“18 sentyabrda ermənilər Xocalıya hücum etdi…- Azərbaycanlılar istintaqa  cəlb olundu…”

“Respublika rəhbərinin göstərişi ilə Bakıdan hərbi təyyarə ilə Xocalı aeroportuna uçdum…”

 

“Məsələ ondadır ki, 1923-cü il sentyabrın 18-də Xankəndinin adı dəyişdirilib 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi soyqırımına rəhbərlik edən, bolşevik maskası geyinmiş Stepan Şaumyanın üzdəniraq “şərəfi”nə “Stepanakert” adlandırılıb…”

 

1992-ci ilin 26 fevralında Azərbaycan türk sakinləri  amansız soyqırımına məruz qalmaqla işğal olunan Xocalı şəhərimiz, təəssüf ki, Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra da Rusiya “sülhməramlı”larının məsuliyyət zonasına daxil edilməklə faktiki olaraq separatçı-terrorçu erməni rejiminin işğalı altında qalmaqdadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra da Rusiyanı  himayəsində bəslənən separatçılar Xocalıda qanunsuz olaraq binalar tikməklə buraya Şuşa, Hadrut və digər ərazilərimizdən köçmüş soydaşlarını qeyri-qanuni məskunlaşdırmağa çalışırlar…

 

…30 il  8 aya yaxındır işğal altında qalan Xocalı şəhərinə işğalçı, irqçi və terrorçu xislətli ermənilərin ilk hücumunun 18 sentyabr 1988-ci ildə Xankəndində futbol matçına baxdıqdan sonra yeyib-içmiş bir qrup dığa tərəfindən təşkil edildiyini salamat qalmış yerli camaat və ətraf rayonların sakinləri istisna olmaqla çoxları bilmir. Həmin hücum və ondan sonra keçmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə baş verənlər barədə sabiq Ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabının “Xocalıya hücum” adlı bölməsində  və müəllifin mövzu ilə bağlı Moderator.az-a verdiyi yeni açıqlamalarda bəhs edilir.

Araşdırmamızdan Xocalıya hücumun niyə məhz 18 sentyabrda təşkil edilməsinin səbəbini də müəyyən etdik. Məsələ ondadır ki,  həmin olaydan düz 65 il öncə – 1923-cü il sentyabrın 18-də, yəni sovet imperiyası dövründə  Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi soyqırımına rəhbərlik edən, bolşevik maskası geyinmiş Stepan Şaumyanın üzdəniraq “şərəfi”nə “Stepanakert” adlandırılıb…

 

Aktuallığını nəzərə alaraq bəhs edilən materialı dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

 

“1988-ci ilin 18 sentyabrında ermənilərin Xocalıya hücum etmələri nəticəsində hər iki tərəfdən xəsarət alanlar oldu. Ermənilərdən öldürülənlər də vardı. Ermənilər meyitlərini keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindən çıxararaq bu vəziyyəti öz əhalisindən onlarda vahimə yaranmasın deyə, gizli saxlayırdılar. Özü də öldürülənlər əsasən vilayətə kənardan gələn ermənilər idi…

 

Xocalıya hücum edən ermənilərə layiqli cavab verən Xocalı camaatından səkkiz nəfəri əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildi. Hətta onlar haqqında həbs qətiimkan tədbiri seçildi. Onların 6 nəfəri haqqında cinayət işinin icraatına, iki aydan sonra hərəkətlərində cinayət tərkibi olmadığına görə xitam verildi və həbsdən azad olundular. Adil Xudaverdiyev və milis işçisi Qurban Əliquliyev barələrində olan cinayət işi  üzrə ibtidai istintaq aparılıb qurtardıqdan sonra baxılmasından ötrü Rusiyanın Volqoqrad vilayət məhkəməsinə göndərildi. Bu işlə əlaqədar  respublikanın Ədliyyə naziri kimi SSRİ Ədliyyə Nazirliyinin aidiyyatı strukturunun rəhbəri Nikolayevə zəng edib ondan həmin cinayət işinə vaxtında və ədalətli baxılmasına nəzarət etməsini xahiş etdim. Volqoqrad Vilayət Məhkəməsinin respublikamızda keçirdikləri məhkəmədə hər iki müttəhim təcrübəli vəkillərlə təmin olundu. A.Xudaverdiyev və Q.Əliquluyev haqqında bəraət hökmü çıxaran məhkəmə onları həbsdən azad etdi… 

