Siyasət

Fransanın bitməyən uğursuzluqları: Niameyadan İrəvanadək…

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Rəsmi Paris xarici siyasətində çox ciddi geosiyasi uğursuzluqlarını və yanlışlıqları davam etdirir. Afrikadakı bir sıra ölkələrlə yanaşı, Nigeri də geosiyasi təsir dairəsində saxlaya bilməyən Emmanuel Makron hakimiyyəti Ermənistana total dəstək verməklə kiçik də olsa, uğur qazanmağa çalışır.

ABŞ-ın dövlət katibinin müavini səlahiyyətlərini icra edən Viktoriya Nuland Nigerə yollanaraq hərbi çevriliş nəticəsində prezident Muhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırmış hərbçilərin xunta rəhbərliyi ilə görüşüb.

Paytaxt Niameyada V.Nuland xuntanın lideri, general Əbdürrəhman Çiani ilə danışıqlar aparmaq istəsə də, qiyamçı general onu qəbul etməyib.

Nigerin “yeni müdafiə naziri” ilə görüşən Viktoriya Nuland hərbçiləri ölkədə demokratik idarəetməni bərpa etməyə çağırıb və xəbərdarlıq edib ki, “əks təqdirdə ABŞ-ın Niger ilə əlaqələrinə yenidən baxıla bilər”.

V.Nulandın sözlərinə görə, Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) Nigerdəki proseslərə müdaxiləsi yolverilməzdir: “Bu qrupun Nigerə dəvət ediləcəyi təqdirdə ölkənin suverenliyi üçün risklər yarana bilər. “Vaqner”i ölkəyə çağıranlar da bu riskləri çox yaxşı dərk edirlər”.

Fəqət, Birləşmiş Ştatlar, yumşaq desək, bir qədər gecikiblər. Nigerdəki silahlı qiyamın, daha doğrusu, dövlət çevrilişinin əsas səbəbi və səbəbkarı Fransadır.

Fransanın Afrikada yürütdüyü neomüstəmləkə siyasəti davam etdikcə rəsmi Paris “Qara qitə”dəki maraqlarını qorumaq, hadisələrə təsir rıçaqlarını itirməmək və ən başlıcası, Afrika dövlətlərinin təbii ehtiyatlarını daha geniş miqyasda istismar edərək mənimsəmək üçün yeni yollar arayır.

Təbii ki, bütün bunlar afrikalıların qətiyyətli etirazlarına, Parisə nifrətin artmasına səbəb olur.

Hələ uzaq 1961-ci ildə həmin dövrdə Fransa prezidenti olmuş Şarl de Qoll ilə Saxara və Saxeldəki ölkələrin (Burkina-Faso, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Kot-d-İvuar, Kabo-Verde, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Syerra-Leone və Toqo) dövlət başçıları arasında imzalanmış maraqlı sənəd var.

Afrikada “Qərbi Afrika dövlətlərinin Regional İttifaqı” (Communauté Économique des États de l’Afrique de l’Ouest, CEDEAO) adlı siyasi struktur belə yaradıldı.

Mənzil-qərargahı Nigeriyanın paytaxtı Abucada yerləşən həmin strukturun ECOMOG adlı “kollektiv silahlı qüvvələr kontingenti” də var.

CEDEAO-ya daxil olan Afrika ölkələri de-yure müstəqil və suveren dövlətlər sayılsalar da, sənədin qüvvədə saxladığı şərtlər onları Fransanın de-fakto müstəmləkələri olduğunu göstərir.

16 səhifədən ibarət sənəd “Qara qitə”də indi rəsmi Parisə qarşı etiraz aksiyaları keçirən insanlarla yanaşı, yerli komprador elitaların qiyam və çevrilişlərinin, onların Emmanuel Makrona olan münasibətlərinin məzmununu anlamağa yardım edir.

Makronun sələfləri dönəmində də afrikalıların Fransaya münasibətləri müsbət deyildi. Lakin Emmanuel Makron dönəmindən fərqli olaraq, əvvəllər afrikalılar Parisdən çəkinir, ehtiyat edirdilər.

