Erməni dalanı: başqa yol yox artıq
Ermənistan qarabağlı ermənilərdən siyasi alət kimi istifadə etməkdə davam etsə də, niyyətlə reallıq arasında uçurum var.
Dünən İrəvanda bir dəstə yerli erməni, daha doğrusu, 5 nəfər şəhərin mərkəzindəki iki küçədə yolun ortasına çıxıblar. Əllərində plakatlar tutmuş bu ermənilər “Ermənistanı və bütün dünya birliyini qarabağlı ermənilərin problemlərinə laqeyd qalmamağa”, “qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərini təmin etməyə” çağırıblar, sonra da “Qarabağ erməniləri heç zaman Azərbaycan tərkibində olmayacaqlar!”, “Yaşasın müstəqil və suveren Artsax!” bağırıblar.
Səhər saat 9-da başlayan və “genişmiqyaslı etiraz aksiyası” kimi təqdim olunan bu məzhəkə tam 5 dəqiqə (!) davam edib.
Əllərində plakat olan ermənilər özlərindən razı halda deyiblər: “İnformasiya kampaniyamız uğurlu keçdi, onu başa çatmış hesab edirik!”
İrəvanda belə sarsaq “kampaniya” keçirənlər sadəcə, yola çıxaraq 5 dəqiqə əllərində plakat yelləyənlər deyil. Ermənistanın baş naziri Nikol Paşinyan da “informasiya kampaniyası” adlanan marazmı davam etdirərək qarabağlı ermənilərin müdafiəçisi kimi görünməyə çalışır.
Dünən o Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində ənənəvi ampluasına sadiq qalaraq yekun sülh sazişinin imzalanması və qarabağlı ermənilərin reinteqrasiyası prosesinə yeni süni əngəllər yarada biləcək açıqlamalar verib.
Xankəndindəki separatçı rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandıran Nikol Paşinyan Ermənistanın çoxsaylı hərbi cinayətlər və bəşəriyyətə qarşı qəsdlər, o cümlədən bölgənin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələr və soyqırım hesabına yaradılmış xuntanı sivil idarəetmə strukturu kimi qələmə verib.
Beləcə o, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq, etnik təmizləmə, urbisid, etnsid və soyqırım, habelə ərazi iddiaları siyasətindən əl çəkmədiyini sübut edib. Halbuki N.Paşinyan “Qarabağ Azərbaycan ərazisidir və Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır” bəyanatı ilə çıxış etmişdi.
Müsahibəsində Paşinyan Laçın rayonunda yaradılmış sərhəd nəzarət-burazılış məntəqəsinin dərhal götürülməsini, qarabağlı ermənilərin Ermənistana gediş-gəlişlərinin hər hansı formada nəzarətə, təftihə və yoxlamalara məruz qoyulmamasını tələb edib.
Ermənistanın baş naziri İrəvanın aqressiya və separatizm siyasəti yürütdüyünü təsdiqləsə də, birdəfəlik anlamalıdır ki, həmin SNBM beynəlxalq hüququn tələblərinə və prinsiplərinə tamamən uyğundur.
Qarabağlı ermənilərin ərzaq, yanacaq, dərman preparatları, gündəlik tələbat malları və s.-yə olan ehtiyaclarının tam miqyasda ödənməsi üçnü rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edib. Xankəndindəki xuntanın və rəsmi İrəvanın bu təklifi maniakal inadla qəbul etməmələrisə qarabağlı ermənilərin blokadadan əziyyət çəkmələri, onların aclıq və səfalət təhlükəsi ilə üzləşmələri barədə iddiaların yalan olduğunu göstərir.
Nikol Paşinyan yenə də müsahibələri və bəyanatları vasitəsilə həm Ermənistan vətəndaşlarının, həm də Qərb insanlarının şüurlarında manipulyasiyalar etmək istəyir.
Laçın yolunun tam bağlanılmasından bəhs edərkən o, yalan danışır, çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri ilə Xankəndindən Ermənistana və əks istiqamətdə sözügedən məntəqədən hər gün onlarla qarabağlı erməni hərəkət edir.
Nikol Paşinyan həmin fikirlərini və mövqeyini bu gün İrəvanda keçirdiyi brifinqdə sualları cavablayarkən olduğu kimi təkrarlayıb.
O, qarabağlı ermənilərin problemlərini həll etmək üçün Ermənistanın dünya birliyinə, ayrı-ayrı ölkələrə və ələlxüsus da BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməsini istifadə olunması zəruri vasitələr, diplomatik alətlər saydığını deyib.