 

1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdikdən sonra Xankəndinə qayıdan ermənilərin Xankəndinin mərkəzində yaşayan azərbaycanlıların 60 şəxsi evini və 288 dövlət sektoruna məxsus olan mənzillərini əmlak qarışıq yandırıb məhv etdiklərinə görə Xankəndindən ilk köçkünlərin Ağdama gəlişləri ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin(KP MK) 10 oktyabr 1988-ci il tarixli büro iclasının qərarı ilə Ağdamda Köçkünlərə yardım komissiyası yaradıldı…” 

 

Ə. Orucov Moderator.az əməkdaşıyla söhbətində sözügedən komissiyanın yaradılması və ona rəhbər təyin olunandan sonra gördüyü işlər haqda əlavə olaraq bunları danışıb:

 

“İştirak etdiyim büronun işi başa çatan kimi dərhal respublikanın o vaxtkı rəhbəri – Azərbaycan KP MK-nın 1-ci katibi Əbdürrəhman Vəzirovun göstərişi ilə Bakının Qala qəsəbəsindəki hərbi aerodroma yollandım. Bir neçə dəqiqədən sonra 1-ci katib özü də oraya gəldi və hər ikimiz təyyarə ilə  Xankəndi yaxınlığındakı Xocalı aeroportuna uçduq.  Həmin dəqiqələrdə İrəvandan qalxan Ermənistan KP MK-nın 1-ci katibi Seyran Arutyunyanın uçduğu təyyarə də eyni vaxtda orada yerə endi.  Vəzirovla Arutyunyan Xankəndinə yollandılar…  Mən isə Vəzirovun tapşırığıyla oradan bir taksiyə əyləşərək Xocalı şəhərinə yollandım.  Amma şəhəri yaxın bir yerdə düşməli oldum. Çünki milliyyətcə erməni olan taksi sürücüsü Xocalıya daxil olmaqdan ehtiyat edirdi…

 

Xocalıda yerli camaatla görüşüb sentyabrın 18-də ermənilərin şəhərə etdiyi hücumla bağlı xeyli söhbət edərək müəyyən məlumatlar topladım… Bir neçə saatdan sonra Xocalıdan Ağdama yollandım. Ertəsi gün Ağdam-Xankəndi yolu üzərindəki Əhmədavar kəndində yerləşən və “PMK-25” adlanan 25 saylı səyyar mexanikləşdirilmiş tikinti idarəsinin binasında Köçkünlərə Yardım Komissiyasının qərargahını qurdum. Xatırladım ki, əvvəl Mərkəzi Komitənin bürosunda komissiya barədə məsələ müzakirə olunanda qurumun işinə 10 gündən bir növbəliklə müxtəlif nazirlərin rəhbərlik edəcəyi qərara alınmışdı. Lakin 10 gündən sonra məni əvəz etməyə başqa nazir gəlmədi. Vəzirov telefon danışığı zamanı bildirdi ki, sənin sonadək Ağdamda qalaraq qərargahın işinə rəhbərlik etməyin qərara alındı… 

 

Beləliklə, gərgin işə başladım. Günortaya qədər Ağdam yaxınlığındakı qərargahda olur, köçkünləri qəbul edir, onların problemlərini mümkün qədər həll etməyə çalışır, bundan sonra isə keçmiş Dağlıq Qarabağın kəndlərinə gedir, oralardakı  insanlarımızın problemləri ilə tanış olurdum… 

 

