“Çırağı sönən ailələr necə bu acıya dözəcəklər..?” – Şəhid xanımı

“Bu gün həmin günü yenidən yaşadıq. Bu gün səhər ilk işim yoldaşımın yanına, 2-ci Fəxri Xiyabana getmək oldu. Gedəndə acı mənzərə ilə qarşılaşdım. Şəhidlərimiz üçün yer hazırlayırdılar, yaşadıqlarımız gözümün önündən keçdi. Çırağı sönən ailələri düşündüm.. Necə dözəcəklər bu acıya?! İki il olur, biz hələ də dözə bilmirik. Dözmək olmur, sadəcə bu acı ilə yaşamağa məcbur olduğumu bilirəm. Çünki atalarının adına layiq böyütməli olduğum 3 övladım var, onlar üçün yaşamağa məcburam”

Bunu Moderator.az-a açıqlamasında şəhid mayor Ramid Hacıyevin xanımı Sevinc Hacıyeva deyib. O daha sonra əlavə edib.

“Şəhid ailələri ilə bir-birinə elə möhkəm sarılmışıq ki, heç qohumlarımız yadımıza düşmür. Demək olar ki, bütün günüm onlarla keçir. Birlikdə ağlayıb, birlikdə gülürük. Çünki bizi bizdən başqa heç kim başa düşə bilməz. Təsəllimiz odur ki, şəhidlərimiz İnşallah ki, cənnətlikdir və onlarla cənnətdə qovuşmağın ümidi ilə yaşayırıq. Ramid yuxularıma da gəlir. Yaşadığı vaxtlarda necə idisə elə görürəm onu. Heç nə olmamış kimi. Ancaq başqalarının yuxularına girib, elə sözlər deyir ki, mən əminəm o hər zaman bizim yanımızdadır. O məndən çox arxayın idi, hətta müharibə zamanı mənə yazdı ki, “mənə bir şey olsa bilirəm ki, uşaqları necə lazımdır böyüdəcəksən”. Çünki hərbçi ailəsi olmaq heç asan deyil, həmişə bütün işləri özüm edirdim ki, onun vaxtı bu işlərə getməsin. Yaxşı gündə, pis gündə ilk işim onun məzarını ziyarət etməkdir. Bəzən küsürəm, deyirəm ki, gedim danışım bir az, amma gedəndə hər şeyi unuduram. Fikirləşirəm ki, bizi sadəcə bir daş ayırır və mənim əlim ona çatmır. Bütün kəlmələr o an silinir. Orda yoxluğunu tam dərk edirsən” deyə şəhidin xanımı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button