Naxçıvanda yeni tibb müəssisələri yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması məqsədilə yeni tibb müəssisələri yaradılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yaradılan yeni tibb müəssisələri sırasında “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsi və “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsi də var. Mərkəzlərin yaradılması səhiyyədə idarəetmə və xidmət funksiyalarının bir-birindən ayrılması və mərkəzləşmiş şəkildə hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli səhiyyə mexanizminə nail olunmaq, əhalinin yerlərdə yüksək səviyyədə tibbi xidmət almasına kömək etməkdən ibarətdir.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan kənd həkim ambulatoriyaları və kənd sahə xəstəxanalarının bazasında publik hüquqi şəxs statuslu ailə sağlamlıq mərkəzləri, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin əsasında “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin Qan Bankının, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tərkibində olan qan kabinələrinin bazasında isə “Qan bankı və Qan köçürmə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
Milli.Az