Həmin günlər Ağdama həddindən çox qaçqın və məcburi köçkün ordusu toplanmışdı. Ermənistandan zorla qovulmuş  qaçqınlardan əlavə, Xankəndindən və Yuxarı Qarabağın digər məntəqələrindən ermənilər tərəfindən doğma yurdlarından çıxarılmış köçkünlərin axını başlanmışdı. Aləm bir-birinə qarışmışdı. Mütəmadi olaraq Vəzirova zəng edir,  vəziyyətin günü-gündən ağırlaşması haqda məlumat verirdim. Eyni zamanda çətinliklə də olsa, vaxt tapıb Xankəndinə gedərək 18 sentyabr hadisələrində ermənilər tərəfindən ciddi ziyan vurulmuş azərbaycanlıların evlərində oldum  və onların da problemlərini və çıxış yollarını müzakirə etdik…”

 

Qayıdırıq  sabiq nazirin “Mübarizəmiz Qarabağdadır” kitabında ermənilərin 18 sentyabr 1988-ci ildə ermənilərin Xocalıya hücumundan sonra Qarabağda yaranmış durumun təsvirinə:   

 

“O ərəfədə keçmiş Dağlıq Qarabağda ermənilərin yerli azərbaycanlı əhalinin gündəlik zəruri tələbatdan məhrum edildiklərinin nəzərə alan bir neçə vəzifəli şəxs vilayətdə olub xalqımıza maddi və mənəvi dəstək göstərirdilər. Onlardan bir neçə nəfərinin adını çəkib, fədakar əməkləri barədə, qısaca da olsa, məlumat verməyi özümə borc bilirəm… 

 

O dövrün səhiyyə nazirinin müavini Rahim Hüseynovun Qarabağda gördüyü işlər əvəzsiz idi. O, daim Qarabağda olub, oradakı xəstəxana və tibb məntəqələrinin müasir texnika, avadanlıq, dərman preparatları ilə təmin olunmasını təşkil edirdi. Azərbaycanlılar yaşayan kəndlərdə tibb məntəqələri yaradır, həmin məntəqələri nəqliyyat vasitələri ilə təchiz edirdi. Bölgələrdə olub əhalinin sağlamlığı ilə maraqlanır, müalicəsi vilayətdə mümkün olmayan xəstələri Bakıya apartdırıb müalicə müəssisələrində yerləşdirilməsini, müayinə və müalicəsini bilavasitə öz nəzarəti altında saxlayırdı. Keçmiş vilayətin bütün kənd və qəsəbələrində azərbaycanlı əhalinin sağlamlığına xidmət edən bir sıra tədbirlər həyata keçirirdi…

 

 Maliyyə nazirinin müavini Tofiq Mirzəyevin rəhbərliyi və bilavasitə iştirak etdiyi komissiya Xankəndində və vilayətin digər bölgələrində azərbaycanlıların ermənilər tərəfindən məhv edilmiş əmlakını siyahıya alıb dəyərinin dövlət tərəfindən əmlak sahiblərinə ödənilməsini təşkil etmişdir… 

 

“Azərittifaq”ın sədrinin birinci müavini Əlvida Babayev Xankəndində və vilayətin azərbaycanlılar yaşayan digər bölgələrində ermənilərin bizim camaata yeyinti ərzağını əldə etməsinə imkan vermədikləri ünvanlarda olub(harda ki, azərbaycanlılara mağazalrda heç nə satılmırdı) onların ehtiyacı olan əsas ərzaq növləri ilə təmin olunmaları üçün səyyar satış təşkil edirdi… 

 

Viktor Polyaniçkonun rəhbərlik etdiyi Respublika Təşkilat Komitəsi fəaliyyətə başlayan günədək, yəni 1990-cı ilin 30 yanvarınadək Ağdamda fəaliyyət göstərdim. Demək olar ki, A.Volskinin Xankəndində Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik etdiyi dövrdə mən də Ağdamdakı komissiyanın işinə rəhbərlik etmişəm… Polyaniçko Dağlıq Qarabada fəaliyyətə başlamazdan əvvəl Ağdamdakı Köçkünlərə Yardım Komissiyasının işini ləğv etdi… Bundan sonra mən  fəaliyyətimi keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlarda davam etdirməli oldum…”

 

Bəs görəsən, 18 sentyabr  1988-ci ildə  Xocalıya hücum edərək dinc sakinlərə xəsarətlər yetirən və üstəlik, Xankəndinə qayıtdıqdan sonra oradakı azərbaycanlılara məxsus ev və dövlət sektoruna aid mənzilləri yandıran onlarla erməni haqqında cinayət işi qaldırıldımı? Evi dağıdılmış soydaşlarımızın ev və obyektlərinin bərpası üçün hansısa tədbirlər görüldümü?..  

