“Ermənistan faktiki olaraq Rusiyanın protektoratındadır, odur ki…”

“Moskvanın Qafqaza, o cümlədən Azərbaycan-Ermənistan sərhədinə əlavə silahlı qüvvə göndərmək imkanları çox məhduddur…”

 

AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının Azərbaycan-Ermənistan sərhədindəki son qanlı qarşıdurmadan sonra yaranmış hərbi-siyasi durum haqdakı suallarını cavablandırıb.

 

 

– Etibar bəy,  Azərbaycan-Ermənistan sərhədində silahlı qarşıdurma davam edərsə, onsuz da Ukraynada uduzmaqda olan, Ermənistanda 102-ci hərbi bazaya malik və bu ölkə ilə qarşılıqlı yardım haqqında müqaviləsi olan Rusiyanın bölgəyə əlavə yeni hərbi qüvvə göndərməsi mümkündürmü, yaxud bölgədəki “sülhməramlı” adlanan kontingentinin sayını artırması gözlənilirmi? Yəni Kreml heç olmasa, Güney Qafqazdakı mövqelərini möhkəmləndirmək məqsədilə bunları edə bilərmi?

 

– Ermənistanla sərhəddə qarşıdurmanın davam edəcəyi gözlənilir. Hesab edirəm, bu saat Rusiyanın elə bir imkanı yoxdur ki, bölgəyə əlavə qüvvələr yeritsin.  Ukraynada qüvvə çatışmazlığı açıq-aşkar göz qabağında olan bu dövlətin özünə əlavə qüvvə lazımdır.  Rusiyanın resursları, demək olar ki, tükənmək üzrədir. Onların döyüş qabiliyyətli hərbi hissələri sıradan çıxarılıb. Yenilərini  hazırlamaq isə xeyli vaxt aparacaq. Silah-sursatın da yenilənməsi yenə də vaxt tələb edir. Ona görə də Rusiyanın Qafqaza, o cümlədən Azərbaycan-Ermənistan sərhədinə əlavə silahlı qüvvə göndərmək imkanları çox məhduddur…

 

– Bölgəyə KTMT qüvvələrinin göndərilməsi məsələsi də, çox güman ki, artıq gündəmdən düşdü.  Qazaxıstan və Qırğızıstan rəsmiləri öz qoşunlarının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsindən danışmağın yersiz olduğunu ifadə etdilər və sonda Tacikistan və Belarusla birgə məsələyə veto qoydular… Bəs sizcə, Ermənistan hakimiyyətinin xəyal etdiyi kimi, Fransa və ya ABŞ-ın, yaxud BMT-nin sözügedən hərbi əməliyyatlar zonasına “sülhməramlı” adlanacaq kontingent yollaması mümkün ola bilərmi?

 

– Bəli, KTMT yalnız yerində monitorinq keçirərək  vəziyyətlə tanış olmaq üçün bölgəyə öz nümayəndələrindən ibarət missiya göndərməyi qərara alıb. Bir sözlə, KTMT artıq ölü bir təşkilata çevrilib.  Onun fəaliyyətsizliyi də göz qabağındadır. Ermənilərin də ona ümid etmək üçün əsası yoxdur… Bu gün  Ermənistanda Rusiya əleyhinə aparılan kampaniya da ona köklənib ki, müttəfiqləri onları tək, köməksiz qoyub… 

 

ABŞ, Fransa, yaxud BMT-nin də bölgəyə sülhməramlı göndərməsi ehtimalına gəldikdə, bunlar da praktiki olaraq mümkün deyil.  Əvvəla,  Rusiya və Ermənistan arasında sərhədlərinin “FSB”nin sərhəd qoşunları tərəfindən qorunması, ərazisində bazaların yerləşdirilməsi haqqında müqavilə var.  Faktiki olaraq Ermənistan Rusiyanın protektoratındadır. Odur ki, həmin ölkənin ərazisinə başqa dövlət  və ya təşkilatın qoşunlarının gəlməsinə Kreml heç vaxt imkan verməz. Bilavasitə BMT-nin qoşun yollaması üçün  də  Təhlükəsizlik Şurasının qərarı olmalıdır. Təbii ki, Rusiya da orada veto qoymaqla bunun qarşısını alacaq. Fransanın isə o qədər də qeyrəti yoxdur ki, təkbaşına Rusiya ilə üzbəüz gəlsin və öz qoşununu Ermənistana göndərsin…

 

– Yəqin ki,  ABŞ  da belə bir addım atmaz…

 

– Bəli, Amerika da onun kimi… Heç kəs Ermənistana görə gəlib Rusiya ilə müharibə etməyəcək…

 

– Belə bir versiya var ki, Ermənistanın sərhəddə Azərbaycanla son toqquşmasını Rusiya rejimi körükləyib. Guya Kreml bununla  Paşinyanın devrilməsinə, özünə daha yaxın Köçəryan, Sərkisyan düşüncəli revanşist siyasətçilərin hakimiyyətə gətirilməsinə nail olmaqla Ermənistanda, beləliklə Güney Qafqazda daha da möhkəmlənmək və Qərbin, xüsusən də ABŞ-ın buradakı varlığına son qoymağa çalışır…

 

– Təbii ki, Ermənistan silahlı qüvvələrinin içərisində keçmiş prezidentlərin nüfuzu çoxdur. Onlar ordudakı proseslərə təsir edə bilirlər. Yəni son hadisələr göstərir ki, Paşinyan faktiki olaraq proseslərə nəzarət edə bilmir…

 

-Belə çıxır ki, Ermənistanın son qanlı toqquşmalara səbəb olmuş təxribatlarının məhz Moskva tərəfindən təşkil edilməsi fikri ilə razısınız?

 

– O da mümkündür… Çox versiyalar var… Əsas odur ki, ermənilərin içərisində bu revanşist əhval-ruhiyyəni qızışdıranlar var.  Onlar da öz güclərini, resurslarını hesablaya bilmirlər. Ona görə də bu cür təxribata əl atıblar və nəticə də göz qabağındadır. Ermənistan tərəfdən çox böyük itkilər olub. Bu prosesi təkrar davam etdirməyə də ermənilərin nə imkanı, nə də gücü var…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button