Rusiya MN artıq alternativ Laçın yolunu “dəhliz” kimi təqdim etməyə başladı. Həm də…-RƏSMİ

“İnanırıq ki, Azərbaycan dövləti və ordusu da prinsipiallıq nümayiş etdirərək alternativ Laçın yolunun bundan sonra “dəhliz” deyil, yalnız yol olaraq istifadəsinə nail olacaq…”

 

 

Artıq bir aya yaxındır ki, Azərbaycan xalqını, xüsusən də rayon mərkəzi və köhnə dəhlizdəki 3 kəndi də dövlətimizin yurisdiksiyasına qaytarılmış Laçın rayonu sakinlərini köhnə Laçın “dəhlizi”nə alternativ yolun ətrafında da “dəhliz” yaradılıb- yaradılmaması məsələsi narahat edir. Narahatçılığın əsas səbəbi Rusiya hərbi kontingentinin, belə görünür ki, ən azı, növbəti 3 il ərzində nəzarət edəcəyi bəhs edilən yol ətrafındakı kəndlərimizin də “dəhliz”ə salınacağı və həmin kənd sakinlərinin, heç olmasa, öz xaraba qalmış evlərinin uçuq divarlarını, “bəlkə salamat qalıb” deyə ümid etdikləri dədə-baba məzarlarını ziyarət edə bilmə vaxtının naməlum müddətə uzadılacağıdır. Təəssüf ki, müvafiq qurumlarımız bu haqda rəsmi, ciddi və ətraflı açıqlama vermir…

Fəqət, Moderator.az-ın son araşdırmalarından bəlli olub ki, Rusiya tərəfi artıq öz  qərarını verib. Yəni Putin rejimi üçün  alternativ yolun ətrafı da Rusiya “sülhməramlı” hərbi kontingentinin məsuliyyət zonasına daxil olan “dəhliz”dir.

 

Bunu köhnə Laçın dəhlizinə alternativ yolun istifadəyə verildiyi 30-31 avqust 2022-ci il tarixlərindən  bəri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmənin gündəlik bülletenlərində  sözügedən yola aid edilən “Laçın dəhlizi” ifadəsinin işlənməsidir.

Belə ki, “sülhməramlı”ların 31 avqust tarixli xəbər bülletenində iki dəfə “Laçın dəhlizi” ifadəsi işlənir. Birincisi, Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı cümlədə, ikincisi isə Azərbaycan avtomobil karvanlarının “Laçın dəhlizi”ndən keçərkən müşayiət olunması qeyd edilən cümlədədir. 

 

Bundan sonra, yəni 1- 6 sentyabr 2022-ci il tarixlərində Rusiya MN-in bəhs edilən xəbər bülletenində hər gün “Laçın dəhlizi” ifadəsi işlədilir… 

 

Bir məqam da diqqəti cəlb edir ki, ötən yazılarımızda qeyd etdiyimiz kimi, sentyabrın 1-də və 6-da təqdim edilən xəritələrə də uyğun olaraq “sülhməramlı”ların bilavasitə “Laçın dəhlizi” ərazisində patrul xidməti apardığı qeyd olunur. Sentyabrın 4-ə aid dislokasiya xəritəsində isə Rusiya hərbçilərinin Laçın rayonu ərazisində patrul xidməti apardığı görünsə də, bu nədənsə xəbər  bülletenində qeyd olunmur. Amma sentyabrın 6-a aid bülletendə patrul xidmətinin məhz “Laçın dəhlizi” ərazisində aparıldığı vurğulanır. Rayonu yox, dəhlizi…

Bir sözlə, belə çıxır ki, artıq Rusiya MN və deməli, Putin hakimiyyəti yeni alternativ yolun ətrafını da Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarət zonası olan  “dəhliz” kimi qəbul edir… 

 

Amma “sülhməramlı”ların dislokasiya xəritələrində həmin “dəhliz”in parametrləri aydın görünmür. Belə ki, Laçın şəhəri, Zabux, Aşağı Sus və Qarıkaha kəndləri dislokasiya xəritələrindən ehtiyatla(!) çıxarılsa da, xüsusi ştrixlərlə göstərilən və mütəmadi patrul xidmətləri marşrutunun qeyd olunduğu ərazi yeni alternativ yoldan Laçın və Zabuxa, çox yaxın birbaşa vizual nəzarət ediləcək məsafəyədək uzanır… Belə çıxır ki, Rusiya hərbi kontingenti hazırda nəinki Laçın rayonunun yeni yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf  və s. kəndlərini, həm də köhnə “dəhliz”ə də daxil olan “Şivid xarabalıqları” məntəqəsi, Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərini də və deməli, Qubadlı-Laçın yolunu da nəzarətdə saxlayır… 

 

Hazırda revanşist, irqçi və separatçı xislətli hayklar, həm də Rusiya MN üçün əsas prinsipial məsələlərdən biri də Şuşa rayonunun Kişik Qaladərəsi kəndinin üzərindəki Laçın rayonunun Ağanus kəndinə aid olan, “Azersel”in də rabitə qülləsinin yerləşdiyi strateji Dikdaş(yaxud Ağdaş – 1784 m) yüksəkliyindəki mövqelərdən Azərbaycan ordu birləşməsinin çıxarılmasıdır(bax: ).  Xatırladaq ki, 1 dekabr 2020-ci ildən bəri keçən iki ilə yaxın müddətdə erməni mediası bu məsələni gündəmdə saxlayır…

  

İnanırıq ki, Azərbaycan dövləti və ordusu da əks prinsipiallıq nümayiş etdirərək nəinki sözügedən yüksəkliyi Rusiya  tərəfinə təslim etməyəcək, eyni zamanda alternativ Laçın yolunun bundan sonra “dəhliz” deyil, yalnız yol olaraq istifadəsinə nail olacaq. Və nəticədə həmin yol ətrafındakı xatırladılan kəndlərimiz Azərbaycan ordusunun nəzarətində qalacaq.  Ona da ümidliyik ki, müvafiq qurumlar tezliklə yeni “Laçın dəhlizi” məsələsinə aydınlıq gətirərək ictimaiyyətin narahatçılığına son qoyacaq… 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button