“Ad günümə özü gələcəkdi, tabutu gəldi, bu da mənə doğum günü hədiyyəsi oldu…”

“2 yaşımızdan uşaq evində böyümüşük. Həyatda qardaşım və mən idim. Kiçik yaşlarından böyük yaşımıza qədər birlikdə idik. Axırıncı dəfə də Bakı SOS uşaq kəndində böyüdük, oxuduq. Çıxıb getdik, mən işlədim. O da getdi hərbi sahəyə. Orada işləməyə başladı, müharibədə iştirak etdi, 4 medalı oldu. Gələcəkdi, dedi ki, “bir az səbrli ol, torpağı, evi həll edək, evləndir məni, yavaş-yavaş təxris olaram”.

 

Bunu Moderator.az-a açıqlamasında şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib. O, daha sonra qardaşını xatırlayıb, onunla telefon danışığından söz açıb.

“Dedi ki, “komando” bölüyünə keçmişəm, maaş ikiqat olacaq, işimiz tezləşəcək”. 2 gündən sonra da xəbəri gəldi. Ayın 11-də danışmışdım onunla. Qəlpə yarası almışdı. Ayın 12-də yenə səhər-səhər zəng etdim ki, necədir vəziyyəti? Dedilər ki, qardaşın şəhid olub, onun qisasını almışıq. Ən böyük arzusu ailə həyatı qurması və evinin olması idi. Bizim ikimizin də arzusu bu idi. Uşaq evindən çıxandan sonra həyat bizim insan üçün asan olmadı. Ən azından oğurluq etmədik, bir şey etmədik, alın tərimizlə işləyirdik. Onsuz da gecələr yata bilmirdim, səhərə qədər dua edirdim. Qardaşım doğum günümdə şəhid oldu. Ad günümə özü gələcəkdi, tabutu gəldi. Bu da mənə doğum günü hədiyyəsi oldu. Qardaşım həmişə başımı uca edib. Uşaq evində də nəyisə dağıdıb, sındıranda, öz boynuna götürürdü. Məndən kiçik idi, amma özünü böyük kimi aparırdı. Bu 5 il ərzində nə işləyibsə hamısını mənim üçün göndərib. Özünün gözündə heç nə yox idi. İndi də mənim başımı uca edib. Amma mən heç bir şey edə bilmirəm. O ölmədi, mən öldüm” deyə şəhidin qardaşı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button