“Dedim ki, ay qızım, duracaqsan ayağa, dedi yox, artıq keçib, Allahla barışın…”

“Səhhətim bir gün yaxşıdır, bir gün pis. Günlərimi sayıram, artıq 85 yaşım var. Xalqın dərdinə dözə bilmirəm, görün nə qədər şəhidlər vermişik. 2 gündür ürəyim dağa dönüb, cavan-cavan uşaqlarımız şəhid olur. Allah düşmənin bəlasını özü versin, ölkəmizi qorusun. Mənim oğlumun biri hərbi xidmətdə olarkən rəhmətə getdi. Yoldaşlarına yazırdı ki, “bir erməni komandirimiz var, əlinə güllə versələr bütün müsəlmanları qırar”. Oğlum erməninin bəlasına gəldi. Dedim ki, ay bala elə birinci şəhid sən oldun. Gör neçə il bundan əvvəl dünyasını dəyişib”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın anası Gövhər Qafarova deyib. O, daha sonra əlavə edib.

“5 övladım olub, 4-ü dünyasını dəyişib, birinin də gözləri tutulub. Birini də Xanım qoyub üstümə getdi. Övladlarım çox yaxşı olublar. Hələ bir dəfə üzümə dayanmayıblar. Balalarımın hamısını istəmişəm, aralarında fərq qoymamışam. 5 barmağın hansını kəssən səni incidəcək. Amma Xanım şux, deyib gülən idi. Kimsə haqqındasa danışanda deyirdi ki, “özünüz deyin, özünüz danışın”. Xanımgili ata tərəfdən balacadan tutmuş böyüyə qədər çox istedadlı olublar. Amma arxasınca gedən olmayıb, kasıbçılıq olub. Xanım risk edən idi. Bir də gördük ki, televizorda oxuyur. Sonra sevdik, atası dedi ki, hara getsə daha danışmayacam, qoy getsin. Evə gec də gəlsəydi əyləndirirdi bizi, danışırdı, söhbət edirdik, deyirdik gülürdük. Heç xanım aktrisa olmayandan mən AZDRAMA-nın, Muskomediyanın tamaşalarını xoşlayırdım. Həmişə getmişəm” deyə aktrisanın anası deyib.

 

Əməkdar artistin anası aktrisanın son arzusundan da danışıb.

“Bir dənə övlad istəyirdi, deyirdi ki, “ay ana, toylara gedirəm, o ona deyir ki, qızın üçün olsun, bu ona deyir ki, oğlun üçün olsun. Mən o sözü eşitmirəm. Nə olur-olsun, övlad istəyirəm. Ona qalsa idi aktrisa olmağına baxmayaraq 4-5 dənə övladı olardı, o qədər uşaq sevən idi. Əcəl imkan vermədi. Axırda onu deyirdi ki, “balamı qoyub gedə bilmirəm, kaş özümlə apara bilsəydim”. Dedim ki, “ay qızım, duracaqsan ayağa”, dedi “yox, artıq keçib, Allahla barışın”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button