“Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanları Saxalinə göndərsinlər…”

“Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin!.. Gediniz, amma bunu hər dəqiqə yadınzda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək…”

 

Bir əsrdən bir az çox öncə – Yaponiyaya müharibədə(1904-1905) məğlub olmuş Rusiyanı 1906-cı ildə artıq bugünkü kimi inqilablar, təlatümlər bürümüşdü… O günlər də Rusiyanın birbaşa müstəmləkəsi olan Azərbaycanda hazırda Ukrayna savaşında uduzmaqda olan işğalçılığı, faşistliyi bir daha təsdiqini tapmış Şimal qonşumuza “5-ci kalon” başda olmaqla tamahına, nəfsinə, hakimiyyət, kürsü, var-dövlət eşqinə uymuş bir sıra vəzifə, mandat sahibləri, bir para “qələm sahibi” sayılan mirzələr, yazarların, həmçinin hələ də “SSRİ” röyasıyla yaşayan  bəzi nadan düşüncəli adi vətəndaşların ümid bəslədiyi kimi meyil edənlər, sevgisini izhar edənlər vardı…

 

Rəhmətlik Mirzə Cəlil redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında öz satirik qələmi ilə bu cür manqurtları da qamçılayırdı…

 

Ədibin 1906-cı ilin iyununda sözügedən jurnalda dərc etdiyi,  bir sıra məqamları bu günümüzlə səsləşən, Peterburqa Rusiya Dumasının növbəti yığıncağına yollanan Azərbaycandan olan deputatlara ünvanladığı “Nəsihət” adlı felyetonunu dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:

 

Nəsihət…

 

Camaat vəkillərinə…

 

Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin!..

 

Gedirsiniz, gediniz, amma mollanın xeyir-duasını yadınızdan çıxarmayasız, ey millətimizin seçilmişləri! Gediniz, Allah sizə yaxşı yol versin. Gediniz, amma bunu hər dəqiqə yadınzda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək… 

 

O təkliflər çox ağırdırlar.

 

Üstünüzə götürdüyünüz əhd və xidmət dünyada etdiyiniz savab əməllərin ən əfzəlidir və bu səbəbdən xoşbəxt bəndələrin xoşbəxtisiniz.

 

Gediniz, Allah sizə yaxşı yol versin!  Gediniz, amma bu bir neçə nəsihətimi fəramuş(unutmaq-S.L.) etməyiniz…

 

Gedirsiniz Rusiyanın paytaxtı olan Fitilbörkə(Peterburq-S.L.) və orda sizin kimi bəyənilmiş adamlarla dizbədiz oturub aylarla, bəlkə illərlə güftügu(müzakirə-S.L.) edəcəksiniz. Amma, aman günüdür, nə edirsiniz, ediniz, bircə bunu yadınızdan çıxarmayınız: həmişə ədəbli olunuz. Ədəbli, ədəbli, ədəbli!..

 

Aman günüdür, biz müsəlman millətini 72 millətin vəkillərinin içində biabır etməyiniz. Elə rəftar eləməyiniz ki, desinlər: “Bu müsəlmanlar biədəb, bihəya və sırtıq millətdir”. Aman günüdür, mənim bu nəsihətimi nəzərdə saxlayınız. Bunun da çarəsi heç dinməməkdir… 

 

Əgər xamuş(dinməz-S.L.) olmağa aylarla, illərlə dözə bilsəniz, dözünüz və illa əgər səbrü-qərarınız kəsildi və bir danışmaq istəsəniz, heç olmasa, millətimizin xoş səadəti və tərəqqisi adına bu bir neçə tələbləri hökumətdən eləyiniz:

 

Əvvələn: tələb ediniz ki, İran məmləkəti ilə Qafqaz müsəlmanlarının arasında sərhəd götürülsün. Belə ki, o tərəfdən bu tərəfə keçmək,  şey gətirmək,  adam gətirmək bimane olsun. Əgər işdir, həmin tələbin mənasını və səbəbini sizdən soruşsalar, deyiniz ki, sizə dəxli yoxdur. Bu mətləb İran məmləkəti ilə öz aramızda məxfi və məhrəmani işdir, özümüz bilərik… 

 

İkinci: tələb ediniz ki, Rusiya hökumətinin yolunda canü-dillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə, Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanları Saxalin cəzirəsinə(ada-S.L.) göndərsinlər. 

 

Üçüncü: (Qalanını da sonra deyərik)…

 

“Molla Nəsrədddin”, 16 iyun 1906, №11.

 

Təqdim etdi: Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button