Siyasət

Ermənistanla yeni müharibə ola bilərmi?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

32 ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə və münaqişə var. Ölkəmizin ərazilərinin erməni işğalında olduğu 30 il ərzində Azərbaycanın məqsədi, istəyi, arzusu və niyyəti düşmənin torpaqlarımızdan qovulması, işğala son qoyulması idi.

2020-ci ilin sentyabrında Ermənistan ölkəmizə və xalqımıza qarşı yeni hücuma keçəndə artıq səbr kasası daşdı, müharibə başlandı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ermənilərin məğlubiyyəti, İrəvanın kapitulyasiyası ilə bitdi.

Qlobal geosiyasətdəki düzənin dağıldığı və yeni mexanizmlərin formalaşmağa başladığı, fəqrli sistemin təşəkkül tapdığı bir dönəmdə Azərbaycan bölgəmizdə, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırdı.

İrəvanla sülh sazişi hələ də imzalanmayıb, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası aparılmayıb, Ermənistanın işğalında olan 8 kəndimiz hələ də azad olunmayıb, Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində real və konkret addımlar atılmayıb, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi başlanmayıb.

Laçında sərhəd-nəzarət buraxılış məntəqəsi işə düşəndən sonra isə proseslər daha da gərginləşib. Qarabağlı erməni separatçılar “blokada”da olduqlarını, “aclıq təhlükəsi ilə üzləşərək humanitar fəlakətlə üzləşdiklərini” bəyan edirlər.

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, mass-media strukturları və s. Ermənistanla erməniləri dəstəkləyərək Azərbaycanı suçlayır, Bakıya qarşı ən müxtəlif ittihamlar irəli sürür, Laçın yolunun dərhal açılmasını tələb edirlər.

Vəziyyət sadə deyil və görünən budur ki, mövcud problemlər yaxın həftələrdə, aylarda həll olunan bənzəmir.

Səbəb – Ermənistanla qarabağlı erməni separatçıların mövqeləridir.

Onların istəkləri, məqsədləri və niyyətləri bəlli olduğundan situasiyanın mümkün inkişaf səmtlərinə, hadisələrin ehtimal edilən və real məcrasına nəzər salaraq, qısa da olsa, təhlil aparaq.

Ermənistanın istəkləri, niyyəti və reallıq belədir:

1. Ermənistan Azərbaycanla yekun sülh sazişinin imzalanması prosesini bacardıqca uzadır, prosesdə yeni maneələr yaradır, əngəllər törədir. Baş nazir Nikol Paşinyan bu taktikası ilə vaxtı uzatdığını, özü üçün yeni preferensiyalar və üstünlüklər əldə edə biləcəyini, sülh sazişini Ermənistanın “maraqlarının nəzərə alınması” şərti ilə imzalaya biləcəyini düşünür. Yanlış və ermənilər üçün çox ciddi təhlükələr vəd edən strategiyadır.

Azərbaycan 2-ci Qarabağ Müharibəsini qalib kimi başa vurub və bu səbəbdən ölkə vətəndaşları hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə olan 10 minə yaxın erməni silahlının tərksilah edilməsini, Xankəndində bayrağımızın yüksəlməsini, erməni separatizminə son qoyulmasını istəyirlər. Bu istək cəmiyyətin sosial sifarişi və tələbi olduğundan rəsmi Bakı təbii ki, onu yerinə yetirməli olacaq. İrəvan vaxtı uzatdıqca Azərbaycan cəmiyyətinin səbri tükənir və bütün bunlar separatçılara qarşı antiterror əməliyyatı ilə sonuclana bilər. Belə olan təqdirdə Ermənistan danışıqlarda indi malik olduğu mövqelərini də itirəcək, ermənilər üçün daha ağır şərtlərlə sülh müqaviləsini imzalamalı olacaq.

2. Şərti dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesinin uzadılması. Ermənistan prosesdə indiki davranmamalı, anlaşmaların mümkün qədər tez imzalanmasında maraqlı olmalıdır. Çünki Bakı ilə İrəvan arasında bu müstəvidə anlaşma imzalanmadıqca Azərbaycan üçün Ermənistan sərhədləri bəlirlənmiş dövlət yox, beynəlxalq hüquqa görə “mübahisəli ərazi”dir (“Disput Area”). BMT Nizamnaməsinə, İrəvanın da imzaladığı və ratifikasiya etdiyi beynəlxalq sənədlərə əsaslanan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini qorumaq, dövlət sərhədinin toxunulmazlığını və ərazi bütövlüyünü təmin etmək üçün hazırkı şərti dövlət sərhədinin perimetri boyunca təhlükəsizlik zolağı yaratmaq məcburiyyətində qalacaq. Mövcud Ermənistanın içlərinə doğru sərhəddən 30 km məsafədə olacaq bufer zonasının yaradılması, bəhs etdiyimz kimi, beynəlxalq hüquqa tam uyğun prosedur olacaq. Nikol Paşinyan administrasiyası həmin əraziləri əldən vermək istəmirsə, delimitasiya və demarkasiya prosesinə başlamalıdır.

3. Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına yol verməmək. Xankəndindəki separatçı rejimin “milli müqəddaratın təyini hüququ” və “milli-azadlıq mübarizəsi hüququ” kimi onillərdən bəri istifadə etdikləri şüarlar artıq işlək deyil. 2-ci Qarabağ Müharibəsinin sonucları bu şüarları, “Dağlıq Qarabağ münaqişəsi” və “Dağlıq Qarabağ” ifadəsini hər hansı məna yükündən məhrum edib.

Qarabağlı ermənilərin seçimləri məhduddur: onlar ya Azərbaycan cəmiyyətinə reinteqrasiyaya başlayırlar, ya da separtizmi davam etdirirlər.

Birinci variant sadə həlləri ehtiva etmir: 30 il davam etmiş erməni işğalından, on minlərlə azərbaycanlının vəhşicəsinə öldürülməsindən, 4 min azərbaycanlı əsir və girovun talelərinin hələ də naməlum olmasından, 1 milyona yaxın azərbaycanlının evlərindən didərgin salınmasından, ən nəhayət iki Qarabağ müharibəsindən sonra barışıq, birgəyaşam, normal münasibətlərin və adekvat ünsiyyətin qurulması asan olmayacaq. Amma bu, olmalıdır: iki qonşu etnos qarşılıqlı nifrətlə yaşaya bilməz, mümkün deyil. Qarabağlı ermənilər reinteqrasiyaya başlayandan sonra Azərbaycan vətəndaşlarının malik olduqları bütün hüquqlara yiyələnəcək, öhdəliklərə sahiblənəcəklər. Ölkəmizdəki digər milli azlıqlar təki, onların da mədəniyyətləri, dilləri və özünəməxsus kulturoloji-etnik xüsusiyyətləri dövlət tərəfindən qorunacaq. Hər hansı əlavə hüquqlar, geniş muxtariyyət, xüsusi statusdan söhbət belə, gedə bilməz.

Qarabağlı ermənilər muxtariyyət və ya xüsusi status da istəyə bilərlər, amma bu, Azərbaycanın federallaşması və ya perspektivdə konfederasiya olması arzusu olmaqla yanaşı, qarabağlı ermənilərin dövlətçiliyimizə gec açılan mina qoymaları olardı. İstənilən formada muxtariyyət qarabağlı ermənilərə gələcəkdə, nə zamansa yenidən separatçılığa başlamağa, “müstəqil dövlət elan etməyə” prosesual zəmin yarada bilər.

Separatizm davam etdirilərsə, Xankəndindəki xunta indiki taktikasından və davranış modelindən əl çəkməzsə, Azərbaycanın radikal addımlar atmaqdan savayı, çarəsi qalmayacaq. İşğaldan azad edilmiş ərazilərə qayıdış proqramının həyata keçirildiyi şəraitdə həmin məkanlardakı vətəndaşlarımızı təqribən 10 min silahlı erməninin yaratdığı təhdid qarşısında qoya bilmərik. “Müstəqillik, suverenlik” və ya “əlahiddə geniş muxtariyyət” kimi xəyallar isə ilğımdır: Bakı heş vaxt buna razı olmayacaq.

4. “Blokada, aclıq, humanitar fəlakət” şüarçılığının davam etdirilməsi. Ermənistanın, qarabağlı erməni separatçılarının və dünyanın bir sıra ölkələrindəki erməni diasporunun təsir etdikləri siyasətçilərlə təşkilatların, habelə bəlli dövlətlərin tələblərinə rəğmən, Bakıya təzyiq mənasız və qeyri-effektiv strategiyadır. Çox sadə vəziyyətdir: bu məsələdə Azərbaycana təzyiqlər artdıqca, ölkəmizin mövqeyi sərtləşir.

Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsi ləğv edilməyəcək, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədində Laçın yolu marşrutunda “dəlik” yaradılmayacaq, ermənilər Ermənistandan Xankəndinə və əks istiqamətdə heç bir yoxlama, təftiş, nəzarət olmadan “sərbəst” hərəkət edə bilməyəcəklər. Çünki bu, sadəcə, Azərbaycanın çox prinsipial məsələdə geri çəkilməsi yox, həm də ölkəmizin suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərini heçə sayması olardı.

Bakı qarabağlı ermənilərə ərzaq, gündəlik tələbat malları, yanacaq, dərman preparatları və s. ilə təminatda yaranmış problemlərin həlli üçün Laçın yoluna alternativ olaraq Ağdam-Xankəndi marşrutunu təklif edib. “Aclıq içində olan” qarabağlı ermənilər üçün məntiqlə, ərzaq təminatının istiqaməti önəm daşımamalıdır. Amma onlar Ağdam-Xankəndi yolunda, Əsgəranda yolu beton bloklarla bağlayaraq marşrutdan boyun qaçırıblar.

Bakı səbrli davranır. Qarabağlı ermənilər humanitar yardım istəyirlərsə, Ermənistandan bu yardımlar şərti dövlət sərhədini Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Zəngilan istiqamətlərində keçirməklə Xankəndinə daşına bilər. Lakin ermənilər israrla Laçın yolunun açılmasını tələb edirlər. Bu isə problemi siyasiləşdirmək, danışıqlar prosesinə “humanitar müşküllər” idefiksini əlavə etmək və sülh sazişinin imzalanması prosesini illərlə davam edəcək “status, hüquq, humanitar məsələlər toplusu və s”. kimi evfemizmlərlə zəhərlənmiş uzun-uzadı istiqamətə yönləndirmək cəhdidir.

5. Yeni müharibə ehtimalı. Təbii, Ermənistanın aqressivliyə meylli açıqlamalarını, vaxt uzatmaq niyyətini, ermənilər arasında revanşist, zooloji millətçi və irqçi ideologiyaların hələ də güüclü olduğunu nəzərə alsaq, Azərbaycanla Ermənistan arasında yeni hərbi əməliyyatların başlana biləcəyini birmənalı olaraq istisna etmək olmaz. 2-ci Qarabağ Müharibəsində kapitulyasiyaya uğradılmış Ermənistanın cəmiyyətində “itirilmiş torpaqların geri alınması” çağırışları ilə yanaşı, “süni dövlət Azərbaycanın tam ələ keçirilməsi”, “qədim erməni şəhəri Bakının azad edilməsi” çağırışları da səngimir. Rusiya Federasiyasının laqeyd davranışı, İranın ermənilərə yeni “hami” olmaq planları, xüsusilə də Fransa və Hindistanın merkantil geosiyasi məqsədlərini reallaşdırmaq üçün Ermənistanı sürətlə silahdandırmaq planları Ermənistandakı revanşizmi daha da gücləndirir.

Fəqət, yeni müharibə sözün əsl mənasında Ermənistanı onillərlə geri ataraq fəlakətlərlə üzləşdirəcək. Ermənilərin gözləntilərinin və illüziyalarının tam əksinə olaraq, müharibə başlarsa, heç bir dövlət aşkar şəkildə, bilavasitə Azərbaycana qarşı hərbi əməliyyatlara qoşulmayacaq. Döyüşlər başlarsa, “hami”lərin Ermənistana dəstəkləri yalnız bəyanatlar və açıqlamalar, ən yaxşı halda hərbi texnika və silah-sursat göndərişləri ilə bitəcək. Üstəlik, həmin göndərişlər irimiqyaslı, daimi olmayacaq. “Qərb Ukraynanı dəstəklədiyi kimi, müharibədə bizi də dəstəkləyəcəklər” ideyası ermənilərin bir qisminin şüurlarını güclü kimyəvi reagent kimi zəhərləsə də, onların reallığa dönüşləri çox acı ola bilər. Ermənistanın baş naziri Nikol Paşinyan bunu anlayır, bilir ki, yeni müharibə Cənubi Qafqazda yeni sərhədlər deməkdir.

O sərhədlərdə Ermənistanın hüdudları necə olacaq – təxminləmək belə, çətindir.

Sadalanan illüziyalar, xəyallar və niyyətlər erməniləri çaşdırmamalı, onlarda yalan təsəvvürlər yaratmamalıdır.

Gerçəklər daim xülyaları puç edir.

Ermənilər bunu unutmasın.

Elçin Alıoğlu

TREND


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button