Brilliant Dadaşova: “Tikilən torbalardan, murdar əməllərdən xəbərsiz idim”
“Mən anasız böyümüş, gözəgəlimli, bir az sevimli, mahnılar oxuyanam. Bəzən mükəmməl, bəzən kaprizli, bir az yaramaz… Birdən gördüm, gözlər üzərimdədir. Elə bildim ki, böyümüşəm, artıq tale öz əlimdədir. Alçaqlardan, düzüb-qoşulan iftiralardan xəbərim yox idi. Tikdikləri torbalardan, atılacaq “palçıq”lardan xəbərsiz idim”.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi ona şər, böhtan atanlardan söz açıb:
“Xəbərim yox cılız xislətli insanların murdar əməlindən, qazılan quyuların təməlindən. Elə bilirdim, güc yalnız bizi qoruyan qayalardadır. Qayaların üstündə gəzməkdən dizlərim qəlbim kimi hər zaman qanlı, yaralı olub. Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub. Uşaqlıqdan Xəzərin dalğalarının əksinə üzdüyüm vərdişimlə dırnağımla, dişimlə gücə, qüvvəyə sinə gərməyə alışdım. Ömürboyu alın tərimlə, sənətimlə çalışdım. Bu minvalla dünyanı dolaşdım. Dərə, təpə çətinlikləri ruhumun gücüylə aşdım”.
Milli.Az