Uncategorized

İnsanlığın alimi, xeyirxahlığın özü

Vaxt keçdikcə çox şeylər hafizədən silinir. Lakin elə şəxsiyyətlər var ki, onlar əbədi olaraq yaddaşlara həkk olaraq qalır. Azərbaycanın da bu sarıdan bəxti gətirib ki, onun da keçmişində bu cür böyük insanlar olub və bu gün də qədirbilən xalqının xatirələrində daim yaşayır. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan xalqının milli özünüdərkinin ən önəmli amillərindən biri xatirə anlayışına, unudulmazlıq məfhumuna sədaqətidir. Xalqımız şəxsiyyəti, əməlləri, yaratdıqları, davamçıları ilə tarix yazmış görkəmli simaları, nəcib insani keyfiyyətlərə, yüksək ali dəyərlərə malik şəxsiyyətləri əbədi yaddaşına ona görə bu qədər israrla həkk edir ki, onlarla qürur duysun, öyünsün, bu insanların varlığı ilə millət olduğunu dərk etsin və özünə güvənsin.

Belə şəxsiyyətlərdən biri Azərbaycanda oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanmaqla yanaşı, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açıb. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil alıb. 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

1954-cü ildə Heydər Əliyev ilə ailə qurub, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlib. 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutunda oftalmologiya ixtisası üzrə kurs keçib, daha sonra, 1950-1953-cü illərdə aspiranturanı başa vurub. 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktoru olub.

Z. Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdi.

Akademik Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılıb.

Tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə xalqının və vətəninin gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atıb.

Onu əbəs yerə beynəlxalq tibb müstəvisində də əcnəbi alimlər, professorlar, akademiklər dünya oftalmologiya elminin korifeyi, ziyalısı hesab etmirlər. Bu işıqlı şəxsiyyət olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün bütün mənalarında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olub.

Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, şəfqətli ana kimi də müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayıb.

Bütün bunlarla yanaşı Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafıda, oftalmologiya sahəsində yeniliklərin tətbiqində, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük fədakarlığı ilə də xalqının yaddaşına həkk olunmağı bacarıb.

Məhz onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin elmi təcrübəsini öyrətməkdən ziyadə, onlara çox həssaslıqla yanaşaraq qayğıkeşliyini də onlardan heç zaman əskik etməyib. Ümumiyyətlə, Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin uğurlu və elmi mütərəqqi səviyyəsinə gəlib çatmasında ən başlıca amillərdən biri də ətrafına topladığı gənc bacarıqlı və savadlı həkimlərə olan diqqəti, onlara göstərdiyi ana nəvazişi olub.

O, yüksəkixtisaslı həkim və alim olmaqla yanaşı, çox mehriban, xeyirxah bir insan kimi hər kəsin yaddaşında, qəlbində taxt qurmağı bacarıb. Zərifə xanımın bütün fəaliyyəti, atdığı hər bir addım insan amilinə əsaslanırdı. Bu məqam görkəmli alimin bütün tibbi fəaliyyətinin əsasında dururdu. O, sadə insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşır, onların problemlərini dinləyir və həll etməyə çalışırdı.

Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi.

Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir. “Qurani-Kərim”də deyildiyi kimi: “…Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edir…”

Milli oftalmologiyanın əsasını qoymuş, 1968-ci ildən görmə orqanının peşəkar patalogiyaları ilə məşğul olmuş və bu istiqamətdə bir çox yeni elmi ideyanın müəllifi kimi bütün dünyada tanınmış Zərifə Əliyeva sonrakı illərdə bu sahədə apardığı müşahidələrini, klinik tədqiqatlarını və təcrübələrini gənc nəsillərə aşılamaqla Azərbaycan tibbini, səhiyyəsini ömürlük nura qərq edib.

Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxıb. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla oftalmoloqların stolüstü kitablarına çevrilib.

Peşəkarlığı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə daim seçilmiş oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına real töhfələr verir. Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi iz, bu insanın ancaq böyük bir şəxsiyyət kimi xatırlanmasına dəlalət edir. 

Bu gün xalqımız zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün qan yaddaşına əbədi həkk etməklə, parlaq xatirəsini daim ehtiramla anır. Heç şübhəsiz ki, bütün həyatını insanlara, onların gözlərinə və qəlblərinə nur səpməklə kamillik zirvəsini fəth etmiş Zərifə xanım Əliyevanın xeyirxah əməl dəftəri heç zaman bağlanmayacaq, nur çeşməsi əsla qurumayacaq, əziz xatirəsi isə qürur mənbəyimiz kimi dünya durduqca yüksək tutulacaq.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim olmaqla paralel, xalqının fədakar anası kimi də əbədiyyat qazanıb. Çünki bütün ömrünü insanlara xidmət işinə sərf etmiş görkəmli alim, qayğıkeş ana Zərifə xanımın adı qədirbilən xalqımızın yaddaşına əbədi həkk olunub.

Təhməz Əsədov
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button