 

O zaman hadisə yerində olmuş sabiq Ədliyyə naziri Əlisaab Orucovun sualımıza belə cavab verir:

 

“Təəssüf ki, o günlər SSRİ prokurorluğu tərəfindən Xocalı və Xankəndindəki soydaşlarımıza qarşı cinayət törətmiş ermənilər haqqında heç bir cinayət işi qaldırılmadı və soydaşlarımızın ev və mənzillərinin bərpası üçün heç bir tədbir görülmədi. Mən Köçkünlərə Yardım Komissiyasına rəhbər təyin edildikdən sonra həmin vaxt artıq Xankəndində Qorbaçovun xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Arkadi Volski ilə görüşüb bu istiqamətdə tədbirlər görülməsini tələb etdim. Təəssüf ki, dediyim kimi, heç bir tədbir görülmədi. Əksinə, yalnız Xocalıda ermənilər tərəfindən hücuma məruz qalmış və zəruri müdafiə tədbirinə əl atmış azərbaycanlılar cinayət məsuliyyətinə cəlb edildi. Özü də cinayət işi SSRİ prokurorluğu tərəfindən qaldırılsa da, onlar cinayətin baş verdiyi Azərbaycan ərazisindəki məhkəmələr tərəfindən deyil, Rusiyanın məhkəmə qurumları tərəfindən mühakimə olunmağa başlandı. Yaxşı ki, kitabımda da yazdığım kimi, bizim səylərimiz nəticəsində haqsız yerə məsuliyyətə cəlb olunmuş soydaşlarımızın işlərinin xətm olunaraq azadlığa çıxmalarına nail ola bildik…”

 

Qarabağ torpaqlarımızın ermənilər tərəfindən işğalının bünövrəsinin qoyulmasında yetərincə rolu olmuş  ermənipərəst A.Volskidən söz düşmişkən,  sabiq nazirin kitabında onunla bağlı belə bir məqam diqqətimizi cəlb etdi. Söhbət düz 33 il öncə bu günkü tarixdə- 1989-cu il sentyabrın 9-da baş vermiş olaydan gedir.  

 

Ə.Orucov yazır:

 

“1989-cu il sentyabrın 9-da axşam tərəfi Bakıdan Qarabağa qayıtmağa hazırlaşırdım.  Gördüm camaat axın-axın Azadlıq meydanına doğru gedir. Mən də insanlara qoşulub getdim. Meydana bir milyondan artıq insan toplnmışdı. Bir az keçmiş məni xalqın arasında görənlər mikrofon vasitəsi ilə tribunaya dəvət etdilər…

 

Mitinqdə çıxış edərək Qarabağda həmin günə olan gerçək vəziyyəti xalqa çatdırdım.  Dedim ki, Volski orada ermənilərə rəvac verib, azərbaycanlılara qarşı saysız-hesabsız cinayətlər törətməklə məşğuldur.  Ona görə də o, Qarabağı tərk etməli və onun ermənilərin xeyrinə rəhbərlik etdiyi komitə ləğv olunmalıdır. Bu çıxışımdan sonra meydan təlatümə gəldi…

 

Bir neçə gün sonra isə Xüsusi İdarə komitəsi ləğv edildi və Volski Azərbaycanı tərk etməli oldu…” 

 

 

Deyilənlər bir daha onu göstərir ki, imperiyapərəst Kreml hakimiyyəti keçmişdə də, indi də öz maraqlarına uyğun bəzi məqamlar istisna olmaqla bütövlükdə Azərbaycan xalqının ədalətli mövqeyini müdafiə etməkdə, onun tapdanmış haqlarının bərpasında maraqlı olmayıb və maraqlı deyil… 

 

Sultan Laçın

 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button