Absurd açıqlamalarda Xankədidəki separatçı rejimin rəhbəri Araik Arutyunyanı və Rusiyanın bölgəyə təsir agenti qisminlə yollayaraq situasiyanı daim gərginləşdirmək tapşırığı verdiyi Ruben Vardanyanı da geridə qoymağa başlamış Nikol Paşinyan siyasi əxlaq prinsiplərini də unudub.
O, məhz Ermənistanın 30 il ərzində BMT TŞ-nin məlum 4 qətnaməsini yerinə yetirmədiyini unutdurmaq istəyir.
Araik Arutyanyan və Ruben Vardanyan kimi, Nikol Paşinyan da əsassız bəyanatlar verməkdən, paradoksal açıqlamalarla hansısa hüquqlardan və təhlükəsizlik təminatından danışmaq əvəzinə, Ermənistanın imzaladığı sənədlərin və öhdəliklərin icrasından danışsaydılar, nisbətən də olsa, məntiqi təsir bağışlaya bilərdilər.
Ermənilər dərk edə bilmirlər ki, 30 il ərzində Ermənistanın işğalçı siyasətinə göz yuman dünya düzəni, qlobal geosiyasi mexanizmlər artıq yoxdur. Yeni dünya düzəni hələ yeni formalaşır, onun konturları, məzmunu və formatı hələ kimsəyə bəlli deyil.
Belə şəraitdə Xankəndindəki xuntanın rəhbəri Araik Arutyunyanın qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq üçün oturaq etiraz aksiyasına qatılması, sərsəm bəyanatlar verməsi tragikomediya təsiri bağışlayırsa, təsir agenti rolunu belə, çox pis oynayan Ruben Vardanyanın hansısa tələblərlə çıxış edərək şərtlər irəli sürməsi rəzil şoudur.
Nəzərə alsaq ki, bu arada BQXK Ermənistan və Azərbaycan siyasətçilərini öz humanitar karvanlarının Laçın dəhlizindən və ya “digər marşrutlardan” keçərək mülki şəxslərə kömək etməyə və mühüm humanitar əməliyyatların bərpasına icazə verməyə çağırıb – situasiya artıq dəyişməyə başlayıb.
BQXK onu da xatırladıb ki, BQXK-ya sonuncu dəfə tibbi ləvazimat və ərzaq gətirməyə bir neçə həftə əvvəl icazə verilib.
BQXK ilk dəfə olaraq “başqa marşrutlardan danışdı, açıq-aydın bu tezis Ağdam yoluna aiddir. Eyni şəkildə Ağdamdan tranzit keçməkdən imtina edən erməni siyasətçilərinə ilk dəfə olaraq müraciət edib.
Dünya düzəni və qarabağlı ermənilərlə bağlı situasiya dəyişsə də, Araik Arutyunyanla Ruben Vardanyanın şüurlarında hələ də cüzi dəyişiklik yoxdur.
Onlar Rusiya Federasiyası və Fransanın qarabağlı erməniləri tam qoruyacaqlarını, Xankəndindəki separatçı xuntaya suverenliklə dövlət müstəqilliyini hədiyyə edəcəkləri, hətta zərurət yaranarsa separatçıları silahlandıracaqlarını xəyal edirlər. Fəqət bu zavallılar anlamırlar ki, qarabağlı ermənilər bir yana, Ermənistanın özü qlobal gücləri və böyük dövlətləri maraqlandırmır.
Nikol Paşinyan Ermənistanın problemlərindən bəhs etdiyini vurğulasa da, o, hamilik vədlərinə aldandığı Fransanın təlimatlarını yerinə yetirməklə də məşğuldur.
Fransa prezidenti Emmanuel Makron isə ölkədəki erməni diasporundan daxili siyasət, Ermənistandan və müxtəlif ölkələrdəki erməni icmalarından, o cümlədən qarabağlı ermənilərdən geosiyasi məqsədləri üçün istifadə etməkdədir.
Parisin İrəvana verdiyi zirehli texnikalar ümumi vədlər kontekstindəki qərardır və Makron çox istəsə də, Cənubi Qafqazdakı reallıqları dəyişmək iqtidarında deyil.
Ermənistanın yeganə yolu yekun sülh sazişini imzalamaq, qarabağlı ermənilərin seçimi isə Azərbaycan cəmiyyətinə reinteqrasiyadır.
Başqa yol, sadəcə, yoxdur.
Elçin Alıoğlu
TREND