istəkdir, sevgidir” deyə sənətkar bildirib.

 

Xalq artisti daha sonra gənclərə tövsiyyə də verib.

 

“Cavanlar bu sənətə gəlir. Sadəcə olaraq onları düzgün istiqamətləndirmək, yol göstərmək lazımdır. Onların arasında çox istedadlıları da var. Onlar öz istedadlarını nümayiş etdirmək üçün meydan, şərait olmalıdır. Teatr, kino meydandır! Gənclər öz üzərlərində məsuliyyət hissini daha da artırmalıdırlar. Bu sənətə yarımçıq baxmaq olmaz, bu sənəti sevməlisən, onun fədakarı olmalısan” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button