“Bacımın meyiti dəhşətli işgəncələrə məruz qaldı”
Vaqif Xaçatryanın qurbanı olan ailələrdən biri də bizim ailəmizdir. Ailəmiz Meşəli soyqırımında dörd şəhid verib.
Bunu Trend-ə Meşəli soyqırımının şahidi olan, hazırda Goranboyda Meşəli köçkün şəhərciyində yaşayan Nəzakət Salmanova deyib.
O qeyd edib ki, bir qardaşı əsir götürülüb:
“Qardaşıma dəhşətli işgəncələr vermişdilər. Bacımın meyiti dəhşətli işgəncələrə məruz qalmışdı. Ağzından qızıl dişini çəkmişdilər. Barmağından üzüyünü kəsib götürmüşdülər. Bacımın uşağının nə günahı vardı? Bunları edən Vaqif Xaçatryandır, onun ətrafındakılardır. O faciəni bizə yaşatdılar, elimizdən, obamızdan didərgin düşdük. Az da olsa, təsəlli tapırıq ki, o tutulub. Tələbimiz odur ki, onu azad etmək yox, onun ətrafındakılar da tutulsun. Çünki onlar qəbirlərə də əzab veriblər. Mən dörd şəhidimdən birinin qəbrini tapıb ağlaya bilmirəm”.
Milli.Az