İndisə küçələrində etiraz aksiyaları səngiməyən, avtomobillərə od vurulan, polislərlə döyüşlər olan, islamofobiya və ksenofobiyanın, habelə antisemitizmin dözülməz səviyyəyə çatdığı Fransa “Qara Qitə”də zəifləmiş dövlət, gil ayaqlı nəhəng obrazındadır.

1961-ci ildə imzalanan və hələ də Fransanın Afrikadakı siyasətini bəldirləyən sənəd faktiki olaraq fransızdilli ölkələri Parisin müstəmləkəsi sayır. Özü də Frasnanın həmin dövlətlərin vətəndaşları qarşısında hər hansı öhdəliyi olmadan, suverenitet və müstəqilliyə məhəl qoymadan.

Fransa bu sənədi imzalamış dövlətlərin xarici siyasətini faktiki nəzarətdə saxlayır. Həmin dövlətlərin qızıl-valyuta ehtiyatları da bütünlüklə Fransada, yerli banklardakı hesablardadır. Sənədə görə, Fransa şirkətləri sözügedən Afrika ölkələrindəki bütün mineral-təbii ehtiyatların kəşfiyyatı, istismarı və ixracı ilə bağlı inhisarçı, hər hansı formada müvafiq lisenziyanı və ya bu dövlətlərin dövlət büdcələrinə təzminat ödənişlərini nəzərdə tutmayan hüquqa malikdir.

Üçüncü dövlətlərdən olan istənilən şirkət isə bəhs etdiyimiz ölkələrdə yalnız rəsmi Parisdən icazə alandan sonra fəaliyyət göstərə bilərlər.

Fransa “frankofon”, yəni fransızdilli Afrika ölkələrinin hökumətlərinə, parlamentlərinə və silahlı qüvvələrinə də ya aşkar, ya da dolayı yollarla nəzarət edir. Yəni rəsmi Parisin istəyi ilə həmin dövlətlərin istənilən birində hakimiyyət qəflətən dəyişə və ya dəyişdirilə bilər.

CEDEAO-ya daxil olan ölkələrin bank-maliyyə sistemləri də faktiki olaraq Parisdən idarə olunur.

“Qərbi Afrika Valyuta Agentliyi” (WAMA) və “Qərbi Afrika Pul-Kredit Agentliyi” (WAMI) vasitəsilə Paris bu afrika ölkələrində real valyuta qismində fransız valyutası əsasında olan “Qərbi Afrika frankı”ndan (KFA) istifadə olunmasını şərtləndirib.

Üstəlik, rəsmi Paris KFA-nı əslində Fransanın Afrikadakı klirinq valyutasına çevirərək yerli təbii ehtiyatları, xammalı və məhsulları real dəyərindən dəfələrlə ucuz qiymətə əldə edir.

Niger də daxil olmaqla, CEDEAO ölkələrindəki milli hasilat şirkətlərinin istisnasız olaraq hamısında səhmlərin 95 faizi Fransaya məxsusdur.

Afrika ölkələrinin bu anlaşmaları pozmaq fikrinə düşməmələri üçün həmin ölkələrlə Fransa “hərbi-texniki sahədə əməkdaşlıq” sazişləri imzalayıb, sonra da sözügedən ölkələrin hər birində məhdud hərbi kontingentini yerləşdirib.

Konkret misala nəzər salaq, hərbi çevrilişin baş verdiyi Nigrə nəzər salaq.

Rəsmi dövlət müqavilələrinə və sazişlərinə uyğun olaraq, Fransa Nigerdə çıxarılan uranın 1 kq-nı 12 (!) ABŞ dollarına satın alır, sonra isə birjalara çıxararaq kiloqramı 120 dollardan satır.

Fransanın idxalatının total illik həcmində Afrika ölkələrinin payı 4 faiz və ya 31 milyard dollar təşkil edir.

Yəni CEDEAO ölkələri təbii ehtiyatlarını Fransaya dünya bazarlarındakı qiymətlər səviyyəsində satsaydılar, rəsmi Paris ildə 31 milyard yox, 310 milyard dollar ödəniş etməli idi.

Fərqi hiss etdinizmi?!

