“20 yaşına kimi Allah onu mənə əmanət etdi, indi də Allah onu öz cənnətinə apardı…”

“Bütün xalqıma səbr diləyirəm. Mənim oğlum qəhrəmancasına həlak olub. Xüsusi Təyinatlı Qüvvələrdə çalışırdı, öz istəyi idi, biz də razılıq verdik. Allah bütün şərəfli oğullarımızı qorusun. Oğlum da şərəflə, vicdanla vətənə qulluq edib. Mən özüm neçə il hərbi sahəsində məxfi hissədə çalışmışam. O mənim oğlum idi. Mənim oğlum qəhrəman kimi ölməli idi, adi ölüm ona qismət olmalı deyildi. Təsəllim də budur”

 

Bunu Moderator.az-a açıqlamasında şəhid Qəfərli Aminin anası Qəfərova Natəvan deyib. O daha sonra oğlunun komandirinin də dünyasını dəyişdiyini bildirib.

“Sonuncu dəfə onunla mən yox, atası danışmışdı. Demişdi ki, “ata, mən salamatam, hər şey yaxşıdır, telefon əlimə düşəndə zəng edəcəm. Telefonu ilə danışdığı həmin komandiri də özü ilə birlikdə şəhid olub. Sözün bitdiyi yerdəyəm, nə deyim?! Allah özü vermişdi, özü də aldı. Başımı aşağı salmadı. Mən kişi kimi qadınam. Oğlum öz başını da uca etdi, mənim də” deyərək şəhid anası bildirib.

 

Dünən dəfn olunan şəhidlərimizdən biri də Şirinov Polad olub. Şəhidimizin anası saytımıza açıqlamasında bunları deyib.

“Vətən sağ olsun. Mən boya-başa çatdırdım, hər bir əxlaqı, tərbiyyəni ona öyrətdim. 20 yaşına kimi Allah onu mənə əmanət etdi, indi də Allah onu öz cənnətinə apardı. Oğluma söz vermişəm ki, ağlamayacam, başımı dik tutacağam. O mənə dedi ki, “ana, şəhid olsam ağlama”. Sonuncu gün 3 gün bundan öncə onunla danışmışam. Heç vaxt heç nə danışmırdı, heç bir hərbi sirri ailəsinə vermirdi. Evdəkilərə bir onu deyib ki, “Anama deyin narahat olmasın, əlaqə yarada bilməyəcəyəm, set yoxdur, 4-cü gün zəng edəcəyəm”. Şəhid oldu, elə bir “zəng” etdi ki, məni əbədiyyən nigarançılıqdan məhrum etdi. Yəni ki, ana daha mənim üçün narahat olma, gözün yollarda qalmasın, daha xəbərləri izləmə” deyə şəhid şəhid anası Şirinova Mahilə bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button