Təcrübəli şəxslər də minaya düşə bilər
Azərbaycanda mina təhlükəsi ilə bağlı həyata keçirilən layihə başa çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın minalardan zərərçəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət olub: “Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir. Eyni zamanda, ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaq”.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasının icra etdiyi “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 2” adlı layihəni Koreyanın “İnsan Təhlükəsizliyinin Artırılması” Beynəlxalq İnam Fondu maliyyələşdirib.
“Builki mina qurbanlarının iştirakı ilə baş tutan layihəmiz Ağdam, Ağcabədi və Tovuz rayonlarını əhatə edib. Layihədə iştirak edənlər İkinci Qarabağ müharibəsində minaya düşmüş mülki insanlardır”, – təşkilat sədri deyib.
Ağcabədi rayon sakini, mina qurbanı olmuş Elməddin Mirzəyev bildirib ki, təcrübəli şəxslər də minaya düşə bilər: “15 il ərzində Azərbaycan Minatəmizləmə Agentliyində çalışmışam, Ağdam-Bərdə dəmiryolu xəttini təmizləyən zaman minaya düşdüm. Mina sözünü eşidəndə adamın ağlına ilk növbədə minaya düşmək gəlir. Baxmayaraq ki, mən təcrübəliyəm, minanın qurbanına çevrilərək, gözlərimdən və ayağımdan zədələndim”.
Milli.Az