Məhz bu səbəbdən CEDEAO ölkələri Parisin əmri, göstərişi və tələbi ilə Nigerə iqtisadi, həmçinin nəqliyyat blokadası elan ediblər. Artıq 2 sutkadır ki, qonşu Nigeriyadan “üsyankar” Nigerə elektroenerji nəqli tamamən dayandırılıb.

Nigerdə silahlı dövlət çevrilişi baş tutan günün ertəsi isə rəsmi Niameya Fransaya uran və qızıl ixracatını dayandırdığını bəyan edib.

Məhz bu səbəbdən Nigenrdəki çevriliş sadəcə ölkədəki xalqlardan birinin – əhalinin 20 faizini təşkil edən sonqayların – mənsubları olan hərbçilərin hakimiyyətə gəlməsi yox, həm də Fransanın Afrikadakı neomüstəmləkə siyasətinə qarşı üsyandır.

Zəngin təbii qaz ehtiyatlarına da malik, dünyanın ən yoxsul ölkələrindən biri olan Niger məhz Fransanın CEDEAO vasitəsilə quldur davranışı nəticəsində eletroenerjiyə tələbatını bütünlüklə idxal vasitəsilə ödəyir.

Fransa bilərəkdən Nigriyadan “üsyankar” Nigerə elektroenerji nəqlini dayandırıb: iş ondadır ki, Nigerdə yalnız iri şəhərlər qismən elektroenerji ilə təmin olunub, əyalətlərdə isə əhalinin tam əksəriyyəti elektroenerji ilə qismən təminatdadır.

İdxalın dayandırılması vasitəsilə Fransa yerli əhalinin əksəriyyətini təşkil edən hausaları hərbçilərə qarşı üsyana qaldırmaq fikrindədir.

Hərbçilər devirdikləri prezidenti hakimiyyətə qaytarmasalar Nigerin CEDEAO-nun Mərkəzi Bankındakı bütün hesabları dondurulacaq, bütün kommersiya və maliyyə tranzaksiyaları dayandırılacaq, sərhədlər bağlanacaq.

CEDEAO-nun, yəni Qərbi Afrikadakı bütün dövlətərin Mərkəzi Bankının baş ofisi Seneqalda yerləşsə də, həmin bankın qızıl-valyuta ehtiyatlarının yerləşdiyi Parisdən idarə olunur.

Qərbi Afrika ölkələri faktiki olaraq Fransanın əsarətində olduğundan Paris bu ölkələrin iqtisadiyyatlarının qanını sorur, istədiyi zaman da süni iqtisadi-maliyyə böhranları yaradır.

… Fransanın tam dəstək verdiyi Ermənistanın hakimiyyət dairələri Afrikadakı prosesləri izləmirlər və anlamırlar ki, rəsmi Parisin “yardım”ları əslində erməniləri də CEDEAO ölkələrinin sakinlərinə çevirəcək.

Emmanuel Makron hakimiyyətinin əsas məqsədi Ermənistanı Parisdən tam asılı vəziyyətə salmaq, əvvəlcə xarici siyasət, sonra isə daxili siyasət və iqtisadiyyatdakı proseslər vasitəsilə İrəvanı de-fakto metropoliyaya çevirməkdir.

Fransanın ermənipərəst xarici siyasət doktrinası Azərbaycana qarşı oyunlarda uğursuzluğa düçardır, çünki rəsmi Parisin primitiv intriqalarının məzmunu bilirik.

Fransadakı erməni diasporundan seçkilərdə yararlanmaq, Ermənistandan isə Cənubi Qafqazdakı geosiyasi proseslərdə əlverişli alət qismində istifadə etmək niyyətində olan rəsmi Paris əslində erməniləri tələyə salmaq fikrindədir.

Ermənilərsə bu tələyə günbəgün, maniakal inadla addımları, orta və uzaq perspektivdə onları CEDEAO ölkələrinin sakinlərinin acınacaqlı talelərinin təkrarının gözlədiyini dərk etmirlər.

İrəvan indi hansı fəlakətli səhvlər etdiyini anlayanda gec olacaq.

Çox gec…

Elçin Alıoğlu

TREND


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button