Rusiyanın işğal etdiyi ərazilərdən dəhşətli kadrlar üzə çıxıb

“Nasistlər bu cür davranıblar, indi də ruslar bunu edir, onlar da cavab verəcəklər-həm döyüş meydanında, həm də məhkəmədə…”

 

“Müharibənin müddətləri yalnız Qərbin silah tədarükü ilə bağlıdır…”

 

Ukrayna hakimiyyəti dünyaya Rusiya ordusunun hərbi cinayətlərini nümayiş etdirib. Zelenski bəyan edib ki, “bütün Ukrayna azad olmalıdır”…

 

Ukrayna rusiyalı hərbçilərin işğal etdiyi və bu yaxınlarda azad etdiyi Ukrayna ərazilərində törətdiyi hərbi cinayətlərinin yeni sübutları barədə məlumat verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vesti” nəşri məlumat yayıb.

 

Sentyabrın 18-də Ukrayna mənbələri rusiyalı əsgərlərin təşkil etdiyi 10 işgəncə kameraları barədə danışıb. 

 

Kameraların birinə xarici jurnalistlər dəvət edilib və onlar bu ağır kadrları bütün dünyaya yayıb.

 

Dəmir barmaqlıqlarla əhatə olunan kamera ərzaq mağazasının yanında rütubətli zirzəmidə yaradılıb. 

 

Döşəmə üzərində üç çirkli matras və ədyallar var. Bir də soyuqdan qorunmaq üçün bir neçə penoplast (çoxməsaməli plastik kütlə) lövhələri var. Küncdə ayaqyolunu əvəz edən iki vedrə var. Kameranın bir neçə metrliyində masa və üç sınıq-salxaq stul var. Ətrafda siqaret kötükləri və boranı toxumlarının qabıqları səpələnib.

 

Ukrayna prokurorluğu bəyan edib ki, rusiyalı hərbçilərinin ukraynalıları saxladığı və işgəncə verdiyi daha bir işgəncə kamerası Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsində dəmiryolu yaxınlığında, Rusiya sərhəddinin bir-iki kilometrliyində aşkar edilib. Bir həftə öncə bu ərazi də Ukrayna ordusu tərəfindən azad edilib.

 

Ukrayna prezidenti Vladimir Zelenski danışıb ki, Kazaçya Lopan qəsəbəsindəki kamerada elektrik cərəyanı ilə işgəncə verilməsi üçün istifadə edilən əşyalar aşkar edilib. İşgəncə verilən yerdən çəkilən fotoşəkillərdən aydın olur ki, sovet dövrünün köhnə TA-57 radiotelefonuna klipsləri olan elektrik kabelləri qoşulub.

 

Xarkov vilayəti prokurorluğu bəyan edib ki, rusiyalı hərbçilər yaratdıqları həbsxananı idarə etmək üçün xüsusi briqada yaradıb və ələ keçirilən sənədlər orada işgəncələr verilməsini təsdiq edir.

 

Zelenski əlavə edib ki, bu cür həbsxanaların yaradılması rusiyalı hərbçilərin işğal etdiyi ərazilərdə geniş yayılan praktikadır.

 

“Nasistlər bu cür davranıblar, indi də ruslar belə edir, onlar da cavab verəcəklər-həm döyüş meydanında, həm də məhkəmədə”, – Ukrayna prezidenti deyib.

 

Xatırladaq ki, bir neçə gün öncə xarici KİV-lər İzyumda 450 mülki şəxsin  məzarı və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəsədləri olan qardaşlıq məzarını nümayiş etdirib.

 

Hərbi qulluqçuların cəsədlərində işgəncə izləri-sınıq ətraflar, bağlı əllər, boyunlarında iplər olduğu müəyyən edilib.

Əvvəllər işğal etdikləri əraziləri tərk edərkən rusiyalı hərbçilər özlərindən sonra dağıntılar və kül qoyub gedib. Yanmış evlər, dağılmış hərbi texnika, dağıdılan yollar. Şahidlərin sözlərinə görə, dağıntıların miqyası Çernobıl fəlakətini xatırladıb.

 

“Biz dövlətimizin ərazisində bütün əməliyyatları düşünmüşük. Biz tamamilə ciddi ovqatdayıq. Amma uğurlu əkshücum müharibənin bitməsinin yaxınlaşmasını deməyə əsas vermir”, – BBC Zelenskidən iqtibas gətirib.

 

“Mən 100 faiz deyə bilərəm ki, müharibənin müddətləri Qərb silahının tədarükü ilə bağlıdır. Yalnız bununla bağlıdır”, – o, deyib.

 

“Kimsə düşünə bilər ki, indi sakitlikdir. Amma bu, növbəti əkshücumlara hazırlıqdır. Ukrayna büsbütün azad olmalıdır”, – Ukrayna lideri bəyan edib.

 

Bu arada isə Avropa İttifaqında sədrlik edən Çexiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üçün beynəlxaq tribunal yaradılmasına çağırış edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button